Qusar rayonunda yaşayan Qərib İbrahimxəlil oğlu Fərzəliyevin həyat yoldaşı kiçik oğlu Mahirə toy edəndən bir müddət sonra dünyasını dəyişib.
Həyat yoldaşı vəfat edəndən sonra Qərib kişi oğlu
Mahir və gəlini Afətlə bir evdə yaşayıb.
İçkiyə meyilli olan Qərib kişi hər gün evə sərxoş gəlib. O, sərxoş
olanda gəlinin yanında söyüş söyüb. Bu səbəbdən də Qəriblə oğlu
Mahir arasında tez-tez mübahisələr baş verib.
Ata oğluna bir daha söyüş söyməyəcəyinə söz versə də içki içəndən
sonra verdiyi sözü unudub. Sərxoş qayınataya dözməyən gəlin evdən
qaçıb. Mahir Fərzəliyev bir müddət subay yaşamalı olub.
Oğlunun onun ucbatından tək yaşadığını görən ata, ona yenidən
evlənsə bir daha içki içməyəcəyinə söz verib. Mahirin birinci həyat
yoldaşı bir daha o evə qayıtmayacağını bildirəndə Mahir başqası ilə
ailə həyatı qurub.
Evin yeni gəlini Şəhla Şirinova olub. Yeni gəlin gələndən sonra
Qərib kişi uzun müddət içki içməyib. Oğlu və gəlini ilə mehriban
dolanıb. Bir gün toya gedən Qərib kişi sərxoş qayıdıb. Və bundan
sonra hər gün içki içməyə başlayıb.
Sərxoş olan Qərib əvvəlki kimi yenə söyüş söyməyə başlayıb. Birinci
gəlindən fərqli olaraq ikinci gəlin daha diribaş olub. Qayınata bir
deyəndə o iki deyib. Bu səbəbdən də evdə narazılıqlar get-gedə
artıb.
Bir gün günorta vaxtı evə sərxoş gələn Qərib kişi gəlininə "sənin
ananla evlənəcəyəm" deyib.
Gəlin ona "anam qoca arvaddır, onunla nə işin var. Özünə arvad tapa
bilmirsən, gəlib mənim anama sataşırsan" cavabını verib.
Qərib öz növbəsində gəlininə söyüşlə cavab verib. Gəlinini söyən
Qərib öz otağına gedib. Əsəbiləşən gəlin əlinə dəmir parçası
götürərək evin arxasına keçib. Oradan qayınatasının otağının
pəncərəsinə daş ataraq şüşəni sındırıb. Şüşənin sındığını görən
Qərib otaqdan çıxıb gəlini vurmaq istəyəndə, Şəhla əlində olan
dəmir parçası ilə ona zərbələr endirib.
Üçüncü zərbədən sonra sakitləşən gəlin qayınatasına su gətirib.
Axşam evə gələn oğlu atasının halının pis olmasını görəndə onu
Qusar rayon mərkəzi xəstəxanasına aparıb. Həkimlər yaşlı kişinin
döyüldüyünü görəndə polisə məlumat veriblər.
Bir gün sonra vəziyyəti yaxşılaşan Qərib kişini xəstəxanada
polislər dindirib. Gəlinini ələ vermək istəməyən qayınata polislərə
yıxıldığını bildirib. Həmin günün axşamı isə xəstəxanadan
qaçıb.
Şəhla Şirinova evə gələn qayınatasına aralarında heç nə baş
verməmiş kimi qulluq edib. 5 gün sonra Qərib Fərzəliyevin halı
yenidən pisləşib. Oğlanları onu xəstəxanaya aparanda artıq gec
olub. Qərib Fərzəliyev xəstəxanada dünyasını dəyişib.
Hadisə barədə məlumat alan polis və prokurorluq əməkdaşları
araşdırmalara başlayıb və nəticədə Qərib kişinin ölümündə Şəhla
Şirinovanın günahı olması qənaətinə gələrək onu həbs ediblər.
İstintaq orqanı Şəhla Şirinovanın əməlini Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə qiymətləndirib.
Şəhla Şirinova məhkəmədə qayınatasını öldürmək fikrində olmadığını,
anası ilə evlənəcəyini dediyi üçün onu qorxutmaq istədiyi bildirib.
Onun sözlərinə görə, əgər Qərib kişini öldürmək istəsəydi evdə
onlardan başqa heç kim olmadığından onu ölənəcən döyərdi.
Gəlinlərinin bu sözləri Qərib Fərzəliyevin böyük oğlu Tərlanı
əsəbiləşdirib. Tərlan bildirib ki, gəlinləri bu yolla özünü müdafiə
edir. 100-ə yaxın yaşı olan atalarının evlənmək fikri olmayıb.
Tərlan atasının əvvəllər də Şəhla tərəfindən döyülməsini
bildirib.
Şəhla da cavabında deyib ki, "əgər bilirdinsə mən atanı döyürəm
niyə aparıb yanında saxlamırdın" - deyə soruşub.
Tərlan susanda Şəhla onun yerinə özü cavab verib ki, çünki bütün
günü içib pis-pis söyüşlər söyürdü, ona görə, indi də gəlib burada
ağlayırsan yalandan.
Məhkəmə Şəhlanın əri, mərhum Qəribin oğlu Mahirin də ifadəsini
dinləyib. Mahir birinci ailəsinin atasının evdə tez-tez söyüş
söyməsi ucbatından dağılmasını bildirib. Şəhlaya gəldik isə Mahir
ona qanunla nəzərdə tutulan qaydada cəza verilməsini istəyib.
Bütün tərəfləri dinləyən məhkəmə Şəhla Şirinovanı Cinayət
Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurmanın
ehtiyatsızlıqdan zərərçəkən şəxsin ölümünə səbəb olması) maddəsi
ilə təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum
edib.