Prezident İlham ƏLİYEV: “Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir”
Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə aparıldığı, dövlət strukturları tərəfindən əhalinin sağlamlığı ilə bağlı mühüm addımlar atıldığı bir vaxtda bəzi vəzifəli şəxslər vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə ciddi zərər vurur, hüquqazidd əməllərə yol verirlər. Təbii ki, bu cür hərəkətlər hüquq-mühafizə orqanlarının diqqətindən yayınmır, aşkarlanan korrupsiya və rüşvətxorluq kimi mənfi meyillər aradan qaldırılır, onları törədən məmurların qanun qarşısında məsuliyyətə cəlb olunması reallaşdırılır.
Belə bir narahatlıq doğuran bəla ilə mübarizənin miqyasının getdikcə genişləndirilməsi, əslində, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli islahatların ən əsas elementlərindən biridir. Bununla bağlı ölkə səviyyəsində həm inzibati, həm də institusional üsullardan geniş istifadə olunması da məhz qeyd edilən fikrin bariz ifadəsidir.
Yeri gəlmişkən, cənab İlham Əliyev prezidentlik fəaliyyəti dövründə korrupsiya və rüşvətxorlun aradan qaldırılmasını daim diqqət mərkəzində saxlayıb. Bu istiqamətdə ardıcıl qərarlar verib, müvafiq proqramlar imzalayıb. Atılan bu addımlar isə sosial-iqtisadi islahatların gerçəkləşdirilməsinə mənfi təsir göstərən, ayrı-ayrı sahələrin davamlı inkişafına əngəl törədən, ən başlıcası isə ədalətli cəmiyyət quruculuğunu ləngidən halların qarşısına sədd çəkməklə ölkənin gələcək dayanıqlı inkişafının şərtləndirilməsi məqsədi daşıyıb.
Əminliklə deyə bilərik ki, son vaxtlar korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılması postpandemiya dövründə sosial-iqtisadi inkişafı daha da sürətləndirəcək, yerli və beynəlxalq səviyyəli layihələrin müsbət nəticələrlə yekunlaşmasına əlverişli şərait yaradacaq. Regional inkişaf məsələlərində nəzərə çarpan əngəllərin aradan qaldırılmasına müsbət təsir göstərəcək. Başqa sözlə, bölgələrin davamlı tərəqqisinə maneə yaradan bəzi məmurların ifşası yerlərdə yeni innovativ və daha səmərəli inkişaf modellərinin tətbiqinə yol açacaq. Bütün bunlar isə daha təminatlı, davamlı və uğurlu gələcəyin qurulmasına xidmət edəcək. Eyni zamanda, respublikada xalq-iqtidar birliyini daha da möhkəmləndirəcək, cəmiyyətin öz Prezidentinə inam və etimadını gücləndirəcək.
Korrupsiya və rüşvətxorluğun əhalinin sosial şəraitinin yaxşılaşması istiqamətində görülən işlərin səmərəliliyinə mənfi təsir göstərməsi, bununla ölkədə sabitlik və əmin-amanlığa real təhlükə yaratması, eyni zamanda, beynəlxalq aləmdə mövqelərimiz barədə mənfi imic formalaşdırması da sirr deyil.
Prezident İlham Əliyev mayın 13-də Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən, bu barədə ətraflı danışıb. Dövlətimizin başçısı bu cür xoşagəlməz hallara qarşı bundan sonra da ciddi mübarizə aparılmasının zəruriliyini vurğulayıb. Ölkə rəhbəri daha sonra deyib: "Bu mübarizə bu gün öz nəticələrini verir. Mən bunu bir neçə dəfə demişəm ki, xoşagəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq. Bugünkü mənzərə bunu göstərir. Artıq beş icra hakimiyyəti başçısı həbs olunub və bütün o videomateriallar, ondan sonra istintaq materialları göz qabağındadır. Yəni, kasıb insanın çörəyini kəsmək, ona çatacaq vəsaiti mənimsəmək ən böyük cinayət sayıla bilər. Pandemiya dövründə aztəminatlı təbəqəyə nəzərdə tutulmuş yardımı vəhşicəsinə mənimsəmək vicdansızlıq və cinayətdir. Tutulan o beş icra hakimiyyəti başçısının beşi də bu çirkin əməllərlə məşğul olub...".
Dövlət başçısı hər bir ölkə vətəndaşının marağına, mənafeyinə xüsusi diqqət yetirir, fəaliyyətində də xalqın dəstəyinə arxalanır, xalqla təması diqqət mərkəzində saxlayır, vətəndaşları narahat edən problemləri birbaşa onların dilindən dinləyir və bu məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verir. Elə buna görə də ölkəmizdə xalq-iqtidar birliyi getdikcə möhkəmlənir, xalqın Prezidentinə olan inamı getdicə artırır.
Korrupsiyaya və rüşvətxorluq kimi bir bəlanın ən böyük zərbəsi də məhz xalq-iqtidar birliyinə dəyir. Bu məsələdə isə əsas məsuliyyəti idarəetmə strukturlarında yüksək vəzifə tutan məmurlar, o cümlədən rayon icra hakimiyyətləri başçıları daşıyırlar. Dövlət başçısı onlara ümidləri doğrultmayacaqları təqdirdə cəzalandırılacaqlıarını da dəfələrlə xatırladmışdır: "Elə işləməlisiniz ki, xalq sizdən razı olsun. İlk növbədə, xalqa xidmət etmək və öz vəzifənizin öhdəsindən peşəkarcasına gəlmək sizin borcunuzdur. Digər tərəfdən, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparmalısınız. Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir".
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə reallaşdırılan hüquqi, institusional və kadr islahatlarının əsas xətlərindən birini təşkil edən korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması dövlət qulluqçularının şəffaf fəaliyyətinin təmin edilməsi və vətəndaş məmnunluğunun artırılması məqsədi daşıyır.
Hər bir məmur dövlətimizin başçısının xəbərdarlığından nəticə çıxarmalı və öz fəaliyyətlərində qanunsuz hərəkətlərə yol verməməlidirlər. Əks halda, indiyədək olduğu kimi, bundan sonra da belələri qanunun gücü ilə qarşılaşacaqlar.
Nəsimi rayon YAP Gənclər təşkilatının üzvü,
Həşimov Söhrab