Əlaqə Arxiv
news Image
2020.07.31
12:50
| A A A
Qəhrəmanlar diyarı Azərbaycan!
Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır. Bu arzumuzu gözümüzdə qoymağa çalışan mənfur düşmənlərimiz hər zaman Azərbaycanın torpaqlarına göz dikmiş və bizə quyu qazmışdır. 
         Azərbaycan xalqı qorxmaz, cəsarətli və düşmənin cavabını layiqincə verən xalqdır. Bizim xalq qəhrəmancasına və qanı bahasına öz vətənini qoruyur. Bu qəhrəmanlığı görən və qorxan ermənilər bizimlə cəsarət edib təkbətək döyüşə bilmirlər. Ona görə də min bir hiylələrə əl atırlar. Qarabağın Azərbaycan Respublikasına aid olduğunu bütün dövlətlər bilir. Azərbaycan xalqı tezliklə öz əzəli torpaqlarını düşməndən azad edəcək.
        Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna əyani sübutdur. Eyni zamanda, bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirilmişdir və bu paradlarda bizim hərbi qüdrətimiz həm xalqımıza, həm dünyaya nümayiş etdirilmişdir. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, düşmənin elə bir hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Bu cür güclü ordumuzun olması xalqımızı həm sevindirir, həm də torpaqlarımızı geri qaytarmaq inamını yaradır. 
        Xalqımızın qəhrəman, cəsarətli və qorxmaz oğulları var. Bunlara nümunə kimi vətəni öz canından daha çox sevən, vətən uğrunda şəhid olan igidlərimizin adını qürurla çəkə bilərik. Azərbaycanın Mübariz İbrahimov, Polad Həşimov, İlqar Mirzəyev, Fərid Əhmədov kimi cəsur oğulları var. Ali Baş Komandanımızın bir əmrini gözləyən, torpaqlarımızı qanı bahasına geri qaytarmaq istəyən neçə-neçə oğullarımız var. 
        2016-cı ildə atəşkəsi şiddətlə pozan Ermənistan silahlı qüvvələri öz cavabını aldıqdan və çox saylı itkilər verdikdən sonra geri çəkilməyə məcbur qaldı. Onlar bir daha anladılar ki, artıq onların qarşısında silahsız, əliyalın millət durmayıb. Bu döyüşlər nəticəsində Lələtəpə yüksəkliyi düşməndən azad olundu. 1994- cü ildə düşməndən azad olunmuş Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin olundu. Aprel döyüşlərində 300-dən çox düşmən məhv edildi. Azərbaycan ordusu  düşmənə öz cavabını verərək, onlara matəm saxlatdı.
         Ermənilər yenidən təxribata əl atdılar. 2020-ci il 12 iyuldan etibarən, Tovuz rayonu istiqamətində atəşkəsi pozdular. Qəsdən və hədəflənmiş şəkildə təxribat törədərək yaşayış məntəqələrimizi, dinc əhalini iri çaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutaraq, hərbi qulluqçularımızı və mülki vətəndaşı şəhid etdilər. 
          Düşmənin bu təxribatlarına layiqincə cavab verən əsgərlərimiz onları susdurmuşdur. Qarşı tərəf 100-dən çox itki vermişdir. Aprel döyüşlərindəki kimi mənfur düşmənlərimiz bu dəfə də qorxaraq geri çəkildilər. 
        Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin dəfn mərasimi zamanı telefon vasitəsilə şəhid hərbi qulluqçuların ailə üzvlərinə dərin hüznlə başsağlığı verib.
        Ali Baş Komandan qeyd edib ki, vətən uğrunda şəhid olan hərbi qulluqçularımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq, onların qisası alınıb və alınacaq, qanları yerdə qalmayacaq. Prezident İlham Əliyev general Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin ailəsinə ev verib.
         Hər zaman bizə dəstək olan qardaş ölkə Türkiyə bu dönəmimizdə də yanımızda olduğunu və Azərbaycanı dəstəklədiyini bildirdi. Təkcə qardaş ölkə deyil, bir çox ölkələr Azərbaycana dəstək olduqlarını bildirdilər.
         Azərbaycan Respublikası tezliklə öz torpaqlarını mənfur düşməndən təmizləyəcək.
        Qarabağ bizim əzəli torpağımızdır, bu həqiqədi heç kim və heç nə dəyişə bilməz!
 Hüseynli Elşən Adil oğlu,
Nəsimi rayon gənci 
Sizin Reklam Yeriniz