Əlaqə Arxiv
news Image
2016.09.07
11:54
| A A A
Zəfər Vəliyev: “Nə Novakın, nə də Xalid əl-Falihin Əlcəzairdə olacaq forum ərəfəsi bu kimi çıxışlarını ciddiyə almağa dəyməz”!

Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının sabitləşdirilməsilə bağlı qərar qəbul ediblər. Belə ki, neft bazarında sabitliyin bərqərar olması ilə bağlı Moskva ilə Əl-Riyad arasında birgə bəyanat imzalanıb. Bəyanatın altında Rusiyanın energetika naziri  Aleksandr Novak və Səudiyyə Ərəbistanının energetika, sənaye və mineral ehtiyatlar naziri Xalid əl-Falih imza qoyublar. Tərəflər birgə bəyanatda karbohidrogen ehtiyatları bazarında izafi tərəddüdlərin azaldılmasının zəruriliyini qəbul etdiklərini bildiriblər. Razılaşmaya görə, oktyabr ayında Rusiya və Səudiyyə Ərəbistanı neft-qaz sahəsində əməkdaşlıq üzrə işçi qrupunun ilk iclasını keçirəcəklər. Oktyabrda Əlcəzairdə, noyabrda isə Vyanada bəyanatı imzalamış iki naziri görüşləri olacaq. Rusiya və Səudiyyə Ərəbistanının neft hasilatının sabitləşdirilməsilə bağlı birgə qərarı görəsən neft bazarına nə vəd edir? 

Neft və qaz məslələri üzrə ekspert Zəfər Vəliyev bildirdi ki, neft hasilatının sabitləşdirilməsilə bağlı iki ölkənin verdiyi birgə qərarın neft bazarına heç bir real təsiri olmayacaq: "Sentyabr ayının sonlarında Əlcəzairdə keçiriləcək enerji forumunda həm OPEK-ə üzv, həm də ondan kənar neft hasil və ixrac edən dövlətlərin qeyri-formal bir görüşü nəzərdə tutulub. Bu görüş ərəfəsində də əsasən neft hasil edən ölkələrin rəhbərləri beynəlxalq neft bazarında tarazlıq və uzun müddətli balansın bərqərar olması ilə bağlı bəyanatlar verməyə başlayıblar. Bu istiqamətdə ilkin bəyanat da Əlcəzairin neft nazirindən gəldi. Ardınca OPEK-in hazırkı rəhbəri tərəfindən də anoloji bəyanat verildi. Sonra da Səudiyyə Ərəbistanının energetika naziri bəyanat verdi ki, hazırda neft bazarlarına hər hansı bir təsirin və  yaxud intervensiyanın edilməsinə ehtiyac yoxdur. Onun bildirdiyinə görə hazırda beynəlxalq neft bazarları düzgün xətt üzrə inkişaf etməkdədir. Daha sonra Rusiya energetika naziri Novak da neft bazarlarında uzun müddətli tarazlığın saxlanılmasına təsir edən əks bir fikirlə çıxış etdi. O qeyd etdi ki, hazırda hasilat həcmlərinin aşağıya salınmasına elə bir lüzum yoxdur. Hesab edirəm ki, həm Rusiya, həm də Səudiyyə Ərəbistanı energetika nazirlərinin fikirlərində müəyyən dərəcədə əsas da vardır. Çünki qarşıdakı aylarda OPEK-in digər üzvləri tərəfindən ola bilsin sutkalıq hasilat həcmi artsın. Məsələn, hazırda Liviyada sutkalıq neft hasilatı 300-350 min barrel arasındadır. Halbuki bu ölkədə "ərəb baharı"ndan əvvəl sutkalıq hasilat 1,6 milyon barrelə çatırdı. İki ay öncə isə Ankarada Liviyadakı həm şərq, həm də qərb qruplaşmaları arasında saziş imzalandı. Həmin sazişə görə hər iki qruplaşma ölkədə neft hasilatının həcmini heç olmasa sutkalıq 600-700 min barrel səviyyəsinə çatdırmaq və ixrac terminallarının əvvəlki iş ahəngini bərpa etməklə bağlı öhdəlik götürdülər. Nigeriyada neft infrastrukturlarına edilən həmlələrdə bir qədər ləngimələr var. Baxmayaraq ki, bir neçə gün öncə bu ölkənin neft infrastrukturlarına həmlələr oldu. Bu həmlələr nəticəsində Nigeriyada sutkalıq neft hasilatı 1,4 milyon barrelə qədər enib. Halbuki, əvvəl bu 2,1 milyon barrel civarında olub, yəni 700 min barrel azalma var. Amma burada neft bazalarına basqın edən sialhlı təşkilat hökumətlə də müəyyən bir razılığa gəlib . Belədə bu dövlətlərin haqqıdır ki, hasilat həcmlərini artırsın.  Beynəlxalq neft biznesində kifayət qədər təcrübəyə sahib İran da hasilat həcmini artırmaqda qərarlıdır. Həmin bu məsələlər gündəmə gələndə İran neft naziri açıq şəkildə bəyan etdi ki, Tehran beynəlxalq neft bazarlarında tarazlığa yönəlik istənilən addımları dəstəkləyir. Lakin beynəlxalq neft bazarı oyunçuları İranın sanksiyalardan öncəki satış bazarlarına qayıdış haqqını tanımalıdırlar. Bu o deməkdir ki, İran da hasilat həcmlərini artırmaqda israrlıdır. Belə olan halda  inanmıram ki, daim rəqabətdə olan Səudiyyə Ərəbistanı ilə İran bir-birinə güzəştə getsin.  Baxmayaraq ki, Əl-Riyad dünəndən başlayaraq Asiya və Amerika bazarlarına ixrac etdiyi neftin qiymətini qaldırdı, amma Avropa bazarlarına verdiyi neftin qiymətini isə əksinə, aşağı saldı. Bu o deməkdir ki, Əl-Riyad Avropanın neft bazarında Rusiya və İranla kəskin rəqabətə girib. 

