Əlaqə Arxiv
news Image
2013.05.11
08:07
| A A A
İctimai nəqliyyatda güzəştli gediş sistemi
Avtobuslarda gediş haqqının kartla ödəniş sisteminin tətbiqindən sonra müəyyən kateqoriya insanların belə güzəştlərdən faydalanması gözlənir

Son günlərin ən çox diqqət cəlb edən hadisələrindən biri də ictimai nəqliyyatda kart sisteminin tətbiqi ilə bağlıdır. Artıq Bakıda sərnişin avtobuslarında gediş haqqının kartla ödəniş sisteminin tətbiqinə başlanılıb.

Nəqliyyat naziri Ziya Məmmədov bildirib ki, artıq Bakı şəhərində 20-yə qədər marşrut avtobusunda kartla nağdsız ödəniş sistemi tətbiq olunub. Ayın sonuna kimi bütün avtobus marşrutlarında kart sisteminin tətbiq olunması nəzərdə tutulub.

Məsələnin digər maraq doğuran tərəfi isə kart sisteminə keçiddən sonra müəyyən kateqoriyalı insanlar üçün ictimai nəqliyyatda güxəştlərin tətbiqi ilə bağlıdır. Çünki belə fikirlər səslənir ki, avtobuslara vahid kart sistemini tətbiq etdikdən sonra ictimai nəqliyyatda güzəştlərin tətbiqi də müzakirəyə çıxarılacaq. İndiyə qədər nağd ödəniş sistemi olduğu üçün ictimai nəqliyyatda güzəşt mümkün deyildi. Kart sisteminə keçdikdən sonra artıq vəziyyətin dəyişməsi mümkün sayılır. Belə ki, bu kartlara müəyyən kateqoriya insanlar üçün gediş haqqını pulsuz və ya aşağı qiymətlə yükləmək olar. Bu halda sərnişindaşınması ilə məşğul olan özəl şirkətlər hansısa formada maddi zərərə düşməyəcək. Onu da bildirək ki, ötən ilin dekabrında nəqliyyat nazirinin müavini Musa Pənahov bildirmişdi ki, ictimai nəqliyyatda güzəştlərin bərpa edilməsi yenidən aktual müzakirə mövzularından birinə çevrildiyi üçün kiçikyaşlı uşaqlar, tələbələr, müharibə əlilləri üçün güzəştlərin tətbiqi nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycanda ictimai nəqliyyatda gediş haqqı güzəştləri 2002-ci ildə Nazirlər Kabinetinin qərarı ilə ləğv edilib. Sovet dövründə də bu sistem var idi. 12 yaşına qədər olan uşaqlara, tələbələrə, əlillərə, müharibə iştirakçılarına və təqaüdçülərə güzəşt edilirdi. Hazırda ictimai nəqliyyatda yalnız polislərə güzəşt edilir.

İndi də belə hesab edilir ki, sürücülər intellektual idarəetmə sisteminə keçdikdən və onlar üçün maaş müəyyən edildikdən sonra güzəştlərin yenidən tətbiqi mümkündür və bu edilməlidir. Məsələn, qonşu Rusiyada hələ də bu güzəştlər mövcuddur. Ekspertlər də cəmiyyətin az təminatlı təbəqələrinə nəqliyyatda gediş haqqına güzəştlərin edilməsinin tərəfdarıdır. Həmçinin, iqtisadçı-ekspertlər intellektual idarəetmə sisteminin belə güzəştlərin tətbiq edilməsinə imkan verdiyini bildirirlər.

Lakin Azərbaycanda pensiyaçıların, müharibə veteranlarının, əlillərin və digər imtiyazlı təbəqələrin sayının çox olması ilə əlaqədar bu prosesin mərhələli aparılması vacib sayılır. Onu da bildirək ki, Polşa, Macarıstan, Rusiya, Türkiyə, Amerika və s. ölkələrdə ictimai nəqliyyatda belə güzəştlər tətbiq edilir. Ölkəmizdə isə güzəştlər ləğv edilənə qədər təqaüdçülərə, müharibə veteranlarına, müəllimlərə, şəhid ailələrinin üzvlərinə və əlillərə ictimai nəqliyyatda gediş haqqına güzəştlər vardı. Lakin qeyd olunduğu kimi sonra bu güzəştlər ləğv olundu. Mütəxəssislər və sürücülər bunun bir səbəbini də nəqliyyat sahəsinin özəlləşdirilməsində görür. Çünki güzəştlər qüvvədə olan dövrdə sürücülərə aylıq maaş verirdilər. Bu səbəbdən də sürücülər üçün bu güzəştlərin olub-olmaması əhəmiyyətli deyildi. Lakin sonradan avtobus marşrutları özəlləşdirilərək sahibkarlar tərəfindən alındı və sürücülərə gündəlik plan qoyuldu. Bundan sonra isə sürücülər üçün sərnişinləri pul müqabilinə daşımaq da aktual məsələyə çerildi. Lakin indi bel əgörünür ki, güzəştlər qayıda bilər. Bundan həm də bir sıra qonşu ölkələrdə olduğu kimi tələbələr də istifadə edə bilər. Qeyd edək ki, qonşu Türkiyədə tələbələr şəhər nəqliyyatından yarı qiymətinə istifadə edirlər. Rusiyada da tələbələrə nəqliyyatda güzəşt edilir. Tələbə biletini göstərən tələbə metroda, elektrik qatarında və s. birdəfəlik bileti 2 qat ucuz ala bilər. Başqa şəhərdən olan tələbələrə də ildə bir dəfə evlərinə pulsuz olaraq gedib qayıtmaq hüququ verilir. Cari ilin fevralında gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirmişdi ki, Azərbaycanda da paylanılan tələbə kartları nəqliyyat vasitələrindən istifadədə güzəştlər verəcək. Onun sözlərinə görə, güzəştlər dövlət nəqliyyat vasitələrinə şamil ediləcək. lakin güzəşt sisiteminin nə vaxt tətbiq olunacağı hələ dəqiq məlum deyil.

Sizin Reklam Yeriniz