ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri fonunda Qarabağ münaqişəsinin danışıqlar yolu ilə mümkün həlli yenidən aktual müzakirə predmetinə çevrilib. Onu da bildirək ki, bu, nazirlərin Krakov görüşünün nəticələrini ölkə rəhbərləri ilə müzakirə etmək üçün Bakı və İrəvana qısamüddətli səfərdir. Xatırladaq ki, mayın 17-də Polşanın Krakov şəhərində həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçirilib.
Siyasi müşahidəçilər hesab edir ki, vasitəçilər Azərbaycan və Ermənistan arasında münaqişənin həllini nəzərdə tutan baza prinsiplərini razılaşdırmağa çalışırlar.
Maraqlıdır ki, Ermənistandakı müəyyən siyasi dairələr Azərbaycanın işğal olunmuş ərazilərinin bir hissəsinin qaytarılacağının qaçılmaz olduğunu deyirlər. İşğalçı ölkənin xarici işlər naziri Edvard Nalbandyanın Krakov görüşündən öncə İrəvanın 6 prinsipi imzalamağa hazır olduğunu deməsi də təsadüfi deyil. Belə ki, təcavüzkar ölkə vasitəçilərin prinsiplərin razılaşdırılmasına dair istəyinin qəbul etmə görüntüsünü yaratmağa çalışır. Çünki rəsmi Bakı bu vaxta qədər danışıqlar prosesində hansısa ümidverici meyllərin müşahidə olunduğunu təsdiqləməyib. Azərbaycan tərəfi baza prinsiplərinin razılaşdırılmasını əhəmiyyətli hesab etmir və birbaşa yekun sülh sazişi üzərində işə başlamağı təklif edir. Çünki baza prinsiplərinin razılaşdırılması sülh prosesinin yalnız bir hissəsidir və danışıqlarının bundan sonra da qeyri-müəyyən vaxtadək uzadılması deməkdir. Siyasi müşahidəçilər bildirir ki, işğalçı Ermənistanın baza prisiplərinin razılaşdırılmasına can atması da bununla bağlıdır. Təcavüzkar ölkə böyük sülh sazişinin imzalanmasından boyun qaçırmaqla əslində işğal faktı ilə tələb olunan əsas öhdəliklərindən yaxa qurtarmağa çalışır.
Bu arada rəsmi Bakı Ermənistanın imzalamağa hazır olduğu 6 prinsipi açıqlayıb. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib ki, birinci prinsip Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması, ikinci Dağlıq Qarabağa müvəqqəti statusun verilməsi, öz müqəddəratını təyinetmə və təhlükəsizliyə təminat, üçüncü qaçqınların öz doğma yurd-yuvalarına qayıtması, dördüncü Ermənistanla Dağlıq Qarabağ arasında dəhlizin açılması, beşinci Dağlıq Qarabağın gələcək statusunun hüquqi əsaslarla müəyyənləşdirilməsi, altıncı isə beynəlxalq təhlükəsizlik, o cümlədən sülh prosesinə dəstək prinsipidir. Rəsmi Bakı danışıqlar zamanı bu prinsipləri qəbul etdiyini bildirib. Əgər işğalçı ölkə həqiqətən də bu prinsipləri qəbul etsə, böyük sülh sazişinin üzərində işə başlamaq olar. Əks halda müharibə qaçılmaz sayılır.
Bunu əksər əcnəbi ekspertlər də təsdiq edirlər. Məsələn, Rusiya İslam Komitəsinin sədri, politoloq Heydər Camal yaxın vaxtlarda müharibənin başlanma ehtimalının da yüksək olduğunu söyləyib: "Dağlıq Qarabağda müharibə hər an başlaya bilər. Azərbaycan tərəfi danışıqların heç bir nəticə vermədiyini görüb öz torpaqlarını müharibə yolu ilə işğaldan azad etmək istəyir". Avstriya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Karl Öllenger də daha əvvəl bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırkı situasiyadan müharibə qoxusu gəlir. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan arasında münaqişə ətrafında gərginlik yaranıb: "Bu aradan qaldırılmalıdır və bunun alova çevrilməsinə yol vermək olmaz".
Rusiya İctimai-Siyasi Tədqiqatlar Mərkəzinin direktoru, hərbi-ekspert Vladimir Yevseyev də bildirib ki, Dağlıq Qarabağda yeni müharibənin başlanması ehtimalı son dərəcə yüksəkdir: "Bu il ərzində konflikti kritik vəziyyətə gətirəcək hadisələrin olması mümkündür. 2013-cü il ərzində konfliktin düyünü açılmasa, müharibə qaçılmaz olacaq".
İspaniyanın müdafiə naziri Pedro Morenes Alvaro de Eulate isə qeyd edir ki, BMT-nin sülhün təmin olunmasına yönəlmiş qətnamələrinə ciddi şəkildə əməl edilməlidir. İspaniyalı nazir 1990-cı illərin əvvəllərində BMT tərəfindən Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsi faktı üzrə qəbul edilmiş dörd qətnamənin yerinə yetirilməməsindən təəccübləndiyini ifadə edib: "Mən bu qətnamələrin icrasının tərəfdarıyam. Çünki səbrin tükəndiyi an daha dəhşətli mənzərələr yarana bilər. Mən bunu başa düşürəm. Ona görə də bir daha təkrar edirəm ki, sülhə yönələn BMT qətnamələri ciddi şəkildə yerinə yetirilməlidir". Qeyd edək ki, Azərbaycan tərəfi isə mövcud satus kvonun dəiyşdirilməsini tələb etməklə yanaşı, öz ərazi bütövlüyünü bərpa etməkdə israrlıdır.