Əlaqə Arxiv
news Image
2013.05.23
08:16
| A A A
Bakıdan Naxçıvana uzanacaq dəmir yoluna təhlükə
Qonşu Gürcüstanda baş verənlər Bakı-Tiflis-Qarsla yanaşı, Qars-İğdır-Naxçıvan dəmir yolu üçün də təhdid yaradır

Azərbaycanın iqtisadi sferada əsas hədəflərindən biri də Naxçıvanla dəmir yolu əlaqəsinin yaradılmasıdır. Bunun üçün ölkəmiz xeyli müddətdir ki, Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisini xüsusi diqqət mərkəzində saxlayır. Hələ bir neçə il əvvəl belə bir layihənin baş tutması üçün lazımi məlumatları Azərbaycan Türkiyə tərəfinə təqdim edib.

Qeyd edək ki, Qars-İğdır-Naxçıvan dəmir yolu Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu bağlantısının davamı olacaq. Layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası ərazisində Muxtar Respublikanı Türkiyə ilə birləşdirəcək dəmir yolunun tikintisi nəzərdə tutulur.

Qeyd edək ki, bir müddət əvvəl Bakı-Tiflis-Qars dəmiryolunun Naxçıvana bağlanması ilə bağlı etüd çalışmalara da start verilib. Qars-Naxçıvan dəmir yolunun inşası ilə bağlı layihənin hazırlanması üçün hökumət Azərbaycan Dəmir Yolları" QSC-yə müvafiq tapşırıq verib. Bununla əlaqədar olaraq dəmiryolunda Nəqliyyat Nazirliyi nümayəndələrinin iştirakı ilə xüsusi komissiya yaradılıb. Azərbaycan bu məsələdə Türkiyə dəmiryolları ilə də əlaqə saxlayır, çünki Naxçıvan-Qars dəmir yolunun layihələndirilməsi Türkiyə tərəfindən aparılacaq. Qars şəhərindən Türkiyə-Azərbaycan sərhədinədək olan təqribən 230 km ərazidə yeni dəmir yolunun çəkilməsi nəzərdə tutulur ki, bu da təqribən 1 milyard dollara başa gələcək. Dəmir yolunun Türkiyə ərazisində olmasına baxmayaraq, bu yolun Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, Azərbaycan yolun tikintisi üçün Türkiyəyə layihənin bütün dəyəri məbləğində - 1 milyard dollar həcmində güzəştli kredit ayıra biləcəyini açıqlayıb. Qeyd edək ki, analoji mexanizm Bakı-Tiflis-Qars dəmir yolunun tikintisində də tətbiq edilib. Həmin layihə çərçivəsində yolun Gürcüstan hissəsinin tikintisi üçün Azərbaycan Gürcüstana 775 milyon dollar uzunmüddətli güzəştli kredit ayırıb.

Bir məqamı da bildirək ki, Naxçıvan-Qars dəmir yolu layihəsi istiqamətində texniki-iqtisadi əsaslandırma başa çatıb. Yolun çəkilişi iki ölkə ərazisində icra olunacaq. Naxçıvan MR ərazisinə düşən hissənin çəkilişi yalnız Azərbaycan tərəfindən aparılacaq. Türkiyə ərazisinə düşən hissənin çəkilişinin kimə həvalə olunacağı hələ təyin olunmayıb. Azərbaycan sözügedən dəmiryolunun inşası üçün lazımi həcmdə kredit ayırmağa hazır olduğuun bildirir. Lakin Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi iəl bağlı Gürcüstanda yaşananlar Qars-İğdır-Naxçıvan layhiəsinin realaşmasına da ciddi əngəl yarada bilər. Hər halda Gürcüstan prezidenti Mixail Saakaşvilinin açıqlamaları bunu deməyə əsas verir. Saakaşvili vurğulayır ki, yeni hökumətin yanlış siyasəti nəticəsində Gürcüstanın qonşu dövlətlərlə ciddi problemləri var: "Qars-Axalkalaki dəmir yolunun tikintisi dayandırılıb, Azərbaycanla münasibətlərdə strateji fəlakət ehtimalı çox böyükdür, həmçinin Türkiyə ilə də bir sıra sərmayə layihələri dayandırılıb. Mən şəxsən bundan çox narahatam, yəqin ki, bu, başqalarının da ürəyincə deyil. Ümid edirəm, hökumət də narahatdır. Bunların hamısı - üzərində bu vaxtadək çalışdığımız layihələrdir və biz istəməzdik ki, bunlar boşa çıxsın. Gürcüstan təcriddə qala biləcək sərvətə malik deyil".

Qeyd edək ki, Bakı-Tiflis-Qars dəmiryolu xətti layihəsi üzrə əsas işlər yekunlaşıb. Lakin Gürcüstanın yeni hökuməti belə görünür ki, müəyyən problemlər yaradır. Bu, Gürcüstanı özü üçün də ciddi fəsadların yarana biləcəyindən xəbər verir.

Qeyd edək ki, 2007-ci il noyabrın 21-də Gürcüstanın Marabda kəndində Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tikintisinin təməli qoyulub. Dəmir yolu xətti Bakıdan Gürcüstanın Tiflis və Axalkalaki, oradan da Türkiyənin Qars şəhərinə gedəcək. Bu dəmir yolu Azərbaycanla Türkiyəni birləşdirəcək. BTQ Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan böyük əhəmiyyət daşıyır. Dəmir yolu vasitəsilə Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa çıxış əldə edəcək. Dəmir yolu ilə bir günə Qarsa və iki gün yarıma İstanbula getmək mümkün olacaq. Dəmir yolu xəttinin tikintisinə 2005-ci ildə başlanması nəzərdə tutulsa da, həmin dövrdə maliyyə mənbələrinin olmaması tikintinin başlanmasını ləngidib. Layihənin 2010-cu ildə bitməsi planlaşdırılsa da, 2008-ci ilin yayında baş vermiş Rusiya-Gürcüstan müharibəsi və qlobal maliyyə böhranı layihənin həyata keçirilməsini ləngitdi. Buna baxmayaraq, işlər davam etdirilir və 2014-cü ildə tikintinin tam başa çatması gözlənir.

Xatırladaq ki, müvafiq müqavilə əsasında Azərbaycan hökuməti Gürcüstan tərəfinə layihənin Gürcüstan hissəsinə 775 milyon ABŞ dolları məbləğində güzəştli kredit ayırıb. Regionun əksər ölkələri, o cümlədən Orta Asiya və Avropa ölkələri bu layihəyə böyük maraq göstərib və onun reallaşmasını dəstəkləyib. Azərbaycanda hesab edilir ki, bu layihənin regionda və regiondan kənar böyük strateji, iqtisadi əhəmiyyəti var.

Sizin Reklam Yeriniz