Əlaqə Arxiv
news Image
2013.05.01
08:48
| A A A
Çörəyin keyfiyyət problemi...
Araşdırmalar bir sıra kiçik sexlərdə hələ də çörək hazırlanması qaydalarının pozulduğunu göstərir

Azərbaycanda çörəyin keyfiyyəti hər zaman əsas mübahisə predmetlərindən biri olub. Düzdür, son dövrlərdə çörəyin keyfiyyətinin yüksəldilməsi istiqamətində xeyli işlər görülüb. Müvafiq dövlət qurumlarının, o cümlədən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzarət tədbirləri nəticəsində bu sahədə müsbət istiqamətdə ciddi irəliləyişlər müşahidə olunur.

Lakin bütün bunlar çörək istehsalı sahəsində hələ problemlərin tam həllinə imkan verməyib.

Onu da qeyd edək ki, başlıca problem özünü əsas etibarı ilə çörək istehsalını həyata keçirən kiçik sexlərdə göstərir. Həmin problemlər sırasında sanitar-gigiyenik, çörəyin qablaşdırılması və digərlərini göstərmək olar.

Araşdırma göstərir ki, çörək bişirilən sexlərin bir çoxu hələ də bərbad vəziyyətdədir. Bu sexlərdə heç soyuducu şkaflar da yoxdur, halbuki hazır çörəklər 5 saat o şkaflarda saxlanmalıdır. Çünki isti çörəyi qablaşdırmaq olmaz. Lakin kiçik sexlərdə buna demək olar ki, əhəmiyyət verilmir.

Bu arada qeyd edək ki, ölkəmizdə çörəklə bağlı 11 standart tətbiq olunur. Bunlardan 5-i yerli, 6-sı beynəlxalq standartlardır. Lakin yaxın aylarda çörəklə bağlı tamamilə yeni standartın qəbul olunacağı gözlənilir. "Buğda unundan hazırlanan çörək-bulka məmulatları, ümumi texniki şərtlər" standartında müxtəlif növ çörəklərin istehsalı, qablaşdırılması qaydaları əksini tapacaq.

Bununla belə qeyd olunduğu kimi hələ də əsas etibarı ilə kiçik sexlərin istehsalı olan çörəklərlə bağlı bir sıra ciddi problemlərə rast gəlinir. Məsələn, bəzi kiçik həcmli sexlərdə istehsalat prosesində texnoloji proseslər düzgün aparılmır. Mövcud problemlərdən biri də çörək istehsalında istifadə edilən duz məhsulları ilə bağlıdır ki, bəzi hallarda heç həmin duzun mənşəyi məlum olmur. Yalnız müvafiq dövlət qurumları məsələyə müdaxilə etdikdən sonra problemin qarşısı alınır.

Bu sahədə əsas problemlərdən birinin məhz hazır çörəyin satış yerlərinə daşınmasıdır. Məsələ burasındadır ki, bütün satış məntəqələrinə çörək heç də xüsusi maşınlarda daşınmır və burada şəxsi avtomobillərdən də istifadə edilir. Belə hal isə adətən gigiyenik qaydaların pozulması ilə müşayiət edilir.

Məlumdur ki, digər qida məhsulları kimi, çörəyə də qida əlavələrinin tətbiqi labüddür və çörəyin tərkibinə əlavə edilən adi duz da qida əlavəsidir. Eyni zamanda çörəyin keyfiyyətini yaxşılaşdıran bir sıra qida əlavələri var ki, bunlar beynəlxalq qaydalarla müəyyənləşdirilib və Dünya Səhiyyə Təşkilatı tərəfindən istifadəsinə icazə verilən preparatlardır. Həmin preparatlardan kənar çörəyə heç nə əlavə etmək olmaz. Lakin bəzi hallarda bu qayda da pozulur. Araşdırmalar göstərir ki, bir sıra çörək sexində ventilyasiya sistemi yoxdur, tozlu hava axını sexə sərbəst daxil olur. Eləcə də bəzilərində çörək müvafiq standartdan az olur. Bir sıra sexlərdə də çörək istehsalı ilə bağlı keyfiyyət vərəqi ümumiyyətlə yoxdur.

Onu da qeyd edək ki, əgər sahibkarın günahı, yaxud etinasızlığı ucbatından problem müşahidə olunursa, o zaman o, inzibati qaydada cərimə olunur. Əgər müəssisənin fəaliyyəti normal deyilsə, o qapadıla bilər. Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti çörək məhsullarının keyfiyyətinə dövlət nəzarəti tədbirlərini gücləndirib. İstehlakçıların keyfiyyətli və təhlükəsiz çörək məmulatları ilə təmin edilməsi, çörək istehsal edən müəssisələrdə aparılmış monitorinqlər zamanı aşkar edilən ciddi nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün nəzarətin gücləndirilməsi ilə bağlı ölkə rəhbərliyinin tapşırıqlarına uyğun olaraq çörək məhsullarının keyfiyyətinə dövlət nəzarəti tədbirlərini daha da gücləndirilməsi müsbət nəticələrini verir. Lakin aparılan yoxlamalar ciddi qüsurların olduğunu da göstərir. Məsələn, texniki təlimatlardan və resepturalardan kənara çıxmalar, istehsal yerlərindəki antisanitar vəziyyət, çörəklərin qablaşdırılmaması, düzgün daşınmaması və sairə. Ekspertlər isə deyir ki, çörəyin keyfiyyətli olması bir çox faktordan, ilk növbədə, təmiz ekologiyadan asılıdır. Emal müəssisəsinə təhvil verilən taxılın üzərində keyfiyyət sənədi olmalıdır. Bəzən sənəd olsa da, fiziki-kimyəvi və mikrobioloji yoxlamanın nəticələri sənəddə yazılanlara uyğun gəlmir. Yəni, saxtalaşdırmalara yol verilir. Sexlərdə un kisələrini divara söykəyirlər, bu da onun nəmlənməsinə, eyni zamanda kartof xəstəliyinin yaranmasına səbəb olur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti isə belə halların aradan qaldırılmasınada vacib rol oynayır. Hazırda ölkəmizdə bir çox çörək istehsal müəssisələri fəaliyyət göstərir. Bundan başqa, İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə verilən güzəştli kreditlər hesabına Azərbaycanda illik istehsal gücü 156,3 min ton olan 14 çörək istehsalı müəssisəsi tikilməsi istiqamətində müvafiq addımlar atılır.

Sizin Reklam Yeriniz