Əlaqə Arxiv
news Image
2013.05.01
08:49
| A A A
Sığortalanmayan əmanətlərin "batmaq" ehtimalı yüksəlir
Vüqar Bayramov: "Sığortalanmayan bu qədər vəsaitin qaytarılmasına praktik olaraq hər hansı bir ümid yoxdur" Cümşüd Nuriyev: "Belə olan halda ölkədə depozitə qoyulan pulların risq əmsalı artır"

Bu günlərdə Əmanətlərin Sığortalanması Fondunun rəhbəri Azad Cavadov açıqlamalarının birində bildirib ki, əmanətlərin cəmi 64 faizi sığortalanaraq hər hansı bir risqdən qorunur. Bu isə 1,8 milyard manata qədər vəsaitin qorunmadığından xəbər verir. Qeyd edək ki, Azərbaycanda yalnız 30 min manata qədər əmanətlərin sığortalanması mümkündür. Bundan artıq əmanətlər isə sığortadan kənar qalır.

Bu halda bankın müflis olması ilə vətəndaş həmin əmanətini də itirə bilər. Hazırda hər üç manatdan bir manatın sığortadan kənar qalması istər-istəməz müəyyən təhlükələr törədə bilər. Sığortalanmayan əmanətləri nə kimi təhlükələrin gözləyə biləcəyini ekspertlərlə dəyərləndirdik.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, bankların müflis olması zamanı sığortalanmayan əmanətlərin geri qaytarılması da mümkünsüz olacaq: "Ümumiyyətlə, əmanətlərin sığortalanması üzrə prosesə yenidən baxılmasına ehtiyac var. Əmanətlərin sığortalanması prosesində yalnız 30 min manata qədər olan əmanətlərin sığortalanması məsələsi həyata keçirilir. Bu da bütün əmanətlərin sığortalanmasına imkan vermir. Nəticədə proses sığortalanan əmanətlərin payının azalmasına gətirib çıxarır. Eyni zamanda, vəsait əmanətlər üzrə sığortalanır. Bir bankda vətəndaşın 10-15 min həcmində bir neçə əmanəti varsa, əmanətlər toplanaraq, yalnız 30 min manat qaytarılır. Bu da bütün əmanətin sığortalanmaması deməkdir. Əmanətlərin üçdə birinin sığortadan kənar qalması heç şübhəsiz narahatçılıq doğuran məqamdır. Azərbaycanda əmanətlərin ümumi həcminin 5,4 milyard manat olduğunu nəzərə alsaq, bu o deməkdir ki, kifayət qədər böyük məbləğdə əmanət praktik olaraq sığortalanmır. Sığortalanmayan əmanətlərin payı indiki halda təxminən 1,8 milyard manata yaxındır. Belə vəziyyət onu göstərir ki, sığortalanmayan bu qədər vəsaitin qaytarılmasına praktik olaraq hər hansı bir ümid yoxdur. Çünki ona məsul olan hər hansı bir qurum yoxdur. Gələcəkdə əmanətləri saxlayan hər hansı bir bank müflis olarsa, o zaman təbii ki, sığortalanmayan əmanətlərin geri qaytarılması mümkün olmayacaq. Ona görə də bu qənaətdəyəm ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanan məbləğin həcmilə bağlı məsələyə yenidən baxmasına ehtiyac vardır. Əks halda 1,7 milyard manatın taleyi hər zaman risq altında qalacaq. Sığortalanan 30 min manatlıq vəsaitin həcmi artırılmalıdır. İndiki halda sığortanın həcminin 100 min manata qaldırılması elə də mümkün deyil. Bu rəqəmə tədricən keçə bilərik. Hazırda isə sığortalanan əmanətlərin həcmini 50 min manata qaldırmaq olar. Növbəti illərdə bu rəqəmi bir qədər də artırmaq mümkündür. Eyni zamanda, sığortalanma əməanətçilər üzrə deyil, əmanətlər üzrə tətbiq olunmalıdır".

İqtisadçı ekspert Cümşüd Nuriyev isə bildirdi ki, əmanətlərin üçdə birinin sığortalanmaması fonunda əhalinin kommersiya banklarına inamı da azalacaq: "Prezidentin sərəncamına görə 30 min manata qədər olan bütün əmanətlər birmənalı şəkildə sığortalanmalıdır. Prosesin bu günə qədər başa çatıb-çatmadığı barədə isə dəqiq məlumatım yoxdur. Əslində cəmi 64 faiz əmanətəin sığortalanması düzgün yanaşma deyil. Belədə banka pul yatıran əhalinin risq əmsalı artır. Ümumiyyətlə əhalinin böyük pulları yoxdur. Ən azı əmanətlərin 85 faizi sığortalanmalıdır. Üç manatdan bir manatın kənarda qalması fonunda əhalinin kommersiya banklarına inamı azalacaq. Belədə isə dövlətin pul-kredit siyasətinə xələl gəlir. Həmçinin, Mərkəzi Bankın yürütdüyü siyasət də ciddi nəzərə alınmır. Həm də belə olan halda ölkədə depozitə qoyulan pulların risq əmsalı artır. Risq böyük olduqca insanların depozitə inamı da azalır. Burada mütənasibliyin gözlənilməsi vacibdir. Bunun üçün də əmanətlərin sığortalanan hissəsinin həcmi artırılmalıdır. Əmanətlərin sığortalanmayan hissəsinə görə konkret olaraq banklar məsuliyyət daşıyır. Azərbaycan banklarında 30 min manatdan artıq yatırımlar barmaqla sayılan sayda ola bilər. Onlar da əsasən şirkətlərə məxsus vəsaitlərdir ki, məsuliyyətini də özləri daşıyırlar".

Sizin Reklam Yeriniz