Əlaqə Arxiv
news Image
2016.10.18
09:00
| A A A
Türkiyə Qarabağ münaqişəsinin həllinə cəlb olunur

“Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında irəliləyiş Türkiyə-Ermənistan münasibətlərinin normallaşması üçün əsas olacaq”. |Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə münaqişəsinin nizama salınmasında pozitiv rol oynaya bilər: “Əgər Ermənistan və Türkiyə Qarabağ münaqişəsinə baxmayaraq, öz münasibətlərini yoluna qoya biləcəklərsə, biz bundan yalnız şad olacağıq. Lakin bizim fikrimiz budur ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması münaqişənin nizama salınmasından keçir”. S. Lavrov qeyd edib ki, Ermənistanın blokadan çıxarılması, regionda qarşılıqlı əməkdaşlığın qurulmasnda Türkiyə əhəmiyyətli rol oynaya bilər.
Rusiyalı diplomatın sözləri ilk baxışdan Türkiyəni də Qarabağın həllinə cəlb etməkdə maraqlı olduğuun göstərir. Politoloq Araz Aslanlı bildirdi ki, Qarbağ probleminin ortaya çıxmasında regiondan kənar güclərin regionla bağlı maraqları, mübarizələri rol oynayıb: “Problemin həlli ilə bağlı məsələdə də regiondan kənar amillər əhəmiyyətlidir. Xüsusən də Türkiyə son illər xarici siyasətdə fəallaşıb. Ümumiyyətlə, Qarabağ problemini düşünərkən Rusiya-Türkiyə münasibətlərini kənarda qoya bilmərik. Yəni, Rusiya-Türkiyə münasibətlərinin Qarabağ probleminin həllinə mütləq təsiri var.
Ancaq iki ölkə arasındakı münasibətlərində müsbət meyllərin uzunmüddətli xarakter daşıyıb- daşımayacağı önəmli məsələdir. Xüsusən də Rusiya buna nə qədər inanır? Türkiyənin hərəkətlərindən Rusiya ilə münasibətlərini yaxşılaşdırmaqda maraqlı olduğunu ayırd etmək mümkündür. Xüsusən də Cənubi Qafqaz, Yaxın Şərq və Orta Asiya regionunda Türkiyə Rusiya ilə əməkdaşlıq meyllərini artırmq istəyir. Amma Rusiyanın qarşılıqlı addımları hələlik Türkiyənin arzu etdiyi səviyyədə deyil. Əgər doğurdan da Sergey Lavrov açıqlamasında Rusiyanın niyyətini tam ortaya qoyursa, Rusiyanın səmimi niyyət varsa, Qarabağ məsələsində də müsbət nəticələrin ortaya çıxma ehtimalı yüksəkdir. Düzdür, Ermənistan bunu istəməsə də, Rusiya-Türkiyə yaxınlaşması səmimi olarsa, problemin həllinə ciddi töhfə verə bilər. Ancaq buna şübhələnməyə dəyər. Çünki, Rusiyanın da Türkiyə ilə bağlı şübhələri tam ortadan qalxmayıb. Yəni, Rusiya üçün bu sual maraqlıdır ki, Türkiyə münasibətlərdə strateji xəttə gələcək, yoxsa, manevr edir? Bu şübhələr ortadan qalxarsa və Rusiya Yaxın Şərq, Orta Asiya ilə də niyyətlərini dəyişərsə, töhfələr real olacaq. İndiki vəziyyətdə isə Rusiyanın çıxışları manevr xarakterlidir. Bunu Ermənistanın hərəkətlərindən müşahidə edə bilərik. Rusiya deyir, Ermənistan qarşı çıxır. Ancaq Rusiyanın niyyəti real olarsa, Ermənistanın qarşı çıxışı həlledici yox, kosmetik olacaq. O zaman isə problemin həlli daha real olacaq”.
"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, politoloq Vüqar Zifəroğlunun fikrincə, Türkiyənin münaqişənin həllinə cəlb edilməsi yalnız müsbət anlamda şərh edilə bilər: “Lakin erməni tərəfinin buna razı olmayacaqları da bəlli həqiqətdir. Rusiya sadəcə olaraq, Türkiyənin adını qabartmaqla, erməni tərəfinə müəyyən mesajlar ötürə bilər. Amma düşünmürəm ki, şimal qonşumuz səmimi şəkildə qardaş ölkənin münaqişənin həllində aktiv rol oynamasına imkan yaratsın”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz