Əlaqə Arxiv
news Image
2013.03.01
07:24
| A A A
Yol qəzalarının yeni əsrarəngiz səbəbləri üzə çıxır
Ölkəmizdə qeydə alınan qəzaların bir hissəsinin əsas səbəbi «yol gərginliyi» olur

Ölkə cəmiyyətində daim aktuallağını qoruyan, xüsusən də paytaxt sakinlərinin əsəblərini tarıma çəkən məsələlərdən biri də tıxaclarla bağlıdır. Lakin bu tıxaclar təkcə vaxt itkisinə səbəb olmur, həm də bir sıra sürücülərin əsəb və psixologiyasına da təsir edir. Elə yol qəzalarının sayının çoxalmasına bu faktorun da təsirsiz ötüşmədiyi danılmaz həqiqətdir.

Ümumiyyətlə, dünyada sürücülərin 80 faizi yol gərginliyindən əziyyət çəkir. Bu göstərici gənclər arasında xüsusilə yüksəkdir. Problem Azərbaycanda da aktualdır. "Yol gərginliyi" anlayış çoxları üçün yenidir. Amma onun mahiyyəti hər kəsə yaxşı tanışdır. Paytaxt Bakı küçələrində də gərgin və aqressiv sürücülər kifayət qədərdir. Mütəxəssislər "yol gərginliyi"nin yaranmasını müxtəlif obyektiv və subyektiv səbəblərlə izah edirlər. Əsas səbəb kimi yollardakı tıxaclar göstərilir. Sürücülər də bunu təsdiq edir. Psixoloqlar deyir ki, uzun müddət tıxacda qalmaq sinir sistemi zəif olan insanları hövsələdən çıxarır. Müşahidələr göstərir ki, sürücülərin aqqressiv davranmasına bəzən piyadaların qaydaları kobud şəkildə pozması səbəb olur. Piyada zolağından deyil, hərəkətin intensiv olduğu yerdən keçməyə çalışan piyadalar həm özlərini təhlükəyə atırlar, həm də sürücüləri. Xatırladaq ki, yol hərəkəti haqqında qanuna edilən əlavə və dəyişikliklərdən sonra nizamlanmayan yol ayrıcında və yaxud nizamlanan yol ayrıcında piyada keçidi varsa, piyada ordan hərəkət edən zaman sürücü piyadaya yol verməlidir. Sürücü yol vermirsə, 50 manat cərimə tətbiq olunur. Piyadalar da digər hərəkət iştirakçıları kimi işıqforun göstərişinə düzgün riayət etməlidirlər. Əks halda onlar da indiki qanunvericiliyin tələblərinə uyğun olaraq 20 manat məbləğində cərimə edilirlər.

Lakin yol qəzalarının səbəblər təkcə yuxarıda qeyd edilənlərlə də yekunlaşmır. Mütəxəssislər deyir ki, sosial durumu və şəxsi həyatındakı digər problemlər də sükan arxasında əyləşənləri məsuliyət hissindən uzaqlaşdırır. Araşdırmalara görə, 18-25 və 40-50 yaş arasında olan insanlar daha çox təhlükə altında olurlar. Buna səbəb gənclərin riskə meylliliyi, yaşlı nəslin isə problemlərinin çoxluğudur. Sürücülərin sükan arxasında əsəbləşməsi və tez hövsələdən çıxması çox vaxt qəzayla da nəticələnir. Bu səbəbdəndir ki, ölkəmizdə qeydə alınan qəzaların bir hissəsinin əsas səbəbi "yol gərginliyi" olub. Sürücülər kimi sərnişinlər də "yol gərginliyi"dən əziyyət çəkir. Araşdırmalar göstərir ki, bu problemlə daha çox qadınlar üzləşir. Dünyanın bir sıra ölkələrində problemi aradan qaldırmaq üçün müxtəlif vasitələrə əl atırlar. Məsələn, Britaniyada və Cənubi Koreyada avtomobilini texniki baxışa aparan sürücülərə psixoloji yardım təklif olunur və problemdən çıxış yolları göstərilir. Son illər yollarda avtomobillərin sayı həddən çox artan Azərbaycanda da "yol gərginliyi" problemi aktuallaşıb. Ölkəmizdə də yaranmış vəziyyətdən çıxış yollarının tapılmasına ehtiyac var.

Bununla yanaşı, araşdırmalar onu da göstərir ki, yol nəqliyyat hadisələrinin baş verməsində başlıca səbəb sürücülük mədəniyyətinin aşağı olmasıdır. Təhlillər göstərir ki, sürücülər əksər hallarda digər sürücülərə yol vermək istəmirlər. Qarşıda gedən avtomobillə sürət həddinə uyğun ara məsafəsi saxlanılmır. Ötmə əməliyyatı zamanı riskli hərəkətlərə yol verilir. Qarşıdan gələn avtomobil üçün qaçılmaz qəza şəraiti yaradılır. Cəmiyyətdə belə bir rəy formalaşıb ki, qəzaları təcrübəsiz sürücülər törədir. Amma araşdırmalar göstərir ki, qəzaları törədənlərin əksəriyyəti orta nəslin nümayəndələridir. Yəni 30-50 yaş arası olan sürücülər. Bu da bəzi hallarda sürücələrdə özlərinə olan arxayınlıq hissindən irəli gəlir. Amma baş verən hadisələr bu cür arxayınlığın heç də həmişə yaxşı sonluqla nəticələnmədiyni göstərir. Təcrübəli sürücülər sürətlə avtomobil idarə edərkən elə zənn edirlər ki, hər bir manevrə hazırlıqlıdırlar.

Amma araşdırmalar bunun tam əksini deyir. Aşdırmalar zamanı o da məlum olub ki, köhnə avtomobillər qəza baş verən zaman sürücü və sərnişinlər daha ağır xəsarət alır. Bu da əsasən Sovet istehsalı olan avtomobillərdə təhlükəsizlik kəmərindən istifadə hallarının az olmasından və təhlükəsizlik yastıqlarının olmamasından irəli gəlir. Qəzaların qarşısını almaq üçün aidiyyatı qurumlar da, vətəndaş da üzərlərinə düşən öhdəlikləri yerinə yetirməlidilər. Sürücülər idarə etdikləri avtomobilin özlərinin də, ətraflarındakı digər insanların da qatilinə çevrilə biləcəyi həqiqətini gözardı etməməlidilər. Ölkədə avtomobillərin sayının sürətlə artması fonunda qeyd olunanlar getdikcə daha çox aktuallıq qazanır.
Sizin Reklam Yeriniz