Əlaqə Arxiv
news Image
2016.12.16
09:15
| A A A
Yəhudi lobbisi Azərbaycanın əsas dəstəkçiləri sırasında
Yevda Abramov: “Yəhudi lobbisi ilə sıx münasibətlər Azərbaycanın dünya miqyasında mövqeyinin daha da möhkəmlənməsinə, haqq səsinin daha geniş tribunalardan eşidilməsinə kömək edir və edəcək” Vüqar Zifəroğlu: “İsrail-Azərbaycan münasibətləri kifayət qədər səmimi və ciddi strateji əməkdaşlığa əsaslanan münasibətlərdir”

Azərbaycan və İsrail arasında münasibətər dinamik inkişaf edir. Bu fonda yəhudi lobbisinin də Azərbaycanla münasibətləri sıxlaşır. Milli Məclisin deputatı Yevda Abramov qeyd etdi ki, yəhudi lobbisi ilə sıx münasibətlər Azərbaycanın dünya miqyasında mövqeyinin daha da möhkəmlənməsinə, haqq səsinin daha geniş tribunalardan eşidilməsinə kömək edir və edəcək: “Cənab Prezident İlham Əliyev və İsrailin baş naziri Benyamin Netanyahunun Bakıda keçirilən görüşdə bir daha vurğuladıqları kimi, bizim İsraildəki diasporamız keçmiş Azərbaycan vətəndaşlarıdır. 

Bundan əlavə, dünyada yaşayan, xüsusən də böyük dövlətlərdəki yəhudi diasporu daim bütün məsələlərdə Azərbaycanın yanında olublar. Dağlıq Qarabağ məsələsində, Xocalı faciəsinin soyqırım kimi tanınmasında, Azərbaycanın apardığı haqq işinin beynəlxalq aləm və təşkilatlarda dəstəklənməsi işində yəhudi lobbisi ölkəmizə lazımı köməkliklər edib. Azərbaycan yəhudi lobbisindən dəstək alır. Bu dəstək də Azərbaycanın maraqlarına cavab verir. Bir sıra ölkələr var ki, orada erməni lobbisi güclüdür. Hələ XIX əsrin sonlarından başlayaraq ermənilər Fransa, İtaliya, ABŞ-da öz mövqelərini gücləndirməyə başlayıblar. Həmin ölkələrdəki erməni lobbisinə qarşı mübarizə aparmaq, onların yalan məlumatlarını ifşa etmək, haqq işimizi dünyaya çatdırmaq üçün Azərbayanın da güclü lobbisi olmalıdır. Bu işdə, siyasi, iqtisadi məsələlərin müzakirəsi ilə bağlı olaraq  Azərbaycan həm xaricdə yaşayan türklərin, həm də yəhudilərin dəstəyini hər zaman hiss edib. Bundan sonra da həmin dəstək davam etdiriləcək. İsrail bütün beynəlxalq təşkilatlarda Azərbaycanın apardığı haqq işi uğrunda mübarizədə onun yanındadır. Bu birmənalıdır”.
Politoloq Vüqar Zifəroğlu bildirdi ki, İsrail-Azərbaycan münasibətləri kifayət qədər səmimi və ciddi strateji əməkdaşlığa əsaslanan münasibətlərdir: “Məhz bu səbəbdən də İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri İran və eləcə də Rusiya tərəfindən müəyyən narazılıqlarla qarşılandı. Hətta İrandan Azərbaycanın ünvanına sərt açıqlamalar da oldu.
İsrail ölkəmiz üçün ciddi partnyordur və şübhəsiz ki, qarşı tərəfin ünvanımıza səsləndirdiyi ittihamlar əsassızdır. Azərbaycan neftinin dördədə birini İsrail alır. Eləcə də Azərbaycan İsrailin yüksək keyfiyyətli silahlarının alıcısıdır ki, bu da son dərəcə ciddi məqamdır. İsrail və Azərbaycan dronların birgə istehsalı ilə bağlı razılığa gəlib. Həmin dronlar Dağlıq Qarabağda aprel döyüşlərində uğurla sınaqdan çıxıb. İsrail Rusiyadan sonra Azərbaycana silah satan ikinci ölkədir. Azərbaycan Prezidenti İlham Əliyevin də bildirdiyi kimi, ölkəmiz bu günə qədər İsraildən 4 milyard 850 milyon dollar civarında hərbi texnika alıb. İki ölkə arasında 5 milyard dolarlıq hərbi əməkdaşlıq sazişi qüvvədədir. Halbuki İrana dəfələrlə silah satışı ilə müraciətlər edilməsinə rəğmən, “yox” cavabı almışıq.  Səfərdə başqa mühüm strateji məqam İsrailin öz qazını Azərbaycanla Türkiyə arasında inşa edilən boru xətləri ilə Avropaya nəql etmək istəyidir. Bu kəmər nəinki enerji əməkdaşlığının daha da inkişaf etməsinə təkan verəcək, həm də İsrailin Türkiyə və Azərbaycanla əməkdaşlığında ciddi və yeni səhifələr açacaq. Bu layihə İsrail qazı ilə doldurulacaq TAP və TANAP boru xətlərinin gələcək perspektivdə Rusiya qazına ciddi alternativ olacağına bir işarədir».
Rüfət NADİROĞLU

 

Sizin Reklam Yeriniz