Azərbaycanın, onun qonşularının daxil olduğu regionda son dövrlərdə yaşanan zəlzələ və digər təbii fəlakətlər barədə son dövrlərdə yetərincə məlumat verilib. Bu fonda diqqət cəlb edən məqamlardan biri qonşularımızın ərazisində fəaliyyət göstərən və ya inşası nəzərdə tutulan atom elektrik stansiyaları (AES) ilə bağlıdır. Yaponiyada məlum "Fukişima" faciəsindən sonra bu hal daha çox diqqət cəlb edir.
Yeri gəlmişkən qeyd edək ki, Yaponiya binaların və tikintilərin seysmik təhlükəsizliyinin zəmanət verilməsi planında aparıcı ölkədir və bununla da Türkiyənin Sinop bölgəsində atom elektrik stansiyasının tikintisi tenderində qələbəsini təmin edib. Bu barədə "RİA Novosti" agentliyinə açıqlama verən Türkiyə tərəfinin təmsilçisi Mehmet Arık qeyd edib: "Yaponiyada həm atom elektrik stansiyaların tikintisi, həm də zəlzələlərdən müdafiəsi üzrə böyük təcrübə toplanılıb. Buna görə, biz hesab edirik ki, bu ölkə Türkiyədə atom energetikasının inkişafına böyük töhfəsini daxil edəcək". Onun sözlərinə görə, Yaponiya Türkiyəyə son nəslin texnologiyalarına aid olan "Atmea1" nüvə reaktorlarının tikintisinin texnologiyasıni təklif edib. Yaponiya "Fukişima" qəzasından nəticə çıxararaq, bu tipli reaktorlarının seysmik təhlükəsizliyini yüksəldib. Türkiyəyə təklif edilmiş reaktorun tikintisi texnologiyası 9 bala qədər güclü zəlzələyə təhlükəsizlik zəmanətini verir.
Ümumiyyətlə, Türkiyədə son 10 il ərzində iki atom elektrostansiyasının istismara verilməsi planlaşdırılır. Mərsin şəhəri yaxınlığında "Akkuyu" Atom Elektrik Stansiyasını Rusiya tikir, Sinopda Atom Elektrik Stansiyasını Yaponiya tikəcək. Digər qonşularımızdan isə bilindiyi kimi Ermənistanda da belə stansiya var. Lakin buradakı "Metsamor" atom elektrik stansiyası dünyadakı ən təhlükəli stansiyalardan biridir. Avstriya Tətbiqi Ekologiya İnstitutunun əməkdaşı Antonia Veniş bildirib ki, son illər stansiyada həyata keçirilən təhlükəsizlik tədbirlərinə baxmayaraq, təhlükəsizliyin ümumi səviyyəsi heç də əhəmiyyətli dərəcədə yaxşılaşmayıb.
Erməni ekoloji təşkilat fəalları da hesab edirlər ki, "Metsamor" olduqca təhlükəlidir. Ermənistanda "Yaşıl Birlik" adlı qeyri-hökumət təşkilatının rəhbəri Hakob Sanasarian stansiyadan gələn təhlükəni belə izah edir: "Stansiyanın çevrəsində 5 tektonik çat var. Onlardan biri stansiyadan 34 kilometr, biri 16 kilometr, daha biri isə 500 metr məsafədədir. Bunu bilə-bilə iddia edirlər ki, həmin stansiyanın heç bir təhlükəsi yoxdur". Gürcüstan Texniki Universitetinin nüvə məsələləri üzrə mütəxəssisi Giya Arabidze bildirir ki, indi həmin stansiya qonşu ölkələrə ciddi ziyan vurmasa da Yaponiyadakına bənzər bir zəlzələ region üçün çox fəlakətli ola bilər: "Bu stansiyanın zəlzələdən dağılması ehtimalı çox yüksəkdir. Yaponiyadakı belə stansiyalar Sovet İttifaqında tikilənlərdən zəlzələyə daha davamlıdır". Avropa Birliyi bu stansiyanı köhnə və az etibarlı adlandırır.
Xatırladaq ki, 1998-ci ildə baş vermiş zəlzələnin mərkəzi Metsamor stansiyasından 75 kilometr aralıda idi. O zaman sovet hakimiyyəti təhlükəsizlik sarıdan narahatlığa görə bu stansiyanın fəaliyyətini dayandırmışdı. Amma 1995-ci ildə ciddi enerji böhranı ilə üzləşən Ermənistan hökuməti beynəlxalq tənqidlərə baxmayaraq, stansiyanın işini bərpa etdi.
Bununla yanaşı, İrəvan bildirir ki, 2016-cı ildə onun yerinə daha güclü və Qərb standartlarına uyğun atom elektrik stansiyası tikməyi planlaşdırır.
Artıq bir AES-ə malik cənub qonşumuz İran da yaxın tezlikdə ikinci atom elektrik stansiyasının tikintisini planlaşdırır. 1000 megavat gücündə olacaq stansiyanın tikintisinin nə vaxt başlanacağı bilinmir. Hazırda İranın Buşəhr şəhərində belə bir stansiya mövcuddur. O da məlumdur ki, İran 20 min meqavat elektrik enerjisinin istehsalı planı çərçivəsində Atom Enerji Stansiyalarının salınacağı 16 məntəqənin yerini müəyyənləşdirib. Yeni tikiləcək nüvə obyektlərinin bəziləri Xəzər dənizi, Fars körfəzi, Xuzistan və Omman dənizi sahillərində inşa olunacaq. Məntəqələrin seçilməsi zamanı zəlzələyə davamlılıq və mümkün hərbi hava hücumları kimi məsələlər nəzərə alınıb. Gürcüstan tərəfi də AES inşasının gələcək planların adaxil olduğunu bildirir. Bütün bunlar isə Azərbaycanın AES-lərlə əhatə olunduğunu göstərir. Belə stansiyalar isə hər zaman ciddi təhlükə mənbəyi sayılır.