Ermənistana satılan silahlar...
XX yüzilliyin ən faciəli və eyni zamanda nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi günü bu gündə də öz aktuallığını qoruyub saxlayır. Ermənistan bu günə qədər təhlükəsizlik sahəsində əməkdaşlığı əsasən Rusiya və KTMT-yə üzv olan Belarus, Qazaxstan, Qırğızstan və Tacikstan ilə inkişaf etdirməyə çalışır. Lakin Ermənistanın Rusiya ilə hərbi-siyasi əməkdaşlığı inkişaf etsə də, KTMT çərçivəsində digər dövlətlərlə əməkdaşlıq perspektivi yüksək olmayıb. Ermənistan tərəfindən Azərbaycan ərazilərini işğal etmək məqsədilə həyata keçirilən hər hansı bir hərbi əməliyyatlar hüquqi müstəvidə təcavüz kimi dəyərləndirilir.
Azərbaycanın bütün sülhsevər səylərinə baxmayaraq, Ermənistan özünün təcavüzkar siyasəti ilə problemin mərhələli şəkildə tənzimlənməsini hər vəchlə əngəlləyir, siyasi və hərbi təxribatlar vasitəsilə danışıqlar prosesini pozmağa çalışır. Ermənistan siyasi və hərbi təxribatlarını 2020-ci ildə də davam etdirib. Bildiyimiz kimi 2020-ci ilin 12 iyul tarixində dövlət sərhədinin Tovuz rayonu istiqamətində mövqelərimiz Ermənistan silahlı qüvvələri tərəfindən iri çarplı silahlardan atəşə tutulmuşdular. Çox keçmədən məlum oldu ki, döyüş başlamazdan bir neçə gün əvvəl təcavüzkar ölkəyə Serbiyadan çox sayda silah-sursat, o cümlədən minaatan və müxtəlif kalibrli döyüş sursatı göndərilib. Əslində bu, Ermənistan rəhbərliyinin Azərbaycanla sərhəddə hərbi təxribatı əvvəlcədən hazırladığını göstərən faktlardan biridir. Azərbaycan üçün belə bir ağır günlərdə Ermənistana - Serbiyanın hərəkətləri cəmiyyətdə anlaşılmazlığa və birmənalı olmayan reaksiyalara səbəb oldu ki, bu da təbii idi. Çünki Serbiya çətin günlərində həmişə Azərbaycanın dəstəyini hiss edib. 2014-cü il daşqınından sonra Serbiyaya ilk yardım etmiş ölkə məhz Azərbaycan olmuşdu. Koronavirusla mübarizə üçün Azərbaycan Serbiyaya humanitar yardım göndərmiş və ölkənin baş naziri Ana Brnabiç yardımı Azərbaycan-Serbiya dostluğunun təzahürü kimi dəyərləndirmişdi. Bu da hələ hamısı deyil. Azərbaycan Kosovonun birtərəfli qaydada müstəqilliyini elan etməsini tanımayan ölkələr arasında yer alır və birmənalı şəkildə Serbiyanın ərazi bütövlüyünə öz dəstəyini bəyan edib.
Ermənistana Serbiyada istehsal olunan silahların satılması faktına Azərbaycan hökumətinin reaksiyası özünü çox gözlətmədi. Serbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili Danitsa Veinoviç Belqradın Ermənistana böyük miqdarda silah-sursat verməsinə dair məlumatla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə çağırılıb. Serbiya Respublikasının Baş Nazirinin müavini və Daxili İşlər naziri Neboyşa Stefanoviçin Azərbaycana səfəri başlayıb və o artıq artıq Bakıdadır. O, eyni zamanda Milli Təhlükəsizlik Şurasının katibidir. N.Stefanoviç jurnalistlərə müsahibəsində qeyd etmişdi ki, mən inanıram ki, bu səfər və görüşlər vasitəsilə biz daha yüksək səviyyəli əməkdaşlığa nail olacağıq. Bizim məqsədimiz yalnız təhlükəsizlik sahəsində deyil, digər sahələrdə də əməkdaşlığı gücləndirməkdir. Qeyd edək ki, avqustun 7-də Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək, iyul ayında Ermənistan-Azərbaycan sərhədində Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirmiş, vəziyyətin araşdırılması ilə bağlı yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini qeyd etmişdi.
Ermənistanın sonuncu təxribatından bir neçə gün sonra - iyul ayının 17-dən avqust ayının 4-nə qədər Rusiyadan Ermənistana təyyarə ilə 7 reys silah daşınıb. Həmin hərbi sursatlar Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək Ermənistana göndərilmişdi. Qazaxıstan və Türkmənistanın Azərbaycan ilə yaxın siyasi və iqtisadi münasibətləri olmasına baxmayaraq, Ermənistana göndərilən silahların özlərinin hava məkanı üzərindən daşınmasına razılıq verməsi yolverilməz hadisədir.
Bu məsələ ilə bağlı avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib. Prezident İlham Əliyev Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana daşınan hərbi təyinatlı yüklərin həcminin 400 tondan artıq olduğunu bildirib və telefon zənginin əsas məqsədinin bu məsələnin aydınlaşdırılması olduğunu vurğulayıb.
Sirr deyil ki Rusiya əzəldən Ermənistanın siyasi və hərbi müttəfiqidir. Lakin sonuncu hadisələrdən sonra Rusiyanın Ermənistana hansı əsaslarla silah satdığı hələ ki məlum deyil. Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini həyata keçirən ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Rusiya bu addımları ilə işğalçı ölkəyə dəstək verir.
Fehruzzadə Xatirə Qurban qızı
Nəsimi rayon təhsil işçisi