Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar. Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edilib. Dağlıq Qarabağda xüsusi komitənin yaradılması və o komitəyə Qorbaçovun köməkçisi Arkadi Volskinin təyin edilməsi Qarabağın Azərbaycandan qoparılma planı idi. Volskinin vaxtında azərbaycanlılar o vaxt Dağlıq Qarabağın bəzi yerlərindən zorla çıxarılmış, ilk etnik təmizləmə siyasəti aparılmış, azərbaycanlılar Xankəndidən qovulmuşlar.
Tarixdən də məlum olduğu kimi, Ermənistan rəhbərliyinin hazırladığı planlar keçmişdə olduğu kimi indi də öz ölkəsini uçuruma aparır. İki il bundan əvvəl Ermənistanda dövlət çevrilişi baş verəndə Azərbaycan buna neytral qaldı. Çünki Azərbaycan tərəfi Koçaryan-Sarkisyan xuntasının hakimiyyətdən getməsində maraqlı idi. Nikol Paşinyan hakimiyyəti Azərbaycana qeyri-rəsmi kanallarla müsbət siqnallar göndərmiş, yalvarmış, vaxt istəmişdir. Paşinyan Ermənistanda daxili vəziyyətin ağır olmasını, keçmiş hakimiyyət nümayəndələrinin revanş almaq , danışıqlar prosesini pozmaq istəmələrini, özünün isə danışıqlara meyilli olmasını, məsələni həll etmək istəməsini demiş, atəşkəs rejiminin möhkəmlənməsini xahiş etmişdir. Paşinyan çevriliş nəticəsində hakimiyyətə gələndən bir ay sonra uğurlu Günnüt əməliyyatı keçirilsə də, Azərbaycan yeni hakimiyyətə qarşı keçmiş xuntanın revanşına yol verməmək üçün bundan PR məqsədilə istifadə etməmişdir.
Keçən iyul hadisələri baş verən zaman indi Ermənistan o məğlubiyyəti qələbə kimi qələmə verməyə çalışır. Azərbaycan tərəfinin təqdim etdiyi görüntülər Ermənistanın heç bir qələbə qazanmadığını təsdiqləyir. İyul hadisələri açıq silahlı təxribatdır. Artıq Minsk qrupunun həmsədr ölkələrinin birinin yüksək vəzifəli rəsmisi açıq bildirib ki, atəşkəsi Ermənistan tərəfi pozub. İyul təxribatından sonra avqust ayında mülki vətəndaşlara qarşı terror aktları, hərbçilərimizə qarşı hərbi təxribat törətmək üçün diversiya qrupu göndərilib və o diversiya qrupunun başçısı tutulub.
Cənab Prezidentimiz İham Əliyev qeyd edir ki, belə təxribatlar olduğu üçün danışıqlar haqda danışmaq məsuliyyətsizlikdir. O, həmçinin öz çıxışında söyləmişdir ki, “Mən hər zaman, bütün dövrlərdə Azərbaycan xalqına həqiqəti demişəm və hesab edirəm ki, bu, yeganə düzgün siyasətdir. Özümüz-özümüzü aldatmamalıyıq, xalqımızı aldatmamalıyıq. Danışıqlar getmir. Siyasi cəhətdən bu qüsurlu və ziyanlı bəyanatlar danışıqlar üçün yer qoymur. Bizim bir şərtimiz var, onlar bizim torpaqlarımızdan qeyd-şərtsiz və tam çıxmalıdırlar, bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrində öz əksini tapır.
Hazırda Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onların təmas xəttinə yaxın qüvvələrinin cəmləşməsi baş verir. Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq.”
Qeyd etmək istərdim ki, prezidentimizin Rusiya və Serbiya prezidentləri ilə birgə telefon danışıqları baş tutmuşdur. Öz narahatçılığını həmin dövlət başçılarına bildirmişdir. Eləcə də, prezidentimiz Gürcüstan hökumətinə öz təşəkkürünü bildirmişdir. Ona görə ki, Gürcüstan öz ərazisindən Ermənistana silahların daşınmasına imkan vermədi.
Tovuz hadisələri bir daha göstərdi ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, növbəti Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının təzahürü idi. Cənab Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana öz minnətdarlığını bildirmişdir.
Məlumdur ki, xalqımızın çox qəhrəman və igid övladları torpaqlarımızın müdafiəsi uğrunda şəhid olublar. Mübarizə yolları müxtəlif olsa da, hər birimizin vətən uğrunda tək bir məqsədi var: Qarabağı və digər rayonlarımızı düşmənlərin murdar caynağından qurtarmaq.
Birinci vitse-prezidentimizin Mehriban Əliyevanın dediyi kimi “Qarabağın hər bir kəndində və rayonunda Azərbaycan bayrağı dalğalanacaq.” Bunun üçün də biz xalq olaraq da əlimizdən gələni əsirgəməməliyik...
Nəsimi rayon gənci Azərbaycan Dillər Universiteti tələbəsi Əliyeva Zenfira Taleh qızı