Əlaqə Arxiv
news Image
2012.04.27
16:41
| A A A
Azərbaycan-İran-İsrail üçbucağında gərginlik artır
Məsələni diqqət mərkəzində saxlayan dünya mediası Bakı-Təl-Əviv münasibətlərindən Tehranın daha çox narahatlıq duymağa başladığını bildirir

Azərbaycan-İran-İsrail üçbucağında cərəyan edən son hadisələr xüsusi diqqət mərkəzində qalmaqda davam edir. Hadisələrin inkişaf istiqaməti göstərir ki, İsrail ölkəmizlə münasibətlərini daha da genişləndirməkdə və bunun ən müxtəlif sahələri əhatə etməsində maraqlıdır. Bu da öz növbəsində təbii olaraq İran tərəfindən böyük qısqanclıqla qarşılanır.

Elə bu günlərdə İsrailin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana səfəri, burada aparılan danışıqlar və İran tərəfindən verilən reaksiya da qeyd edilənlərin real təsdiqi hesab oluna bilər. İran Xarici İşlər Nazirliyinin təmsilçisi Ramin Mehmanpərəst bu məsələyə münasibət bildirərkən İsraili regionda ixtişaşlar yaratmağa cəhddə ittiham etdi. Baş verənlər isə dünya mediasının da diqqət mərkəzində yer almaqda davam edir. Məsələn, "Heraldonline" yazır ki, Azərbaycan-İsrail münasibətlərinin çiçəklənməsi Yaxın Şərqdə çoxunun xoşuna gəlmir, çünki ən azından Azərbaycan İranın şimal qonşusudur və İranla sıx mədəni və demoqrafik münasibətləri var: "İsraillə Azərbaycanın ticarət dövriyyəsi ildə 4 milyard dollardır. İsrailin keçmiş Sovet respublikaları içində ən böyük ticarət dövriyyəsi məhz Azərbaycanladır. İsrail rəsmiləri tez-tez bu ölkəyə səfərlər edirlər.

İsrailin Azərbaycanla ticarəti isə daha çox maraq oyadır. Fevralda Azərbaycan hərbi avadanlıq, pilotsuz təyyarə və sairə almaq üçün İsrail "Aerospace" Sənaye Şirkətinə 1,6 milyard dollar ödəyib. Azərbaycan həmçinin İsrailin enerji ehtiyacının 30 faizini ödəyir.

"İsrailin regional məqsədlərində Bakının mühüm rolu var", bunu Azərbaycan ticarət sövdələşmələrində iştirak etmiş bir İsrail diplomatı deyir. Bu münasibətlər harayacan gedə bilər? İsrail İranın nüvə proqramına görə hərbi tədbir görəcəyi ilə hədələyib. "Foreign Policy" jurnalı iddia edirdi ki, İsrail bu məqsədlə Azərbaycanda hava bazasına çıxış əldə edib. Azərbaycan və İsrail rəsmiləri bu məlumatı təkzib ediblər. Adı çəkilməyən İsrail rəsmiləri İsrailin 2-ci kanalına deyiblər ki, Azərbaycanda hava bazalarından "daha yaxşı, daha praktik variantlar" var.

2008-ci ildən Azərbaycanda İsrailin pilotsuz təyyarələri var, onlar paradda da görünüblər. Ötən sentyabrda Azərbaycan hökuməti elan edib ki, İsrail modelinə uyğun pilotsuz təyyarə hazırlamaq üçün həmin ölkədən lisenziya alıb. Bu ilin fevralında imzalanmış sazişə uyğun olaraq, Azərbaycan 60 İsrail-modelli pilotsuz təyyarə alacaq. İsrail Tehrana göstərməyə çalışır ki, İranı istənilən vaxt vura bilər və buna görə də müttəfiqlərinin dəstəyini qazanmaq üçün müəyyən addımlar atır. Liberman isə səfərinin məqsədinin kimisə qorxutmaq olduğunu təkzib edib. Deyib ki, onun Bakıdakı görüşlərində ikitərəfli münasibətlər müzakirə olunub. Onun ofisinin yaydığı məlumatda isə deyilirdi ki, İran məsələsi də gündəlikdə olub".

Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun üzvü, politoloq Rasim Musabəyov isə bildirir ki, ölkəmizin İsraildən hərbi texnika alması ölkənin təhlükəsizliyinin möhkəmlənməsi zərurətindən irəli gəlir: "Azərbaycan öz təhlükəsizliyinin möhkəmlənməsində maraqlıdır. İsraildən başqa heç bir dövlət Azərbaycana yüksək texnologiyalı müasir silah tədarük etmir. Rusiya 80-ci illərin köhnəlmiş silahlarını tədarük edir. Hətta Türkiyə də Azərbaycanın müasir silahlara olan tələbatını ödəmək iqtidarında deyil. Çünki Azərbaycan Türkiyədən bu və ya digər müasir silahı satın almaq istəyən zaman belə məlum olur ki, bu və ya digər sursatın mühərriki Almaniyadan, naviqasiya texnikası və elektronika isə ABŞ tərəfindən tədarük olunur, həmin ölkələr isə onun tədarükü üçün üçüncü ölkə ilə müqavilə imzalanması isə qadağan edilir. Bununla əlaqədar Azərbaycan yüksək texnologiyalı, müasir silah-sursat istehsal edən real tədarükçü olan İsraillə işbirliyi qurur".

Deputat qeyd edib ki, Azərbaycanla İsrail arasında hərbi sahədə əməkdaşlığın qarşılıqlı şəkildə inkişaf etdirilməsi digər ölkələr üçün heç bir təhlükə yaratmır. Lakin İran İsrailin ona qarşı mümkün müharibəsindən ehtiyatlanaraq məsələyə fərqli prizmadan yanaşır. Belə bir vaxtda isə İsrail ordusunun qərargah rəisi general-leytenant Benni Qantz İsraildə çıxan "Haaretz" qəzetinə müsahibəsində olduqca maraqlı fikirlər səsləndirib. Onun sözlərinə görə, İranın ali dini rəhbəri ayətullah Əli Xameneyi hələ nüvə bombasını yaratmaq haqqında qəti qərara gəlməyib. Lakin generalın bu nöqteyi-nəzəri İsrail baş naziri Binyamin Netanyahunun mövqeyi ilə uzlaşmır. Bu həftə CNN-ə müsahibəsində Netanyahu bəyan edib ki, İranın nüvə silahına malik olmasının qarşısını almaq üçün tədbirlər görməyə hazırdır: "Aydındır ki, nə qədər iranlılar çox inkişaf etsə, bir o qədər vəziyyət pisləşər. Bu il həlledici ildir, lakin "bıçaq sümüyə dirənməyib". Elə bir dövrdəyik ki, bir hərəkət edilməlidir. Ya İran öz nüvə proqramını yalnız dinc məqsəd üçün inkişaf etdirməlidir, ya da dünya birliyi - güman ki, biz də - bir tədbir görməliyik. Biz daha çox müzakirələrin sonuna yaxınıq, nəinki ortasındayıq".

Səməd CƏFƏROV

Sizin Reklam Yeriniz