Əlaqə Arxiv
news Image
2013.05.17
08:43
| A A A
İrandan Azərbaycana qarşı yeni məkrli iddialar
İran parlamentinin Milli təhlükəksizlik və xarici siyasət komissiyasının üzvünün açıqlamaları iki ölkə arasında münasibətlərə xələl gətirir

Cənub qonşumuzun Azərbaycana münasibətdə heç də səmimi münasibətlər bəsləmədiyi danılmaz həqiqətdir. Bunu bir sıra İran rəsmilərinin, xüsusən də deputatlarının, ayətullahların vaxtaşırı səslənən açıqlamaları, eyni zamanda Tehran-İrəvan münasibətləri, İran tərəfindən dəstəklədiyi üzə çıxan və Azərbaycanda pozucu fəaliyyət göstərmək istəyən, lakin vaxtında zərərsizləşdirilən qrupların, Azərbaycan Milli Elmlər akademiyasının işçisi Xalidə Xalidin əsassız həbsi timasalında görmək olar.

Görünən odur ki, İran təmsilçiləri Azərbaycana qarşı bu qəbildən olan fəaliyyətə hələ də son qoymaq istəmir. Bunu İran parlamentinin Milli təhlükəksizlik və xarici siyasət komissiyasının üzvü Mehdi Sanayinin açıqlamaları da təsdiq edir.

Onun iddiasına görə, ABŞ və İsrail İran-Azərbaycan münasibətlərinə zərbə vurmaq üçün genişmiqyaslı fəaliyyət göstərirlər: "Bəzən bu o həddə çatır ki, Azərbaycanı İran düşmənlərinin, xüsusən də İran Xalq Mücahidləri Təşkilatının əsas məntəqələrindən birinə çevirməyə, onun ərazisində hərbi bazalar yaratmağa çalışırlar". Ancaq iranlı deputatın bütün ittihamlarını əsasız olduğunu elə Tehran özü də yaxşı bilir. Çünki Azərbaycan ən yüksək səviyyədə ərazisindən İrana qarşı istifadəyə icazə verməyəcəyini dəfələrlə bildirib. Eləcə də İran Xalq Mücahidləri Təşkilatının üzvlərinin Azərbaycan ərazilərində yerləşdirilməsinə dair İranın əvvəllər də səsləndirdiyi iddiaların həqiqət olmadığı dəfələrlə bəyan edilib.

Sadəcə, ABŞ-da İran Xalq Mücahidləri Təşkilatının (İXMT) fəaliyyətini bərpa etməsi Tehranı qorxuya salıb. Xatırladaq ki, bu təşkilatın adı terrorçu təşkilatlar sırasından çıxarılıb. Son olaraq bu təşkilat 11 illik fasilədən sonra Birləşmiş Ştatlarda leqal fəaliyyətə başlayıb. İXMT-nin ofisi aprelin 11-də paytaxt Vaşinqtonda Ağ Evin yaxınlığında açılıb. Rəsmi aşılış törənində ABŞ-ın sabiq BMT səfiri Con Bolton və başqaları iştirak ediblər.

Bir vaxtlar mənfur Pəhləvi rejiminə qarşı savaş açmış bu inqilabi solçu təşkilatın adı sonralar Qərbdə terrorçu təşkilatlar sırasına salınmışdı. Lakin onların İranın indiki rejiminə qarşı mücadiləsini haqlı görən Avropa Birliyi və Böyük Britaniya İran hakimiyyətinin ən böyük müxalif qruplarından sayılan İran Xalq Mücahidlər Təşkilatının adını 2008-ci ildə, ABŞ isə 2012-ci ildə terrorçu təşkilatlar siyahısından çıxardı. İXMT İranda şahlıq dövründə, 1960-cı illərin sonunda yaradılıb, 1980-ci illərdə İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra İXMT-nin minlərlə üzvü zindanlarda edam edilib, xeyli şəxs isə xarici ölkələrə mühacirət edib. Təşkilatın silahlı qanadı əsasən İraqdakı "Əşrəf" hərbi düşərgəsində cəmləşmişdi. ABŞ-ın 2003-cü ildə İraqa hərbi hücumundan sonra bu ölkədəki mücahidlər tamam tərk-silah edilərək "Əşrəf" düşərgəsində ABŞ ordusunun nəzarətində saxlanılıb. 2009-cu ildə ABŞ hökuməti bu qərargahın nəzarətini İraq hökumətinə tapşırıb. İXMT-nin Azərbaycanda üzvlərinin yerləşdirilməsinə dair İranın vaxtaşırı səsləndirdiyi fikirlər isə sadəcə cəfəngiyyatdır.

Mehdi Sanayinin cəfəng açıqlamalı isə bununla yekunlaşmır. Onun iddiasına görə, Azərbaycan, eləcə də qafqazın böyük bir hissəsi vaxtı ilə İrana məxsus olub. Bu məsələnin elmi və hüquqi dairələrdə müzakirəsinin mümkünlüyündən dəm vuran Mehdi Sanayi Türkmənçay müqaviəlsi ilə bağlı mövzuya da yenidən qayıdıb və onu ləğvinin gündəmə gətirilməsini Bakının siyasətinə cavab kimi qiymətləndirib. Halbuki Türkmənçay müqaviləsinin ləğvi İran ərazilərinin böyük bir hissəsinin Azərbaycana qaytarılmalı olduğu anlamına gəlir.

Mehdi Sanayi isə iddialarını davam etdirərək bildirir ki, bütün bunlar fonunda Azərbaycan İranla bağlı siyasətində daha korrekt olmalıdır. Halbuki bu şəxs bilməmiş deyil ki, Azərbaycan siyasətini müstəqil müəyyən edir və heç kimdən göstəriş almır. Bununla yanaşı, Mehdi Sanayi Azərbaycanda islam partiyalarını fəaliyyətinə heç bir məhdudiyyət qoyulmalı olmadığını bildirir. Əslində, qanun çərçivəsində ölkəmizdə partiyaların fəaliyyətinə qadağa yoxdur. Qanundan kənar, milli maraqlara ziddi fəaliyyət olduqda isə müvafiq dövlət struktarları lazımi tədbirlər görür. Belə vəziyyət isə görünür, İranı ciddi şəkildə qıcıqlandırır. Mehdi Sanayi isə bu fonda iddia edir ki, İran regionda ilk skripkada çalan dövlətdir və Azərbaycan bununla hesablaşmalıdır. Lakin Azərbaycan əvvəllər də bu cür hədələi çox eşidib və yalnız öz milli maraqları çərçivəsində fəaliyyət göstərib. Mehdi Sanayinin açıqlamaları isə sadəcə iki ölkə arasında münasibətlərə xələl gətirməkdən başqa heç nəyə xidmət etmir.

Sizin Reklam Yeriniz