Cənub qonşumuzun ihğalçı Ermənistanla kifayət qədər sıx əlaqələrə malik olduğu danılmaz həqiqətdir. Məsələnin sadəcə ağrılı tərəflərindən biri odur ki, Azərbaycanla eyni dini paylaşan bir ölkə hətta ermənilərin Dağlıq Qarabağı əcnəbi ağalarının köməkliyi ilə işğal edən, burada min bir vəhşiliklər törətdikləri zaman da Ermənistana yardım əlini uzadıb.
Xatırladaq ki, bu günlərdə "İrdiplomacy"də dərc edilmiş məqalədə də qeyd olunub ki, İran Qarabağ müharibəsi zamanı erməni silahlılarını himayə edib.
Yazıda bildirilirdi ki, 1992-ci ildə Dağlıq Qarabağ separatçıları Ermənistanın hakimiyyəti altına keçib: "Həmin vaxt Azərbaycan Dağlıq Qarabağı almaq üçün hərbi əməliyyatlara başladı. Həmin müharibədə İran Qarabağdakı erməni silahlılarını himayə edirdi". Bu məlumatın ardınca İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Seyid Məhəmməd Ayətullahi belə bir açıqlama ilə çıxış etdi ki, Qarabağ müharibəsi zamanı İran Ermənistana heç bir kömək göstərməyib.
Onun sözlərinə görə, İran dəfələrlə bildirib ki, Qarabağ müharibəsi zamanı hər zaman Azərbaycana yardım edib: "Bu müharibədə İran silah idxal etmək və Azərbaycan Silahlı Qüvvələrinə hərbi təlimlər keçməklə Azərbaycana yardım edib. Bu müharibədə bir çox iranlılar Azərbaycan tərəfindən döyüşüb. Onlardan bəziləri şəhid olub və Azərbaycanın müxtəlif regionlarında dəfn olunub. İranın Azərbaycandakı səfiri Möhsün Pakayinin daha əvvəl Azərbaycan baş nazirini birinci müavini Yaqub Eyyubovla görüşü zamanı qeyd etdiyi kimi, Azərbaycan-İran əlaqələri möhkəmdir və onları parlaq gələcək gözləyir. Bizim yaxınlaşmamıza həmçinin ümumi mədəniyyət, tarix və din də yardım edəcək. Qarabağ müharibəsi zamanı İranın guya Ermənistana yardım etməsi ilə bağlı bir sıra KİV tərəfindən "Irdiplomacy" saytına istinadən yayılmış məlumat ya yalan və ya məsuliyyətsizlik, yaxud da tərcüməçinin səhvidir. İran heç zaman müsəlman Azərbaycanına qarşı müharibədə Ermənistana yardım etməz, bu şəriət normalarına ziddir". Lakin İran səfirliyinin təmsilçisinin bu açıqlamalarının tamamilə cəfəng olduğu elə onların yardım etdikləri ermənilərin özləri tərəfindən etiraf edilir.
Bu haqda danışmazdan öncə qeyd edək ki, Con Hopkins Universitetinin Beynəlxalq Araşdırmalar Mərkəzinin nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya-Qafqaz İnstitutu tərəfindən Vaşinqtonda İranın Qafqaz siyasəti mövzusunda konfrans təşkil edilib.
Diskussiyalarda İranın ayrı-ayrı Qafqaz ölkələrinə münasibətdə yeritdiyi siyasət müzakirə edilib. Bundan başqa, məruzəçilər çıxışlarında həmçinin Dağlıq Qarabağ münaqişəsinin ən qızğın dövründə İranın Ermənistana etdiyi yardıma toxunublar. Bu isə münaqişə kontekstində Tehranın dini ideologiyasına uyğun deyil. Ən maraqlısı ondan ibarətdir ki, erməni diplomatları etiraf ediblər ki, müharibə illərində İrandan humanitar yardım alıblar.
Toplantıda iştirak edən Ermənistanın ABŞ-dakı səfirliyinin əməkdaşları mütəxəssislərin fikirlərinə dair şərh verərkən Ermənistanın İranla münasibətlərini yüksək qiymətləndirdiklərini bəyan ediblər. Bu fonda qeyd olunduğu kimi erməni diplomatlar müharibə illərində Ermənistanın İrandan yardım aldığını etiraf ediblər. Bu yardımın isə təkcə humanitar xarakter daşıdığı şübhə doğurur. Elə indinin özündə də Ermənistanın işğalçılıq siyasətinin uzanmasında əsas yardımçılardan biri qismində İranın çıxış etməsi danılmaz həqiqətdir. Məhz İranın sayəsində Ermənistan ona qarşı yönələn iqtisadi pressinqlərə tab gətirə bilir. Xatırladaq ki, bir müddət əvvəl qeyd olunan xüsusda Mərkəzi qərargahı Belçikanın Brüssel şəhərində yerləşən Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESISC) son hesabatında da maraqlı məqamlara toxunulmuşdu. Hesabatda bildirilirdi ki, rəsmi Tehranla İrəvan arasında xüsusi münasibətlər var: "Son illərdə İran-Ermənistan əməkdaşlığı artıb. İki ölkə arasında müəyyən bir ittifaq yaranıb. Bu da İranın Ermənistan vasitəsilə Qərbin sanksiyalarından yayınması üçün yol açıb".
Sənəddə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Dağlıq Qarabağ və ətraf rayonların işğal altında olduğu, həmin ərazilərin hazırda nəzarətsiz zonaya çevrildiyi qeyd edilib. Hesabatda vurğulanırdı ki, Tehran-İrəvan əməkdaşlığının genişlənməsi hər iki tərəf üçün faydalıdır: "Belə ki, Ermənistan İran vasitəsilə Fars körfəzinə, İran da Ermənistan vasitəsilə Qara dənizə çıxır".
İranla Ermənistan arasında mövcud münasibətlər təkcə təbii qaz və elektrik enerjisi ilə məhdudlaşmır. İki ölkə arasında ağır sənaye, əczaçılıq, dağ-mədən və neft-qaz sənayesi sahəsində də ciddi əməkdaşlıq var. İki ölkə arasında əməkdaşlıq göstərir ki, yaxın gələcəkdə Ermənistan xarici diasporun maliyyə yardımı, Rusiya və beynəlxalq maliyyə institutlarının verdiyi kreditlərdən asılılığını endirə bilər. Yaxın gələcəkdə isə İran və Ermənistan arasında strateji, siyasi və iqtisadi əməkdaşlığın daha da artacağı proqnozlaşdırılır. Bütün bunlarla İran həm də Dağlıq Qarabağ və onun ətrafında yerləşən rayonların Ermənistan tərəfindən işğalının uzanmasında İrəvana yaxından köməklik etmiş olur.