Əlaqə Arxiv
news Image
2013.05.08
08:40
| A A A
İsti hava təhdidi
Asif Verdiyev: “İsti temperatur Bakı və Abşeron yarımadasında, Mərkəzi Aran rayonlarında müşahidə olunacaq” Fəqan Əliyev: “Temperaturla bağlı uzağı 1 həftəlik və ya 10 günlük proqnoz vermək mümkündür”

Xəbər verildiyi kimi, bu yay Azərbaycanda havaların isti keçəcəyi barədə proqnozlar verilib. Hətta EUROSİP ((Avropa ortamüddətli proqnozlar Mərkəzi, Meteo France və Meteo UK Meteoroloji Mərkəzlərinin konsorsiumu - 3 modellərin birləşməsi) və İRİ (İnternational Research İnstitute - Beynəlxalq Elmi Tədqiqat İnstitutu) təşkilatları ölkəmizdə havanın hərarətinin normadan 60 - 70 faiz çox olacağını proqnozlaşdırırlar. Yaz fəsli olsa da, artıq son günlərdə ölkə ərazisində isti havalar müşahidə edilməkdədir.

Beynəlxalq meteoroloji mərkəzlərin verdiyi məlumatı Azərbaycanın rəsmi qurumları da təsdiq edir. Lakin fəsillik yox, ayrı - ayrı günlər üçün havaların iqlim normasında yüksək keçəcəyini bildirilir. Mütəxəssislər isə təşkilatların verdiyi proqnozlarla tam olaraq razı deyillər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev "Mövqe"yə açıqlamasında bildirdi ki, 5 regional iqlim mərkəzi tərəfindən dünyanın bir çox regionları, həmçinin Cənubi Qafqaz üçün də proqnoz tərtib olunub: "Həmin proqnozlara əsasən, yay dövründə temperatur iqlim normasından yüksək olacaq. O cümlədən bizim ərazidə də. Azərbaycanda əsasən iyul və avqust aylarında isti hava şəraiti müşahidə olunur. Əgər keçmiş illərə nəzər salsaq, əvvəllər də qısamüddətli olsa da, istilər müşahidə olunub. Yay dövründə ən yüksək temperatur 2000 - ci ildə Naxçıvan MR-nın Culfa və Ordubad rayonlarında qeydə alınıb. Həmin vaxt havanın temperaturu 46 dərəcə təşkil etmişdi. Bundan başqa, 44 və 43 dərəcələr də qeydə alınıb. Bunlar da anomal temperaturlardır. Ondan yüksək temperatur müşahidə olunsa, artıq bu, rekord rəqəm sayılacaq. Bu rəqəm Mərkəzi Aran rayonlarında 43 - 44, Bakı və Abşeron yarımadasında isə 39 - 41 dərəcə olub. Bu il də yay aylarında Bakıda əgər 40 - 41 dərəcə temperatur qeydə alınsa, anomal sayılmayacaq. Ayrı - ayrı günlər üçün havanın isti olacağı proqnozunu vermişik. Hətta iqlim normasından yüksək istilik də qeydə alınacaq".

Amma baş hidroloq ən yüksək dərəcənin nə qədər olacağını proqnozlaşdırılmasının çətin olduğunu bildirdi: "Çünki, bu, uzunmüddətli proqnozdur. Dünya meteoroloji təşkilatının bütün ölkələrində verdiyi proqnozları isə 3 günlük proqnozdur. Onların da özünü doğrultması ehtiamlı çox yüksəkdir. Ancaq fəsillik proqnozların özünü doğrultması o qədər də yüksək olmur. İsti temperatur da əsasən Bakı və Abşeron yarımadasında, Mərkəzi Aran rayonlarında müşahidə olunacaq".

Beynəlxalq Ekoenerji Akademiyasının direktoru Fəqan Əliyevin sözlərinə görə, təbiət hadisələri çətin proqnozlaşdırılır: "Zəlzələ isə ümumiyyətlə, proqnozlaşdırılmır. Amma temperatur ilə bağlı 1 həftəlik və ya 10 günlük proqnoz verilir. Ancaq bütün yay ərzində havanın necə olacağını hələ heç kəs deyə bilməz. ABŞ - ın Kosmik Agentliyi dünyada ən yaxşı kosmik tədqiqat aparan bir qurumdur. Heç onlar bu haqda nəsə deməyib. Kimsə deyir ki, havalar isti olacaq, rus alimləri də deyib ki, əksinə, soyuqlaşma gedəcək. Keçən il də deyirdilər ki, havalar dəhşət soyuq keçəcək. Düzdür, bu, Avropa ölkələrində oldu. Amma Abşeronda hiss olunmadı. Ümumi kataklizmalar, təbii hadisələrdə dəyişmələr var. Bu il Azərbaycanda havaların kəskin isti keçəcəyi fikrinə isə tam inanmaq olmaz. Düzdür, qışa baxıb, yayı təyin etmək olur. Məsələn, güclü qış olanda yay sakit keçir".

Ekspert onu da əlavə etdi ki, Azərbaycan dairəsində isti yerlər Abşeron və Mil - Muğan düzənliyidir. Naxçıvanda da isti olur. Amma Naxçıvan həm də soyuq olduğundan konktinental ərazidir. Həmin isti ərazilərdə də temperatur 42 dərəcədən yuxarı qalxmır. Belə temperatur da son illərdə olub. Adətən ən yuxarı temperatur 39 dərəcə olub. Ümumiyyətlə, ekvatora yaxın yerlərdə temperatur yüksək olur. Amma onlarda da hava quru olur. Şimala getdikcə isə havanın nəmliyi çoxaldıqca istilik də daha çox hiss edilir".

Sizin Reklam Yeriniz