İlham Əliyev: “Bizim əsgərlərimiz xilaskar əsgərlərdir”
Mənfur ermənilər sentyabrın 27-də səhər saat 6 radələrində Azərbaycana qarşı növbəti hərbi təxribata başladılar. Bu təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulub. Bu təcavüz nəticəsində dinc əhali və hərbi qulluqçular arasında yaralananlar və həlak olanlar var. Təbii ki, Azərbaycan ordusu öz xalqımızı və torpaqlarımızı müdafiə etmək üçün təcavüzkara cavab verməli idi. Şiddətli döyüşlər nəticəsində Azərbaycan ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Torpaq uğrunda, Vətən uğrunda döyüşlər davam edir. Azərbaycan xalqı öz şanlı ordusuna və qətiyyətli prezidentinə inanır və qələbənin çox yaxın günlərdə olacağına əmindir.
“ Mən hər bir vətəndaşın prezidentiyəm” deyən İlham Əliyevi bu gün xalqının yanında olduğunun bir daha şahidi oluruq.
Sentyabrın 30-da möhtərəm prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər.
Dövlətimizin başçısı görüşdə çıxış edərək, yaralılara Allahdan şəfa, həlak olanlara isə Allahdan rəhmət diləmiş və həkimlərin səyi nəticəsində onların tezliklə sağalıb normal həyata qayıdacaqlarını vurğulamışdır.
Cənab prezident demişdir: “erməni xalqı bunu anlamalıdır ki, 30 ilə yaxın başqa dövlətin torpağını zəbt etmək, orada bütün binaları, bütün tarixi abidələri dağıtmaq, 1 milyondan çox insanı öz doğma torpağından didərgin salmaq, Azərbaycan xalqına qarşı soyqırımı törətmək cinayətdir. Biz tarixi ədaləti bərpa edirik, tarixi ədaləti! Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. Qarabağ xanlığının tarixinə baxmaq kifayətdir ki, hər kəs görsün, Azərbaycan xalqı əsrlər boyu bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bizim müqəddəs ocağımız Şuşa şəhəri azərbaycanlılar tərəfindən salınıb. Bu gün işğal altında olan torpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizim haqqımız çatır, bunu edirik və edəcəyik.”
Eyni zamanda, cənab İlham Əliyev Qarabağ qazilərinə də dövlət tərəfindən lazımi dəstək göstərilməsindən, onların məişət problemlərinin həll olunmasından bəhs edərək söyləmişdir: “ Siz də əmin ola bilərsiniz ki, dövlət sizin yanınızda olacaq və sizin tezliklə burada sağalıb normal həyata qayıtmağınız üçün həkimlər əllərindən gələni edirlər və edəcəklər. Mən bir daha demək istəyirəm ki, Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. “
Bütün xalqımız Ali Baş Komandanımız cənab İlham Əliyevlə fəxr edir, Onunla qürur duyur.
Vəliyeva Rumiyə, Nəsimi RİH Könüllüsü