Əcnəbi filmlərlə müqayisədə müasir Azərbaycan kinosuna marağın getdikcə azalması danılmaz həqiqətdir. Bu mənada Azərbaycan filmlərinin daha geniş təbliğinə geniş ehtiyac yaranır. Bel əvasitələrdən biri də açıq havada yaradılan kinoteatrlar və burada Azərbaycan filmlərinin pulsuz nümayişidir. Sovetlər dönəmində müxtəlif şəhərlərdə bu qəbildən olan kinoteatrlara rast gəlinirdi. Sonrlaan ləğv edilən bu kinoteatrların fəaliyyətinin bərpasına getdikcə daha böyük ehtiyac yaranır.
Xalq artisti, görkəmli aktyor Fuad Poladov məsələ ilə bağıl Mövqe.az-a açıqlamasında bununla bağlı qeyd edir: "Pul ilə bileti satılan kinoteatrlara tamaşaçılar gəlmir. Fikrimcə, kino sahəsində əvvəlcə başqa təbliğat xarakterli tədbirlər aparılmalıdır. Hətta açıq havada pulsuz kinolar göstərilsə belə, inanımıram ki, gələn olar. İnsanlarda kinoya maraq azdır, deyərdim ki, yox dərəcəsindədir. Yaxşı filmlərimiz var idi. Amma o vaxtdan bu yana çox zaman itirilib. Ən yaxşısı möhtəşəm filmlər çəkilib və yaxşı təbliğ olunmalıdır ki, tamaşaçıda heç olmasa, maraq yarana bilsin. Bu gün Azərbaycan istehsalı olan yaxşı filmlər çəkilməsinə böyük ehtiyac var".
Xalq artisti, aktyor Tariyel Qasımov isə bildirir: " Vallah, mən sovet dövründə doğulmuşam, ancaq elə kinoteatrları görməmişəm. Pulsuz tədbirlər, yığıncaqlar olurdu. Amma pulsuz açıq havada kino göstərsinlər, hamı da gəlib-gedib baxsın, bunu görməmişəm. Mən Gənc Tamaşaçılar Teatrında işləyirəm. Bizim teatrda arada-bir pulsuz tamaşalar göstərilir. Belə pulsuz tamaşalar həftədə bir dəfə də, ayda bir dəfə də olur.
Onu da qeyd edim ki, bu gün bizdə "Azərbaycan" və "Nizami" kinoteatrlarından başqa kinoteatr tanımıram və görməmişəm. Bütün kinoteatrlar özəlləşdirilib, ya satılıb, bilmərəm.... Ancaq onların da biletləri bir az bahadır. İnsanlar 1 saat üçün o pulu verib, kinoya gedə bilmirlər. Kasıb adamların isə ümumiyyətlə, heç gücü çatmır ki, o məbləği ödəyib, kino seyrcisinə çevrilsin".