Paytaxtda yeni inşa edilən bir sıra çoxmərtəbəli binalarda yerləşən mənzillərin heç də hamısında yaşayış olmadığı danılmaz həqiqətdir. Bunun əsas səbəblərindən biri odur ki, bəzi insanlar əllərində olan pul vəsaitini məhz daşınmaz əmlak kimi mənzillərə yatırırlar və uzun müddət belə mənzillər istifadəsiz qalır.
Makler arasında gəzən söz-söhbətlərdən məlum olur ki, elə insanlar var ki, paytaxtda 10-a qədər mənzilə sahibdir. Belə mənzillərin çox nadir hallarda kirayə verildyi, əksər hallarda isə boş qaldığı bildirilir. Çünki çoxsaylı mənzil alanların kirayədən əldə olunan gəlirlərə əksər hallarda heç bir ehtiyacı olmur. Araşdırmalar onu da göstərir ki, Bakıda bir neçə yerdə ev alanlar arasında Rusiyadan, Tükiyədən, İrandan gələn soydaşlarımız da var. Onlar evləri alıb ehtiyat saxlayırlar. İmkanlı adamlar arasında mənzilləri binanın təməli atılarkən alanlar da kifayət qədərdir. Hazırda paytaxtda belə minlərlə boş mənzil var. Onların bəziləri təmirli, bəziləri isə təmirsizdir. Ancaq ekspertlər burada başqa maraqlı məqamlara diqqət çəkirlər. Məsələn, belə fikirlər səslənir ki, mənzillərin uzun müddət boş qalması onun yerləşdiyi bina üçün müəyyən fəsadlar yaradır. Xüsusən də bu mənzillər təmirsiz, necə deyərlər yalnız quru divardan ibarət olduğu halda bu fəsadlar böyüyür. Söhbət fiziki aşınmadan gedir. Məsələ burasındadır ki, insan yaşamayan, uzun müddət boş qalan mənzillər, əsasən də təmirsiz olanlar bina daxilində temperatur fərqi yaradır. Məhz bu fərq də binanın fiziki aşınmasını sürətləndirir. Ekspertlər isə bildirr ki, binaların fiziki aşınmasının ləngidilməsi üçün onlarda sabit temperatur olmalıdır. Ümumiyyətlə, bina böyük konstruksiyadır, soyduqda və qızdıqda metal konstruksiyaları deformasiyaya uğrayır. Onda mikroçatlar yaranır, çöl tərəfdən suvağı, rəngi, üzlükləri tökülür. Armaturlarda korroziya yaranır, beton armaturdan aralanmağa başlayır. Bununla da bina tez sıradan çıxır. Əgər layihəyə görə, binanın istismar müddəti 150 il nəzərdə tutulurdusa, belə olan halda o, 60-70 ildən sonra sökülməli olur. Yəni binada mərkəzləşdirilmiş istilik sistemi olmadıqda, onun ömrü iki dəfə azalır.
Bu mənada ekspertlərin fikrincə, binalarda mərkəzi istilik sisteminin olması mütləqdir. Əksər Qərb ölkələrdə binalarda mərkəzi istilik sistemi var və temperatur sabit saxlanılır. Bu, həm də enerjiyə qənaət məqsədi güdür. Qeyd edək ki, mənzillərin mərkəzi istilik sistemi ilə qızdırılması məsələsi son günlərdə bir çox xarici ölkələrdə də gündəmə gəlib. Məsələn, Estoniyada Ədliyyə Nazirliyinin bu ölkənin mənzil qanunvericiliyinə əlavə etmək istədiyi düzəlişə görə, bina sahibləri, həmçinin kooperativ üzvləri qış aylarında boş mənzilləri də isitməlidir. Bununla bağlı qanun həyata keçərsə, çoxmərtəbəli binaların hamısının mərkəzi istilik sistemi ilə təchiz edilməsi, həmçinin binada yaşamayan sakinlərin də mənzilləri qızdırması vacib görülür.
Amma məsələnin başqa cür həlli də var və Türkiyədə bu problem bir neçə il qabaq gündəmə gəlib. Onda İstanbul rəhbərliyi iş adamlarına yeni binalardakı mənzilləri kirayəyə verməklə, məskunluğu təmin etməyi tövsiyyə etmişdi. Yəni binalar boş qalmaqdansa, kirayə vasitəsi ilə gəlir gətirirdi, bu, həm də onların istismara yararlıq səviyyəsini artırdı. Bu binaların məskunlaşması onlardakı mənzillərin satışını da sürətləndirdi, adamlar bir neçə il kirayədə qaldığı mənzillərə alışdılar və onların içində həmin mənzilləri alanlar da artdı. Lakin Azərbaycanda tikinti şirkətləri bu təcrübədən istifadə etməyə çalışmırlar. Bütün bunlar isə yuxarıda qeyd olunduğu kimi yeni inşa edilən çoxmərtəbəli binalarda minlərlə boş mənzilin olması ilə müşayiət olunur. Boş mənzillərin yaratdığı böyük fəsadlar barədə isə yuxarıda qeyd olundu. Ekspertlər hesab edir ki, yaranmış bu problemin həlli üçün ya tikinti şirkətləri özləri müəyyən addım atmalı, ya da məsələyə inzibati qaydada müdaxilə olunmalıdır. Ən yaxşı çıxış yolu isə qeyd edildiyi kimi boş mənzillərin aşağı qiymətlə kirayəyə verilməsidir. Təbii ki, söhbət burada əsas etibarı ilə satılmayan və boş qalan mənzillərdən gedir.