İyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən açılmış artilleriya atəşi nəticəsində Tovuz rayonunun Ağdam kəndinin sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun həyatını itirməsi və Dondar Quşçu kəndinin ərazisində mülkü şəxslərin yaşayış evinin, həyətyanı torpaq sahələrinin atəşə tutulması Ermənistanın əsl mahiyyətini- alçaqlığını və rəzilliyini bir daha nümayiş etdirdi.
Bu, həm də Azərbaycan Ordusunun sarsıdıcı zərbələrinə tab gətirməyən və çoxlu sayda itki verən işğalçı ordunun düşdüyü çarəsiz və gərgin psixoloji durumun göstəricisidir. Ordumuzun adekvat cavab tədbirləri qarşısında aciz qalan ermənilər mülkü əhaliyə atəş açmaqla qisas almağa çalışırlar. Mülkü əhaliyə atəş açmaq isə bütün beynəlxalq konvensiyalarla qadağan olunur və yolverilməzdir. Ona görə də, Ermənistanın bu hərəkətinə beynəlxalq qurumlar, ilk növbədə, ATƏT-in Minsk qrupunun həmsədrləri təcili münasibət bildirməli və onu qəti şəkildə pisləməlidirlər.
Politoloqların fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyanın son dövrlər üzləşdiyi çətinliklər onu belə təxribatlara əl atmağa sövq edir. Qeyd etmək lazımdır ki, Ermənistan silahlı bölmələri dəfələrlə belə əməllər törədib, mülki əhaliyə, hətta azyaşlı uşaqlara qarşı vəhşiliklər edib. Tovuz və digər bölgələrdə təsərrüfatla məşğul olan insanların mütəmadi atəşə tutulması faktları əvvəllər də baş verib. Bütün bunlar müharibə qaydalarına tamamilə ziddir. Ermənistan hərbçiləri müharibə dövrünün qaydalarına uyğun olmayan əməllərlə məşğuldurlar. Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni faşizminin və barbarlığının əyani təzahürüdür. Bir daha xüsusi olaraq qeyd edirəm ki, beynəlxalq ictimaiyyət, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistan hərbi bölmələrinin dinc azərbaycanlı əhalini hədəfə götürməsinə reaksiya verməli və bunu ciddi qınamalıdırlar!
Gülmirə Məmmədova
Nəsimi rayon təhsil işçisi