Əlaqə Arxiv
news Image
2013.03.02
07:32
| A A A
Moskvanın Bakıya qarşı bəd niyyətləri üzə çıxır
Cümşüd Nuriyev: "Belə ziddiyyətlərin baş verməməsi, təhlükənin yerindəcə dəf olunması üçün Tiflislə Bakı birgə işləməlidir" Elxan Şahinoğlu: "Bu yolla Rusiya Tiflisi gərgin vəziyyətdə saxlamaq, digər tərəfdən də onun Bakı ilə münasibətlərinin korlanmasına nail olmağı düşünür"

Asim Mollazadə: "Rusiya öz müttəfiqləri ilə birgə hər zaman çalışır ki, Azərbaycanla Gürcüstanın inkişafının qarşısını alsın"

Azərbaycana səfərini başa vuraraq geri qayıdan Gürcüstan prezidenti Mixail Saakaşvili Tiflis aeroportunda jurnalistlərə Rusiyanın Azərbaycanda dövlət çevrilişi etmək planı barədə şok açıqlama verib. O bildirib ki, Gürcüstan və Azərbaycan Rusiyadan qaynaqlanan real qeyri-stabillik təhlükəsi ilə üz-üzədir: "Ölkəmizi əlavə muxtariyyətlər yaradılmaqla daha da parçalanması gözləyir, Azərbaycanda isə Gürcüstan ssenarisi üzrə dövlət çevrilişi hazırlayırlar.

Rusiyada əslən Gürcüstanın Qardabani rayonundan olan Söyün Sadıqov soyadlı bir milyarder çıxıb və Gürcüstanda azərbaycanlılar üçün muxtariyyət əldə etməyə söz verib. O, hətta Borçalı mahalının himni və gerbi məsələsini də meydana atıb. Bununla onun kimiləri gürcülərlə azərbaycanlıları bir-birinə qarşı qoymağa çalışırlar. Bu cür vədi ölkəmizdəki ermənilərə Gürcüstanın yeni hökuməti tərəfindən əfv edilmiş erməni siyasi fəal Vaaqn Çaxalyan da verib. Sadıqov milyarder Vahid Ələkbərov və başqaları ilə əl-ələ verərək Gürcüstanda baş verənləri Azərbaycanda da həyata keçirmək istəyir".

Rusiyanın Azərbaycanın müstəqilliyini həzm etmədiyi aydındır. Cənubi Qafqazda Rusiyanın imperialist mövqeyini dəstəkləməyən və onun maraqlarına baş əyməyən Azərbaycan hər zaman Moskvanın hədəfində olub.

Bir müddət öncə Rusiyada "Milyarderlər İttifaqı" adlı təşkilatın yaradılması və onun fəal üzvlərindən olan Söyün Sadıqovun rəsmi Bakıya qarşı ittihamları bunu deməyə əsas verir. Belə ki, o, Rusiya mətbuatına açıqlamasında yaxın müddətdə Azərbaycanda hakimiyyət dəyişikliyinin baş verəcəyinin mütləq olduğunu iddia edib.

Politoloq Cümşüd Nuriyev öncə onu bildirdi ki, RATİ üzvünün Dağıstana prezident təyin olunması Azərbaycana təhdiddir: "Rusiya artıq bir neçə istiqamətdə Azərbaycanın üzərinə gəlir. Abdulatipovun RATİ üzvü olmağa ixtiyarı yoxdur və buradan da tam şəkildə aydın olur ki, RATİ-ni Rusiyanın kəşfiyyat orqanları yaradıb. Moskva belə adamları Azərbaycana qarşı hazırlayır. Onlardan biri də Söyün Sadıqovdur ki, onun əli ilə Azərbaycana qarış işlər görülür". Amma politoloq onu da vurğuladı ki, Sadıqovun Azərbaycanla heç bir bağlılığı yoxdur: "Sadıqov alverçidir və indi də Azərbaycanı alverə qoyub. Abdulatipov da çox təhlükəli, eyni zamanda millətlərarası münaqişələr üzrə çox peşəkar siyasətçidir. Həmçinin Sergey Şoyqu və Nikolay Bordyujanın Ermənistandan verdiyi bəyanatlar, İranın Azərbaycanda insan hüquqlarının tapdalanmsı barədə verdiyi açıqlamaların hamısı Azərbaycana ciddi təhdid kimi başa düşülməlidir. Rusiya çalışır ki, Şimalda "Sadval"ın fəaliyyəti gücləndirilsin, Azərbaycanda daxili separatizm yenidən gündəmə gəlsin. Bu o deməkdir ki, belə vəziyyət yaranarsa qarşıdakı aylarda Rusiyanın Azərbaycana müdaxiləsi baş tutacaq. Bunu etmək üçün Moskvada maliyyə cəhətdən çox güclü təşkilat yaradılıb və onun arxasında Rusiyanın kəşfiyyat orqanları durur. Bununla bağlı həyəcan siqnalı verilməlidir və təcili şəkildə bu işlə məşğul olunmalıdır. Prosesləri iqtidarın üzərinə yıxmaq düzgün deyil, müxalifət elə bilir ki, Rusiya Azərbaycanı tutandan sonra yenidən cəbhəçiləri hakimiyyətə gətirəcək. Xeyr, Rusiya elə birinci onları məhv edəcək. Rusiya Söyün Sadıqovun əlilə Gürcüstandakı soydaşlarımızı qızışdırmaqla bu ölkədə yeni millətlərarası münaqişə ocağı yaratmaq istəyir. Belə ziddiyyətlərin baş verməməsi, təhlükənin yerindəcə dəf olunması üçün Tiflislə Bakı birgə işləməlidir. Düşünürəm ki, Saakaşvilinin Bakıya səfərinin məqsədlərindən biri də məhz sözügedən təhlükənin birgə dəf edilməsi yolunda lazım olan məsələləri müzakirə etmək olub".

Politoloq Elxan Şahinoğlu isə qeyd etdi ki, ən azından onu nəzərə almaq lazımdır ki, Söyün Sadıqov Kremlə, Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə tanınır: "Bu mənada da suallar yaranır ki, Söyün Sadıqov nəyə əsaslanıb bu cür bəyanatlar verir. Ola bilsin ki, Kremlin Azərbaycan və Gürcüstanla bağlı müəyyən planları var və Sadıqov da bundan xəbərdardır. Ən qorxulu proqnozlardan biri Rusiyanın Azərbaycana müdaxilə etməsidir. Söyün Sadıqov indi Gürcüstandakı soydaşlarımızı qızışdırıb onların gürcülərlə arasını vurmaq istəyir. Bunun özü də Kremldə hazırlanmış plannın tərkib hissəsidir. Bu yolla Rusiya bir tərəfdən Tiflisi gərgin vəziyyətdə saxlamaq, digər tərəfdən də onun Bakı ilə münasibətlərinin korlanmasına nail olmağı düşünür. Bir sözlə görünən odur ki, Moskva Cənubi Qafqaza yenidən bütünlüklə öz təsir dairəsinə salmağa çalışır və bu istiqamətdə real addımlar atmaq niyyətindədirlər. Moskvanın Söyün Sadıqovların əlilə belə iyrənc hərəkətlərinə yol verməmək üçün Gürcüstan hökumətilə Azərbaycan hökumətinin əlbir işləməsi vacibdir".

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadənin sözlərinə görə də, əslində, Saakaşvilinin dediklərində həqiqət var: "TANAP layihəsindən sonra Azərbaycana təzyiqlər artdı. Rusiya öz müttəfiqləri ilə birgə hər zaman çalışır ki, Azərbaycanla Gürcüstanın inkişafının qarşısını alsın. Biz də bunları bildiyimizdən dolayı təhlükəsizliyimizin qarşısını almağa daim hazır olmalıyıq".
Sizin Reklam Yeriniz