Ona görə də nə Novakın, nə də Xalid əl-Falihin Əlcəzairdə olacaq forum ərəfəsi bu kimi çıxışlarını ciddiyə almağına dəyməz. Beynəlxalq neft bazarları artıq elə həssas olublar ki, istənilən bir vəzifəli şəxsin bir bəyanatı bütün məsələləri həll edir. Tutaq ki, tarazlıq bərqərar oldu və neftin qiyməti bir qədər bahalaşdı, qiymət qalxan kimi ABŞ-da şist neftin hasilat həcmində artımlar müşahidə olunacaq. Bilirsiniz ki, 9 həftədən çoxdur Amerikada aktiv qazma quyularının sayı durmadan çoxalır. Artıq belə quyuların sayı 406-ya çatıb. Keçən il isə 680 ədəd idi, 2014-cü ildə isə 1400-dən çox olub. Yəni beynəlxalq neft bazarında qiymətlər 50 dolları keçən kimi ABŞ-da neft hasilatı həcmi artmağa və aktiv qazma quyularının sayı da çoxalmağa başlayacaq. ABŞ-a bir ay vaxt lazımdır ki, həmin quyuların fəaliyyətini bərpa etsinlər. Yəni hazırda beynəlxalq neft bazarı belə bir situasiya ilə üzləşib. Eyni zamanda hazırda ehtiyatda kifayət qədər fiziki neft həcmləri mövcuddur. Enerji bazarlarında da həmçinin kifayət qədər neft məhsulları var. Yəni bazar həddən artıq aşıb-daşır. Ona görə də ilk olaraq bu rezervlər həzm edilməlidir ki, neftin qiymətində də müəyyən artmalar və bazarlarda tarazlıq  baş verə bilsin. 2011-2014-cü illər arasındakı neftin beynəlxalq bazardakı qiyməti üç rəqəmlə ölçülürdü, bu gün tarazlığın bərqərar olmamasının birinci səbəbi də məhz həmin 3 ildə mövcud olan qiymət siyasəti olub. O dövrdə hasilat həcmlərinə kifayət qədər investisiya qoyulub. İndi də onun əziyyətini çəkirik. İkinci bir tərəfdən, beynəlxalq neft bazarı şəffaf bazar deyil. Burada siyasi həmlələr, spekulyativ amillər də baş verir. Gah uzun, gah da qısa müddətli neft kontraktlarına, opsionlarına üstünlük verirlər. Bu da möhtəkirlikdir. Ona görə də düşünürəm çətin ki, həmin Əlcəzair görüşündə müəyyən bir razılığa gəlinə bilinsin. Hər bir dövlətin öz maraqları var. Səudiyyə Ərəbistanından tutaq ki, razılıq alındı, onu necə nizamlayacaqlar? Elə bir ölçü və yaxud nəzarət sistemi varmı ki, Səudiyyə Ərəbistanı, yaxud Rusiyanın sutkalıq neft hasilatına, ixraca nəzarət edə bilsinlər? Bu işlər şəffaf deyil".


Sizin Reklam Yeriniz