Əlaqə Arxiv
news Image
2013.05.29
16:52
| A A A
İstirahət üçün rayonlara üz tutanlar yenə qiymətlərdən narazıdır
Hüseyn Hüseynov: «Qiymətlərdə ucuzlaşmaının ləng getməsinin bir neçə obyektiv səbəbləri mövcuddur» Nərmin İbrahimova: «Mövsümlə əlaqədar rayonlara istirahət məqsədilə üz tutanların sayı artıb və bəzi iş adamları bundan istifadə edirlər»

Havaların isinməsi və təbiətin yaşıllığa boyanması fonunda istirahət üçün rayonlara üz tutanların sayında yenidən artım yaşanır. Lakin ötən illərdə olduğu kimi bu dəfə də gözəl təbiətə malik rayonlara istirahətə üz tutanlar xidmət üçün qiymətlərin yüksək olmasından narazılıq edirlər. Eyni sözləri regionlarda iaşə obyektləri, restoran və kafelər haqda da demək olar. Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Hüseyn Hüseynov Mövqe.az-a açıqlamasında bildirir: "Bildiyiniz kimi yay mövsümünün gəlməsi ilə əlaqədər artıq həm ölkədən kənarda, həm də ölkə daxilində istirahət etmək məqsədi ilə insanlar müxtəlif istirahət mərkəzlərinə üz tuturlar. Statistikaya nəzər salsaq, ölkədən kənarda istirahətə üstünlük verənlərin daha çox hissəsi Türkiyənin müxtəlif regionlarına və az bir qismi isə Avropa ölkələrindən İspaniya, Yunanıstan, İtaliya və s. istiqamətlərə üz tuturlar. Lakin son zamanlar Asiya turizminə də maraq artıb.

Ancaq əvvəl də qeyd etdiyim kimi ölkə daxilində istirahətə üstünlük verənlərin də sayı az deyil. Bu sahədə ölkənin istər şimal rayonları, istərsə də cənub rayonları hər il minlərələ yerli və xarici turist qəbul edirlər. Son 10 illik dövrə də nəzər salsaq, 90-cı illərələ müqayisədə turizm infrastukturunun dəyişdiyini və bu sahəyə dövlət dəstəyinin artığını da müşahidə etmək mümkündür. Hətta bununla bağlı "Azərbaycan Respublikasında 2010 — 2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" qəbul edilmişdir. Beynəlxalq təcrübəyə də nəzər salsaq, turizm öz perspektivinə görə qeyri-neft sahələrinin arasında aparıcı mövqe tutur. Amma respublikamizda istirahət edənlərin sayının artımının turizm obyektlərində qiymət artımına təsirini zəif qiymətləndirmək olar. Qiymətlərdə ucuzlaşmaının ləng getməsinin bir neçə obyektiv səbəbləri mövcuddur. İlkin olaraq respublikamizda bazar iqtisadiyyatının olması və bunun tələblərindən irəli gələrək qiymətlərin bazarda formalaşmasını göstərmək mümkündür. Bunla yanaşı, rəqabət mühitinin zəif olması və qiymətlərdə diskriminasiyanın zəifliyi daha qabarıq hiss olunur. Belə ki, turizm obyektlərin arasında xidmətlərin təkmilləşdirilməsi sahəsində rəqabət zəifdir. Fəaliyyət göstərən obyektlərin demək olar ki, böyük əksəriyyəti eyni xidmətlərlə çıxış edir. Gündəlik proqramlarında əyləncə ilə bağlı animasiyalar və turistlərin istirahətinin daha maraqlı təşkili ilə bağlı heç bir addımlar atılmır. Belə olan halda təklif olunan turist xidmətləri eyni tipli və eyni qiymətli olduğundan turistlərin seçim etmək imkanlarını zəiflədir. İstirahətə üz tutan turistlər artıq qiymətə görə deyil, yalnız obyektin yerləşmə yerinə uyğun seçim edirlər.

Bununla yanaşı, bəzi yerlərdə turizm infrastukturunun zəifliyi də süni artımların yaranmasına səbəb ola bilir. Burada ticarət obyektlərinin olmaması və adi gündəlik istifadə olunan məhsulların belə fəaliyyət göstərən mərkəzin daxilində seçim imkanı olmadan əldə edilməsi qiymətin süni artımının yaranmasına səbəb olan amillərdən biridir.

Digər səbəblərdən biri kimi insanlar tərəfindən daha çox bəyənilən və təbiəti səfalı olan ərazidə fəaliyyət göstərən turizm obyekti ilə rəqabətə girə biləcək mərkəzin olmaması və yaradılmasına müxtəlif obyektiv və subyektiv maneələrin tətbiq olunmasıdır. Bununla yanaşı, turizm obyektlərində qiymətlərə nəzarət mexanizminin zəif olmasını, yaxud düzgün qurulmamasının süni artımların səmərəli tənzimlənməməsinə səbəb ola bilir. Süni qiymət artımının tənzimlənməsi üçün turizm infrastrukturu inkişaf etdirilməsi, qiymətlərə nəzarət mexanizmi gücləndirilməli və rəqabət qabiliyyəti və rentabillik artırılmalıdır ".

İqtisadçı ekspert Nərmin İbrahimova isə bildirir : " Havalar istiləşdikcə, rayonlara, bölgələrə, həmçinin, xarici ölkələrə istirahət üçün gedənlərin sayı çoxalır. Mövsümlə əlaqədar bu il də istirahət üçün rayonlar və ya xarici ölkələrə üz tutan vətəndaşlar qiymət artımı kimi xoş olmayan surprizlərlə qarşılaşırlar. Ən maraqlısı da budur ki, hər il istirahət mərkəzlərinin qiyməti ucuzlaşmaq əvəzinə artır… Otel və digər istirahət məkanlarında süni qiymət artımı mövsumi xarakterlidir. Belə ki, mövsümlə əlaqədar rayonlara istirahət məqsədilə üz tutanların sayı artıb, deməli, tələbat artıb və bəzi iş adamları bundan istifadə edirlər. Başqa sözlə desək, süni qiymət artımına səbəb bəzi iş adamlarının qısa müddət ərzində daha çox pul qazanmaq istəyidir. Lakin qeyd etmək lazımdır ki, süni qiymət artımı bazar qaydaları və ümumiyyətlə, ölkə qanunvericiliyə ziddir və süni qiymət artımı təzimləməkdə yalnız dövlət deyil, iş adamları da maraqlı olmalıdır. Ümumiyyətlə, dünya praktikasında süni qiymət artımına qarşı mübarizə aparmaq və eləcə qiymətlərin tənzimlənməsinə nail olmaq məqsədilə inzibati sanksiyaların həyata keçirilməsi qanunvericiliklə tənzimlənir. Azərbaycanda süni qiymət artımını tənzimləmək məqsədilə Rəqabət Məcəlləsi Milli Məclisə təqdim olunub, lakin indiyədək qanun qəbul edilməyib. Rəqabət Məcəlləsənin qəbulu mövsümlə əlaqədar olaraq süni qiymət artımı müşahidə olunan otel və digər istirahət məkanlarında qiymət artımını tənzimləyəcək".



Sizin Reklam Yeriniz