Əlaqə Arxiv
news Image
2017.02.14
09:30
| A A A
Fransa Minsk qrupundan uzaqlaşdırılacaq?
Məhəmməd Əsədullazadə: “Avropa İttifaqı öz enerji təhlükəsizliyi maraqlarından çıxış edərək münaqişənin həllində daha da maraqlı olmalı və Ermənistana təzyiq etməlidir” Vüqar Zifəroğlu: “Həmsədrlərin dəyişdirilməsi, Türkiyənin ora əlavə edilməsi üçün ciddi iş aparmağın zamanı artıq çoxdan yetişib”

Xəbər verildiyi kimi, Fransa prezidenti Fransua Olland erməni diasporu ilə görüşdə bildirib ki, “Madrid prinsipləri” tətbiq olunarkən Dağlıq Qarabağ erməniləri özləri öz müqəddəratını müəyyən etməlidirlər. Bununla da Fransa həmsədr kimi vasitəçiliyini bir daha sual altına qoydu. Bu fonda artıq Fransanın başqa vasitəçi ilə əvəzlənməsi gündəmə gəlib. Siyasi şərhçilər Türkiyənin, hətta Avropa İttifaqının adını çəkilər.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə bildirdi ki, Fransa ATƏT-in Minsk qrupunun üzvü kimi dəfələrlə Parisdə Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü təşkil edib, vasitəçi missiyasını heyata keçirib: “Münaqişənin həlli istiqamətində bütün detallarla tanışdır və bütün həll variantlarında Azərbaycanın ərazi bütövlüyü təsbit olunub. Bütün sənədlərin hazırlanmasında Fransa həmsədr kimi iştirak edib. Diqqət etsək, qəbul edilən sənədlərdə ərazi bütövlüyü qeyd edilsə də, Azərbaycanın maraqlarına cavab verməyən bəndləri məhz Fransa ermənilərin istəyi ilə qeyd etdirməyə çalışıb. Təbii ki, bu ölkə prinsipcə, Ermənistanın maraqlarından çıxış edib və onun beynəlxalq dəstəkçisi kimi daima iş aparır.
 Fransa prezidenti F.Ollandın  erməni diasporu ilə görüşdə "Qarabağ xalqı" və "xalqların müqəddəratını" ifadələri  qərəzdən və beynəlxalq hüquqa hörmətsizlikdən irəli gəlir. Həmçinin Fransanın indiyə qədər apardığı vasitəçilik missiyasını fiaskoya uğradır və bundan sonra həmsədr kimi etibarsızlığına yol açır. F.Olland Polşada keçirilən NATO sammitində   məhz Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı da qeyd olunduğu sənədə imza atıb. İndi də Ermənistan maraqlarına və imzasının əksinə olaraq açıqlamaları, erməni diasporunun rəğbətini qazanmaqdan irəli gəlir”. 
Politoloq əlavə etdi ki, hazırda Azərbaycan Avropa İttifaqı ilə ikitərəfli strateji tərəfdaşlıq haqqında danışıqlara başlamaq üzrədir: “Sənədlərdə təhlükəsizlik məsələləri əsas faktordur. Azərbaycanın İttifaqı ilə genişlənən və sabitləşən əlaqələri imkan verir ki, bu qurumla Qarabağ konfliktinin həllində birgə əməkdaşlıq olunsun, vəo, vasitəçi kimi danışıqlara cəlb edilsin. Fikir versək, hazırda Rusiya danışıqlarda əsas dominatadır və status-kvonu saxlamağa çalışır.  Rusiyanın bu siyasəti məhz Cənubi Qafqazda dondurulmuş münaqişələri saxlamaqla, regionda Avropa İttifaqının genişlənmə siyasətinin qarşısını almaq, qurumun Cənubi Qafqazda təhlükəsizlik və enerji maraqlarını hədəf almaqdır. Ancaq Avropa İttifaqı öz enerji təhlükəsizliyi maraqlarından çıxış edərək münaqişənin həllində daha da maraqlı olmalı və Ermənistana təzyiq etməlidir.  Çünki Avropanı Rusiyanın enerji şantajından xilas edəcək  TAP və TANAP qaz boru kəmərinin başlanğıcı Azərbaycandan başlayır. Bu strateji qaz kəmərlərin təhlükəsizliyi Avropanın enerji təhlükəsizliyidir. Qarabağ münaqişəsinin uzanması  isə Avropanın cənub sərhədlərində riskləri artıracaq və enerji siyasətini təhdid edəcək. Avropa İttifaqı ilə əlaqələr inkişaf dinamikasında davam edəcəksə, Avropa da münaqişənin həlli ilə yaxından məşğul olmaq imkanına malik olacaq. Təbii ki, bu da Azərbaycanın maraqlarına cavab vercəcək”.
"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu bildirdi ki, daha optimal variant ATƏT-in Minsk qrupu həmsədrlərinin tərkibinin dəyişdirilməsi məsələsi ola bilər: “Bildiyiniz kimi, hazırki həmsədrlərin ümumiyyətlə, ATƏT-in Minsk qrupunun fəaliyyətini qənaətbəxş hesab etmək olmaz. Digər tərəfdən həmsədrlərin problemin özünə - işğal faktına münasibətləri normal deyil. Həmsədrlərdən biri olan Rusiya işğalçı dövləti Cənubi Qafqazda öz fortpostu olaraq görür və ona hər cür himayədarlıq etməkdədir. 
Digər həmsədr ABŞ-ın artıq neçə ştatında qondarma «erməni soyqırımı» iddiası qəbul edilib.  ABŞ ümumiyyətlə, erməni kartından hər zaman yararlanıb. Üçüncü həmsədr Fransanın isə bu məsələdə mövqeyi hər zaman ap-açıq ortada olub. Bu dövlət istənilən halda birmənalı şəkildə Ermənistanı dəstəkləyir. Belə olduğu halda ATƏT-in Minsk qrupundan hər hansı nəticələr gözləmək absurddur və zatən 22 ildə heç bir nəticə də olmayıb. Fikrimcə, həmsədrlərin dəyişdirilməsi, Türkiyənin ora əlavə edilməsi üçün ciddi iş aparmağın zamanı artıq çoxdan yetişib”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz