Əlaqə Arxiv
news Image
2013.03.07
17:00
| A A A
Səbail rayonunda Qadınlar üçün bayram tədbiri keçirilib

Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar bayramına həsr olunmuş bayram tədbiri keçirilmişdir. Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən dövlət, elm və təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan, həmçinin bir çox ictimai təşkilat və birliklərə rəhbərlik edən qadınların iştirakı ilə keçirilən tədbiri  Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  açaraq iştirakçıları gözəl bayram münasibəti ilə təbrik etdi. Natiq 8 Mart Beynəlxalq Qadınlar gününün tarixi barədə məlumat verdi, bildirdi ki, 102 il əvvəl (1911-ci ildə) Sosialist Qadınların Kopenhagendə keçirilən ikinci konfransında qəbul edilmiş bu gün ilk dəfə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. 8 mart 1966-cı ildə SSRİ-də qeyri-iş günü və dövlət səviyyəli bayram elan olunmuşdur. Bu gün bu bayram dünyanın bir çox ölkələrində geniş qeyd olunur.

 Ümummilli liderimiz dahi Heydər Əliyev qadınlarımız barədə "…Mən dünyanın çox yerində olmuşam. Amma Azərbaycan qadınları qədər gözəl qadınlar görməmişəm"  demişdir. Ulu öndər həmişə Azərbaycan qadınının zəhmətini, fəaliyyətini çox yüksək qiymətləndirmiş, qadınlara hər zaman böyük hörmət və ehtiramla yanaşmışdır. 

 Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır. Bu gün Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı vəkili, Millət vəkili Mehriban xanım Əliyeva bütün dünyaya sübüt edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər.  

Atalar gözəl deyib. Kişi evin dirəyidirsə, qadın evin çırağıdır. Məhəmməd Peyğəmbər Cənnəti anaların ayağının altında olduğunu demişdir. Ana dünyada ən müqəddəs varlıqdır. Ona görə də biz ana vətən, ana torpaq deyirik. 

Böyük Vətən müharibəsi illərində qadınlarımız kişilərlə bərabər böyük qəhrəmanlıq və fədakarlıq göstərərək qələbənin əldə olunmasında böyük əmək, qüvvə və bacarıq sərf etmişlər. Müstəqilliyimizin ilk illərində Qarabağ döyüşlərinin ən ön səngərlərində qəhrəmanlıqla vuruşan qadınlarımızla fəxr edirik.

Müasir dövrdə Azərbaycan qadını inkişaf etmiş sivil ölkələrin qadınlarından heç nə ilə geridə qalmır, hətta elmin bir sıra sahələrində öndə gedir. 1998-ci ildə Ulu öndərimiz Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. 

Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin Qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür. 1995-ci ildə isə ölkəmiz Qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Beynəlxalq Konvensiyaya qoşulmuşdur. 

Azərbaycan qadını həm həkim, həm müəllim, həm memar, həm dövlət qulluqçusu, həm hərbiçi, həm ictimai-siyasi xadim, həm də qayğıkeş bir ana, vəfalı həyat yoldaşıdır. Respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir. Səhiyyədə çalışanların 70, təhsil işçilərinin isə 69 faizi qadınlardan ibarətdir. Ombudsman, komitə sədri, Milli Məclis üzvlərinin 20-i, bir neçə nazir müavini, respublikanın bir çox  rayonlarının icra hakimiyyəti başçılarının müavinlərindən biri, bir sıra məhkəmələrin sədrləri və hakimləri qadınlardır. 

Bakının mərkəzi rayonu olan Səbail rayonunda əhalinin 51,2 faizini 48 min nəfərdən çoxunu qadınlar təşkil edir. Rayonun təhsil, səhiyyə, mədəniyyət, elm və digər sahələrində çalışan qadınlarımız  öz bilik və bacarıqları, işgüzarlıqları və rayonun ictimai-siyasi həyatındakı fəaliyyətləri ilə hər zaman seçilirlər. Onların fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Son bir neçə il ərzində rayonun təkcə təhsil müəssisələrində çalışan qadınlardan 33 nəfər əməkdar müəllim adına, 1 nəfər Prezident təqaüdünə,  20 nəfər müxtəlif orden və medallara layiq görülmüşdur. Elm, təhsil, səhiyyə ocaqlarında yuzlərlə elmlər doktoru və elmlər namizədləri çalışır.   

Səbail rayon İcra Hakimiyyətinin Başçısı A.Əsgərov rayonun bütün qadınlarını 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Tədbirdə iştirak edən qadınlara  Səbail rayon İcra Hakimiyyətinin  hədiyyələri  təqdim olunmuşdur.

Tədbir populyar incəsənət ustalarının konserti ilə başa çatmışdır. 






Sizin Reklam Yeriniz