Əlaqə Arxiv
news Image
2020.04.15
10:51
| A A A
Neft bazarı yeni mühüm dəyişikliklər ərəfəsində
İlham Şaban: “Maydan başlayaraq artıq gündəlik hasilatın 15-20 milyon barrel həcmində azalacağını görəcəyik” Fuad Rəsulov: “Hər bir halda hasilatı azaltmaq gərək olacaq”

Aparılan danışıqlardan görünən odur ki, OPEC+ tərəfindən gündəlik neft hasilatını elan edildiyi kimi, 10 milyon barel yox, əslində 20 milyon barel azaltmaq məqsədi qarşıya qoyulub. Bunu ABŞ prezidenti Donald Tramp “Twitter” hesabında yazıb.
“Buna bənzər nəsə baş versə, dünya da COVID-19 fəlakətindən dönüb işlərinə qayıtsa, enerji sənayesi əvvəlki kimi, indi güman etdiyimizdən xeyli güclü olar. Bu böyük işləri yoluna qaytarmaq üçün mənimlə bir yerdə çalışan hər kəsə, xüsusilə də Rusiyaya və Səudiyyə Ərəbistanına təşəkkür edirəm”, - ABŞ lideri qeyd edib.
Xatırladaq ki, Rusiya ilə Səudiyyə Ərəbistanı arasında neftin gündəlik hasilatı məsələsində yaşanan fikir ayrılığı, habelə koronavirus pandemiyası neftin qiymətinin kəskin şəkildə düşməsinə səbəb oldu.  Bu vəziyyət ABŞ-ı narahat etdiyindən bu ölkənin prezidenti Əl-Riyad və Moskvanı danışıqlara gəlməyə çağırdı. Nəticədə ötən bazar günü OPEC+ formatının iştirakçı ölkələri hasilatın 2018-ci ilin oktyabr ayı səviyyəsinə nisbətən cari ilin may-iyun ayları üçün 23% (9,7 milyon barel), ilin sonunadək 18% (7,7 milyon barel), 2022-ci ilin 30 aprel tarixinədək 14% (6 milyon barel) azaltmaq barədə razılığa gəliblər. Səudiyyə Ərəbistanı və Rusiya hasilatı azaltmağı 11 milyon barel səviyyəsindən hesablayacaq. Həmçinin hasilatı günə cəmi 100 min barel azaldacaq Meksikaya düşən kvotanın qalan hissəsini ABŞ qarşılayacaq.
Neft-qaz məsələləri üzrə ekspert İlham Şaban bildirdi ki, may ayından başlayaraq gündəlik neft hasilatının 15-20 milyon barrel həcmində azalacağını müşahidə edə bilərik: “ABŞ Prezidenti Donald Tramp açıqlamasında etiraf edib ki, gündəlik neft hasilatı özünün pandemiyadan əvvəlki mövqelərinə qayıdacaq.  Sadəcə Trampın həmin açıqlamasını elə başa düşmək lazım deyil ki, həqiqətən də gündəlik neft hasilatını 20 milyon barrelədək azaltmaq mənasını daşıyır.  Çünki mart ayının sonundan başlayaraq neftə olan tələbat ona görə yüksəkdir ki, ölkələr onu yığım məqsədilə alır.  
Əslində, ABŞ-ın özündə, o cümlədən Çində, Avropada iqtisadiyyatlar zəifləyib və daralıb.  Pandemiya ilə bağlı olaraq tədricən avtomobildən, aviasiyadan istifadə azalıb, habelə sənaye sahəsində zavod və fabriklər fəaliyyətlərini ya tamamilə dayandırıb, ya da ki, zəif templə işləyirlər. Ancaq buna rəğmən, neft istehsalı azalsa da, hələlik qiymətlərə yüksəlmək  səviyyəsində təsir etmir.  Ehtiyat neft anbarları dolandan sonra isə hasilat da kifayət qədər azalacaq. Bu azalmadan sonra may ayından başlayaraq artıq gündəlik hasilatın 10 milyon səviyyəsində deyil, 15-20 milyon barrel həcmində azalacağını görəcəyik.  Fikrimcə, Tramp məhz buna işarə edib”.
Xəzər Universitetinin prorektoru, neft-qaz mütəxəssisi Fuad Rəsulov isə bu məsələdə hələlik optimist olmadığını dedi: “Hələlik gündəlik neft hasilatını 10 milyon barrel azaltmağa belə real olaraq başlamayıblar. 20 milyon barrelə qədər hasilatın azaldılması isə ən azından orta müddətlik dövr üçün nəzərdə tutulub.  Karantin, koronavirus məsələsi aradan qaldırıldıqdan sonra, hər bir halda hasilatı azaltmaq lazım olacaq. Çünki indilikdə kifayət qədər çox ehtiyat toplanıb.  
Eyni zamanda, iqtisadiyyatın  2019-cu il səviyyəsinə çatması üçün ən azından 1-2 il tələb olunacaq. Hər bir halda hasilatı azaltmaq gərək olacaq, bu mütləqdir. Bununla belə qiymətlərin bahalaşacağı barədə hələlik optimist deyiləm.  Çünki Səudiyyə Ərəbistanı hələ də neft müharibəsini davam etdirir.  Bugünkü gündə neft istehsalçıları nəinki öz bazarlarını itirmək istəmir, hətta bu bazarları genişləndirmək uğrunda mübarizəyə girişirlər.  Əl-Riyad danışıqlar bitəndən sonra ola bilsin hasilatı azaltsın. Ancaq bununla belə, həmin ölkə neftin qiymətini aşağı salmaqda davam edir. Digərlərilə müqayisədə qiyməti 4-5 dollar ucuz satmağı düşünür. Nəticədə digər rəqiblərini bazarı tərk etməyə məcbur edir. Bu da ondan irəli gəlir ki, hər bir istehsalçı öz marağını güdür.  Ona görə də ABŞ Prezidentinin dediyi həmin fikir reallaşsa belə, neftin qiymətinin bahalaşacağı məsələsində optimist deyiləm”. 
Rüfət NADİROĞLU

 

 

 

 

Sizin Reklam Yeriniz