Əlaqə Arxiv
news Image
2013.05.07
08:13
| A A A
Cənub sərhədlərimizdə radiasiya təhlükəsi
İranın atom elektrik stansiyasının yerləşdiyi Buşəhr yaxınlığında baş verən zəlzələlər səngimir

Son bir neçə gün ərzində İran ərazisində intensiv şəkildə davam edən zəlzələlərin baş verməsi getdikcə daha çox diqqət cəlb etməyə başlayır. Məsələnin əsas maraq doğuran tərəfi odur ki, zəlzələlər atom elektrik stansiyasının yerləşdiyi Buşəhr yaxınlığında qeydə alınır. Elə mayın 6-da İranda sözügedən ərazidə yenə zəlzələ olub.

Qeydə alınan təkanın gücü 5,1 bal olub. Zəlzələnin episentri Buşəhrin 100 kilometr cənub-qərbindəki Kaki qəsəbəsinin yaxınlığında olub. Bundan cəmi 2 g2n əvvəl də Buşəhr vilayətində yerli vaxtla saat 04:39-da zəlzələ meydana gəlib. 4 bal gücündə olan zəlzələnin episentri Kaki şəhəri olub və yerin 13 kilometr dərinliyində baş verib. Bu ayın əvvəlində də İranda 4 bal gücündə zəlzələ qeydə alınıb.

Mayın 1-də yerli vaxtla saat 20:00-dan mayın 2-si səhər saat 08:00-dək İranın cənubunda yerləşən Hörmüzqan vilayətində 19 zəlzələ baş verib. Vilayətdə ən böyük yeraltı təkan Rixter cədvəli üzrə 5 bal gücündə, yerin 8 km dərinliyində mayın 1-də gecə saat 23:00-da qeydə alınıb.Qeyd edək ki, mayın 1-2-də həmçinin İranın Buşəhr vilayətində 4.6, 4.8 və 5 bal, Sistan və Bəlucistan vilayətində isə 4,2 bal gücündə zəlzələ baş verib. Bütün bunlar yeraltı təkanların hələ də İranı silkələməkdə olduğunu göstərir. Lakin məsələnin ən çox narahatlıq doğuran tərəfi davam edəcəyi təqdirdə bu zəlzələlərin "Buşəhr" atom elektrik stansiyasına hansı formada təsir göstərəcəyidir. Çünki stansiyada təbii və ya digər texnogen qəza baş verəcəyi təqdirdə, bu, bütün regiona, o cümlədən İranın qonşusu olan Azərbaycana ciddi təsir göstərmək iqtidarındadır.

Düzdür, belə fikirlər də səslənir ki, Buşəhr reaktorunda mümkün qəza Azərbaycana güclü təsir etməyəcək. Çünki İrandan Azərbaycan istiqamətinə cənub küləyinin əsməsinə tez-tez təsadüf edilmir. Lakin hər halda, bu, İranla həmsərhəd olan dövlətlər üçün nəticəsiz olmayacaq. Araşdırmalara görə, Buşəhrdə reaktor qəzaya uğradığı halda Türkiyənin cənub hissəsi radiasiya təsirinə daha çox məruz qalacaq.

Xatırladaq ki, "Buşəhr" Atom Elektrik Stansiyası hələ 1975-ci ildə tikilməyə başlanılıb. Həmin vaxt Almaniyanın "Siemens" şirkətinin "Kraftwerk-Union" müəssisəsi başda olmaqla, bir neçə iri şirkət iki AES tikmək üçün 4-6 milyard dollar dəyərində olan kontrakt imzalayırlar. Stansiyadakı çalışmalar 1979-cu il İran inqilabı zamanı dayanır və alman şirkətləri müqaviləni pozaraq ölkədən gedirlər. Bu zaman stansiyalardan birində işlərin 50%-i, digərində isə artıq 85%-i tamamlanmışdı. 1984-cü ildə "Kraftwerk-Union" müəssisəsi yenidən işlərə davam etməyə cəhd edir, amma İran-İraq müharibəsinin getdiyi üçün fikrindən dönür.

"Buşəhr" AES-də çalışmalar yalnız 15 il əvvəl davam etdirilməyə başlanılır. Rusiyanın "Atomstroieksport" kompaniyası 1995-ci il yanvarın 8-də AES-in tikintisinin davam etdirilməsi üçün İranla 1 milyard dollar dəyərində müqavilə imzalayır. Avropa və ABŞ-ın təzyiqlərinə baxmayaraq Rusiya fəaliyyətini davam etdirir və nəhayət 2007-ci ilin dekabrında AES-ə nüvə yanacağı göndərir. Nüvə ilə dolu tanker 2008-ci il yanvarın 20-də Buşəhrə çatır.

2009-cu ilin mart ayında Rusiyanın "Rosatom" koorporasiyasının rəhbəri Sergey Kiriyenko "Buşəhr" AES-də bütün işlərin başa çatdığını qeyd edir. Qısa müddət sonra sınaq üçün AES işə salınır. Daha sonra stansiyadan fasiləsiz enerji alışına başlanıb. Laikn yeraltı təkanlar burada ciddiradiasiya təhlükəsinin yarana biləcəyini göstərir. Məlumat üçün onu da bildirək ki, radiasiya elektromaqnit dalğalar vasitəsilə enerjinin yayılması, şüalanması prosesidir. Radiasiya dedikdə əsasən ionlaşdırıcı radiasiya başa düşülür. Bir maddənin atom molekulunda neytronların sayı protonların sayından çoxdursa, bu cür maddələr qərarsızlıq göstərir, tərkibindəki neytronlar alfa, beta, qamma kimi şüalar yaymaqla parçalanırlar. Ətrafa bu şəkildə şüa saçan maddələrə radioaktiv maddələr deyilir.

İran zəlzələlərinə gəlincə, onların daha bir mənfi təsiri Azərbaycanda da zəlzələ ocaqlarını oyada bilməsidir. Lakin əksər ekspertlərin sözlərinə görə, İranda zəlzələnin baş verdiyi ərazi Azərbaycandan uzaqdadır. Ona görə də indiyədək bu zəlzələnin yaratdığı təkanlar Azərbaycanda hiss edilməyib.

Sizin Reklam Yeriniz