Xəbər verildiyi kimi, Rusiya Dövlət Dumasında 5 milyon rubldan (152 min dollar) daha bahalı avtomobil sürən insanlara qarşı tətbiq olunan vergilərin xeyli artırılmasını nəzərdə tutan qanun layihəsi hazırlanıb. Belə ki, qanun layihəsinə görə, 5 -10 milyon rubla alınan avtomobillərə özünün qiymətinin iki qatında vergi tətbiq olunacaq. 10-15 milyon rubla avtomobil alanlar isə onun qiymətinin üç qatında vergi ödəməli olacaq. Hətta yüksək vergi rüsumlarının Rusiyada dəbdəbəli malikanələrə də tətbiq ediləcəyi istisna edilmir. Mütəxəssislər belə hesab edir ki, oxşar prinsipin ölkəmizə də tətbiqi məqsədəuyğundur.
Azərbaycan Texniki Universitetin "Avtomobil nəqliyyatı vasitələri" kafedrasının müdiri, texnika elmləri namizədi, dosent Sülhəddin Gözəlov bildirir ki, bu məsələ ilə bağlı çoxdan təkliflər verilib: "Bütün dünyada avtonəqliyyat vasitələrinin mühərrikinin həcmi artdıqca, onlara qoyulan vergi rüsumları da həndəsi silsilə ilə artır. İndiki rüsumlarla müqayisədə həmin vergi rüsumları 2 - 4 dəfə artıqdır. Bu qanun avtomobillər yanacaq sərf etdiyi üçün vahid nəqliyyat işinə düşən xüsusi yanacaq sərfini azaldacaq. Həmçinin, ölkənin enerji resurslarına qənaət etmək baxımından çox önəmlidir. Digər tərəfdən, böyük həcmli avtomobillər ətraf mühiti kifayət qədər çox zəhərləyirlər. Təbii ki, o da işlətdiyi yanacağın miqdarına adekvat vergi rüsumları verməlidir. Yəni, mühərrikin həcminə görə vergi dəyişməlidir ki, o, ətraf mühitin çirklənməsində maraqlı olmasın. Digər tərəfdən, mühərrik həcmi çox olan avtomobillərin qabarit ölçüləri də böyükdür. Buna görə də onların nəqliyyat axınlarında tutduğu sahələr də böyük olur. Bu da hərəkətin təşkilinə maneçilik törədən amildir. Bütün bu amillərə görə bizdə də oxşar məsələ aktualdır. Yaxın zamanlarda bizdə də bu tətbiq olunacaq. Bu praktika inkişaf etmiş ölkələrin hər birində var. Ona görə də insanlar daha çox kiçik həcmli avtomobillər meyl edirlər. Bu gün Avropa ölkələrində şəhər daxilində praktiki olaraq iri avtomobillərə rast gəlmək mümkün deyil. Ancaq onların böyük avtomobilləri də var. Onlar bu avtomobilləri yalnız uzaq səfərlərə gedəndə istifadə edirlər".
Dosent onu da əlavə etdi ki, köhnə avtomobillər də ətraf mühiti daha çox korlayır, külli miqdarda yanacaq yandırır: "Ölkəmizdə bu avtomobillərin sayı çoxdur. İstismar müddəti 10 ildən çox olan avtomobillərin sayı ümumi avtomobil parkının 50 % - dən çoxunu təşkil edir. Ancaq nəzərə almaq lazımdır ki, köhnə avtomobildən istifadə edən insanlarımız sosial cəhətdən yüksək təmin olunmamışlardır. Kasıb insanlar üçün də vergi rüsumlarının qaldırılması bu gün real görünmür. Amma şəhərin daxilində böyük həcmli mühərrikli avtomobildən istifadə etməyə nə ehtiyac var? Özü də 80% hallarda avtomobildə 1 və ya 2 nəfər sərnişin olur. Odur ki, Bakıda iri mühərrikli avtomobillərə iqtisadi rıçaqlarla qadağalar qoymaqla azaltmağın vaxtı çatıb. Köhnə avtomobillərlə bağlı da tədbirlərin görülməsi sonranın işidir. Köhnə avtomobillərin xüsus çəkisi ümumi avtomobillərin 20%-ni təşkil edən vaxtı belə tədbirləri görmək olar".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspert Rəşad Həsənovun sözlərinə görə, Rusiyada bahalı avtomobillərə tətbiq edilən vergilərin artırılması gözlənilən idi: "Bu hal Azərbaycanda da tətbiq edilə bilər. Digər tərəfdən isə son illər ölkədə bahalı avtomobillərin sayı sürətlə artmaqdadır ki, bu da vergi tətbiqində müəyyən dəyişiklərin edilməsini və istehlakın bu növünə vergilərin artırılmasını şərtləndirən iqtisadi sifarişdir. Ümumiyyətlə, bahalı istehlaka yüksək vergi tətbiq edilməsi dünyada geniş yayılmış tendensiyadır. Qlobal maliyyə böhranı isə prosesi daha da sürətləndirib. Burada məqsəd, həm gəlirlərin yenidən bölüşdürülməsini daha ədalətli həyata keçirməyə cəhd, həm də büdcə gəlirlərində vergilərin payını artırmaq istəyi hesab edilir. Digər dolayı səbəb isə nisbətən zəif inkişaf etmiş ölkələrdən vəsaitlərin digərlərinə axınının qarşısını azaltmaqdır. Hazırda Rusiyada qəbul edilən qanunda da əsas məqsədlərdən biri, xaricdən idxal edilən bahalı maşınlara olan tələbatı zəiflətmək və onu daxili istehsala yönəltməkdir ki, bu zaman dövlət ikibaşlı qazanc əldə etmiş olur. Lakin Azərbaycanda yerli avtomobil sənayesi zəif inkişaf etdiyindən tətbiq edilən yüksək vergi dərəcələri ilk növbədə bahalı markalara olan marağı aşağı salmaqla ölkədə qazanılmış pulun digər dövlətlərə axınını azaltmaq, qeyri-neft vergilərinin büdcədəki payını az da olsa artırmaq və uzaq perspektivdə ölkədə rəqabət qabiliyyətli avtomobil sənayesini yaratmaq ola bilər. Məsələ ondadır ki, avtomobillərin hansı qiymət həddindən sonra bahalı hesab edilməsi vacib şərtlərdən biridir. Ölkəmizdə reallığı nəzərə alsaq, təxminən 50 min manatdan yuxarı qiyməti olan avtomobillər bahalı kateqoriyaya aid edilməlidir. Əgər bəzi ölkələrdə tətbiq edilən lüks istehlak qiymətlərindən yola çıxıb 150-200 min qiyməti olan avtomobilləri bahalı hesab etsək, bu, heç də ciddi nəticələrə səbəb olmayacaq. Çünki, qanunlar qəbul edilərkən ilk növbədə tətbiq sferasının böyüklüyü göz önündə olmalıdır. Azərbaycanda isə dediyimiz lüks kateqoriyalı avtomobillər ölkənin ümumi avtomobil arsenalının təxminən 2%-ni əhatə edir və bu da nəzərdə tutulacaq hədəflərin çox aşağısındadır. Bir məsələyə də diqqət etmək lazımdır ki, bu avtomobilləri əhalinin əsasən hansı təbəqəsi istehlak edir? Qanuni yolla və zəhmətlə gəlirlərini təmin edən insanlar əlavə xərcləmələrə və yüksək vergilərə daha həssas yanaşırlar. Nəticədə yüksək vergi tətbiqinə başlanılarsa, ilk reaksiya məhz bu təbəqədən gələcək".