Əlaqə Arxiv
news Image
2020.10.14
09:52
| A A A
İlham Əliyev “Biz Gəncə bombardmanının əvəzini döyüş meydanında verəcəyik”

Tarix boyu Azərbaycan torpaqlarına göz dikən ermənilər öz mənfur siyasətlərindən əl çəkməyərək uzun illər işğal etdikləri doğma torpaqlarımızda hər cür cinayətə əl atmaqdan çəkinməmişlər. Sentyabrın 27-dən başlayaraq Ali Baş Komandan İlham Əliyevin əmri ilə  Azərbaycanın yenilməz ordusu əzəli torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində əks-hücuma keçərək qısa müddət ərzində Cəbrayıl rayonunu, bir sıra kəndləri və strateji əhəmiyyətli yüksəklikləri düşməndən azad etmişdilər. Uğurlu hərbi əməliyyatların gedişində düşmən tərəfi xeyli sayda canlı itki vermiş, eyni zamanda düşmənin bir sıra hərbi texnikası, silah-sursat anbarı zərərsizləşdirilmişdir. 
Müharibənin gedişində Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin görüşü keçirilərək bəyanat qəbul edilmişdir. Bəyanata əsasən 2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunmuşdur. Lakin qarşı tərəf həmişə olduğu kimi yenə də beynəlxalq hüquq normalarına əməl etməyərək atəşkəs rejimini kobudcasına pozmuşdur. 
12 oktyabr 2020-ci il Prezident İlham Əliyev Türkiyənin “Haber Global” televiziya kanalına müsahibəsində Ermənistan hökumətinin beynəlxalq məsuliyyətsizliyinin davam etdiyini və onların Moskvada baş vermiş danışıqlara zidd hərəkətlər etdiyini vurğulamışdır. Müvəqqəti xarakter daşıyan humanitar atəşkəs sülh sazişi deyil. Bu humanitar məqsədli atəşkəsdir. Dövlət başçısı çıxında bildirmişdir ki, danışıqların formatını dəyişdirmək arzusunda olan rəsmi Yerevan öz məqsədinə nail ola bilmədi. Moskva danışıqlarının nəticəsi Azərbaycanın növbəti uğuru kimi qəbul olunmalıdır. Cənab Prezident “Münaqişənin siyasi yol ilə həll olunmasında Türkiyə fəal rol oynamalıdır. Türkiyənin regionda nüfuzu hər kəs üçün aydındır. Bu nüfuz artır və qardaş ölkəmizin beynəlxalq münasibətlər sistemində də əhəmiyyəti böyüyür. Söz sahibi olan Türkiyə ilə dövlətlər hesablaşmaq məcburiyyətindədir. Odur ki, Türkiyə problemin həllində iştirak etməlidir”. deyərək çıxışını davam etmişdir. İlham Əliyevin vurğuladığı kimi ordumuz doğma torpaqlarımızın azadetmə missiyasını davam etdirir, strateji yüksəkliklərin əldə olunması Azərbaycana taktik üstünkülər verir və Azərbaycan xalqı Dağlıq Qarabağa öz sülh həyatını qaytaracaqdır.
 Atəşkəs əldə olunduqdan sonra Azərbaycan tərəfi sözünə sadiq qalaraq atəşi dayandırdı və qərar verildi ki, diplomatik danışıqlarla barışıq əldə olunması üzrə fəaliyyətə başlayaq. Lakin, görünür cəbhə xəttində Azərbaycan tərəfinin əks-hücumu qarşı tərəfə dərs olmamışdır və mənfur düşmən yenidən çirkin əməllərindən əl çəkməyərək mülki əhaliyə hücum etmişdir. Gecə saatlarında Gəncə şəhəri “Toçka-U” raketi ilə atəşə tutulmuşdur. Ölkə başçısı müsahibənin sonunda “Biz Gəncə bombardmanının əvəzini döyüş meydanında verəcəyik. Biz saat 12-dən qüvvəyə minmiş atəşkəs rejiminə sadiqik, lakin görəndə ki, qarşı tərəf buna riayət etmir, biz də özümüzü müdafiə etməliyik.” deyərək Azərbaycan tərəfinin bu müharibədə bütün beynəlxalq hüquq normalarına riayət etdiyini bir daha sübut etmişdir. 
Fehruzzadə Xatirə 
Nəsimi rayon təhsil işçisi

 

Sizin Reklam Yeriniz