Əlaqə Arxiv
news Image
2016.10.07
09:15
| A A A
İslam dünyasının problemlərinin həlli birlikdən keçir
Vüqar Zifəroğlu: “İslam dünyasında süni şəkildə ortaya atılan problemlər çoxdur” Elşən Mustafayev: “Zaman-zaman bəzi liderlər bunu arzulasalar da, niyyətləri baş tutmayıb”

"Hazırda dünyada, o cümlədən bir çox müsəlman ölkəsində sabitliyə zərbə vuran müxtəlif neqativ proseslər, digər tərəfdən isə barışığı, sülh və əmin-amanlığı təcəssüm etdirən İslam dini haqqında yanlış rəy formalaşdırmaq cəhdləri bizi narahat etməyə bilməz". Bu sözləri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistlər Assosasiyasının konfransında çıxışı zamanı deyib. 

O bildirib ki, bütün ərəb dünyasını sarsıdan siyasi hadisələr, o cümlədən Fələstin xalqının milli müstəqillik uğrunda mübarizəsi, Suriyada hərbi əməliyyatlar, Ermənistanın Azərbaycana hərbi təcavüzü və Dağlıq Qarabağ münaqişəsi, digər bu kimi problemlər İslam aləmində davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına, stabil inkişafa maneə yaradan, habelə səylərimizin vahid məqsəd uğrunda səfərbər edilməsini zərurətə çevirən ciddi faktorlardır. 

Siyasilər də bu məsələdə birmənalı olaraq Əli Həsənova dəstək verirlər. Hesab olunur ki, İslam dünyasındakı problemlərdən çıxış yollarından biri məhz birləşməkdir.  Ancaq bu yolda İslam sivilizasiyanı kifayət qədər ağır sınaqlar gözləyir. 

"Oğuz" Müstəqil Araşdırmaçılar qrupunun rəhbəri Vüqar Zifəroğlu bildirdi ki, ümumiyyətlə, Yaxın Şərqdəki problemlər artıq uzun müddətdir davam edir: "19-cu əsrlərinin sonundan Qərbi Avropa ölkələri inkişaf etməyə başlayandan sonra İslam dünyasında problemlərin sayı daha da artmağa başladı. Problem odur ki, İslam sivilizasiyası vahid deyil. İslam sivilizasiyasında mövcud olan müxtəlif etnosların, millətlərin bir-birindən fərqli mədəniyyətləri və tarixən dəyişkən münasibətləri bu sivilizasiyanın vahid şəkildə formalaşmasına əngəllər törədir. Bunlar təbii səbəblərdir. Ancaq İslma dövlətlərinin parçalanmasına təbii səbəblərdən çox xaricdən müdaxilələr əngəllər törədib. 

Hazrıda İslam dünyasında süni şəkildə ortaya atılan problemlər çoxdur.  Məzhəbçilik, təriqətçilik hökm sürür. Bütün bunların hamısı İslam sivilizasiyasının daxilinə ayrılıq salıb. Azərbaycan da İslam sivilizasiyasının bir parçasıdır. Biz İslam sivilizasiyasının daim bir olmasını istərdik. Bu zaman problemləri də bir yerdə həll etmək mümkün olacaq. Amma İslam dövlətlərinin arasında problemlər qalmaqda davam edir. 

Aparıcı ərəb dövlətlərinin arasında rəqabət mövcuddur. Eyni zamanda Türkiyə ilə ərəb ölkələrinin arasında münasibətlər isti deyil. Pakistan İslam dünyasının fəxrediləsi ölkəsidir. Ancaq Pakistana İslam  dünyasında münasibət birmənalı deyil. Yəni, həm obyektiv, həm də süni səbəblər İslam dünyasında parçalanma yaradıb. Ancaq artıq İslam sivilizasiyasının birləşməsinin, bu cür problemləri birlikdə həll etməyinin zamanı çatıb. Hansı ki, bu da yalnız müsbət inkişafa təkan verə bilər. Yaxın Şərqdə vəziyyətin bu cür davam etməsi gələcəkdə İslam sivilizasiyasına müsbət gələcək ümidləri yaratmır".

Digər siyasi şərhçi Elşən Mustafayev bildirir ki, İslam dünyasında birləşmə təşəbbüslər zaman-zaman olub: "Konkretliyə gəldikdə isə İslam ölkələrinin birləşməsi bir qədər çətin məsələdir. Ancaq İslam dünyasının özündə illərdir, birlik olmamasına baxmayaraq, müəyyən məqamlarda bu istiqamətdə addımlar atılmasına cəhdlər olub. Elə ən böyük problemlərdən biri də birliyin yaradıla bilinməməsidir. 

Ərəb dünyasının özündə millət olaraq birlik yoxdur. Zaman-zaman bəzi liderlər bunu arzulasalar da, niyyətləri baş tutmayıb. Müəyyən məsələlərdə birgə hərəkət edə  bilərik. Amma ittifaq, hansısa ciddi blok, gücə qarşı dura biləcək mərkəz  ola bilməyimiz yaxın zaman üçün gözlənilmir. İslam dünyasının özündə yaşanan ciddi problemlər var ki, ilk növbədə onlar həll edilməlidir.  Həmin problemlər həll olunmadan hansısa birliyin yaradılması və onun effektiv güc olacağı inandırıcı görünmür".

Politoloq əlavə etdi ki, Azərbaycanın Qarabağ problem ərəb dövlətlərin yaşanan problemlərdən fərqlənir: "Amma Qarabağ probleminin həllində də İslam dövlətlərinin birlik nümayişi müəyyən rol oynaya bilər". 


Sizin Reklam Yeriniz