Əlaqə Arxiv
news Image
2013.06.08
08:20
| A A A
Gübrəli meyvə-tərəvəz səhhətimizin qəniminə çevrilir
Fərid Firidunov: “Gübrələr optimal, vaxtında və paralel şəkildə verilməlidir” Vahid Məhərrəmov: “Fotosintez prosesi getməyəndə azotun tərkibindəki nitrat bitkinin ya özündə, ya da onun meyvəsində toplanır”

Bəzən bazardan süfrəmizə qədər gətirdiyimiz meyvə və tərəvəzin daxili zahirən aldanmağımızı sübut edir. Belə ki, xoş görünən pomidor və ya qarpızın ağ zoğlu içi, daxildən rəngi yaşıllaşmış kartof və s. kimi bu hallar həmin məhsulların tələblərə uyğun səviyyədə yetişmə proseslərində qulluğun aşağı səviyyədə olmasından xəbər verir.

Bu gün kənd təsərrüfatı məhsullarının gübrələrsiz başa gəlmədiyini nəzərə alsaq, yararsız məhsullara bir səbəb də gübrəverilmə qaydalarının pozuntusudur. Fermerlər gübrəni ya qədərində, ya da vaxtında verə bilmirlər. Həmin şəxslərin aqrotexniki qulluq təlimlərinə qoşulması hallarına isə nadir hallarda rast gəlinir.

Toxum və Pestisid Ticarətçiləri Assosiasiyasının sədri Fərid Firidunovun fikrincə, fermerlər təlimlərə qoşulmalıdır: "Sovet dövründən mərkəzləşdirilmiş sistem var idi. Fermerlərə nə qədər gübrədən istifadə edəcəyi barədə göstəriş verirdilər. İndi həmin sistem yoxdur. Fermerlər də gübrələrdən necə gəldi istifadə edirlər. Amma bu gün digər ölkələrlə müqayisədə göstəricilərə görə, bizdə fermerlər gübrədən çox az istifadə edir. Xüsusi ilə də açıq sahədə şumun əvvəlində bir az azot gübrəsi verilir. Yalnız bəzi proqressiv fermerlər var ki, onlar gübrələrdən düzgün istifadə edirlər. Amma ümumilikdə, Azərbaycan fermerləri sahələrdə artıq miqdarda gübrədən istifadə etmirlər. Bununla da kifayət qədər məhsuldarlıq əldə edə bilmirlər. Gübrələr optimal, vaxtında və paralel şəkildə verilməlidir. Həm də dünyada belə bir sistem var ki, fermer gübrə verməzdən əvvəl torpaq analiz edilir. Bu analiz əsas verir ki, həmin torpaqda hansı gübrəyə ehtiyac var. Buna uyğun olaraq həmin ehtiyac ödənilməlidir. Ancaq ölkəmizdə çox az sayda fermer torpaq analizi nəticəsində gübrələnmədən istifadə edir. Çünki, hər bir məhsul özü ilə torpaqdan faydalı elementləri aparır. Orada da faydalı element baxımından boşluq yaranır. Ona görə həmin boşluğun müəyyənləşdirilməsi üçün torpaq analizi edilməlidir. Bundan sonra isə torpağa lazım olan gübrələr tətbiq edilir. Yetrincə bilgisi olmayan fermer sadəcə azotdan daha çox istifadə edir. Çünki, azot yeganə gübrədir ki, onu verən kimi nəticəsi göz qabağında olur".

Ekspert onu da qeyd etdi ki, hər bitkinin özünün gübrələnmə fazası var: "Şumdan əvvəl də torpağı qüvvətləndirmək üçün ona gübrə verilməlidir. Elə bitki var ki, gübrə ona vegetasiya müddətində verilir. Bunları da əvvəlcədən proqramlaşdırıb demək olmur. Kök zəifliyi varsa, fosfor artıra bilər. Bu gün bizim fermerlər gübrə əvəzi kimi əsasən peyindən istifadə edirlər. Amma peyin gübrəni tam əvəz etmir. O, sadəcə olaraq torpağın strukturunu yaxşılaşdırır, bitki daha yaxşı havalanır və müəyyən dərəcədə münbitlik yaradır".

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, artıq 100 ildir ki, süni (mineral) gübrələrdən daha çox istifadə edilir: "Hər il də həmin süni gübrələr torpağa verilir. Bitki isə ona lazım olan qədər qidalanmalıdır. Mineral gübrə süni olduğu üçün bitki tərəfindən daha asan mənimsənilir. Bitki təbii olaraq boy atmaqda "maraqlıdır". Boy artımı üçün də əsasən azot gübrəsi lazımdır. Süni gübrədən çox qidalandığı üçün də fotosintez prosesi nəticəsində qeyri-üzvü maddələr üzvü maddələrə çevrilir. Gecə fotosintez prosesi getmir, hava isti və yağışlı olanda da fotosintez prosesi dayanır. Belə olanda azotun tərkibindəki nitrat bitkinin ya özündə, ya da onun meyvəsində toplanır. Nitrat özü insan üçün o qədər də zərərli deyil. Nitrit isə hətta ölümcül hala belə səbəb olur. Bu gün bəla orasındadır ki, bazarlarda və ya sahələrdə nitratı müəyyən edən aparat yoxdur. Nitrat tək meyvədə yox, ətin, südün tərkibində də çoxdur. Ancaq tək nitrat yox, həm də toksik maddələr də yoxlanılmalıdır".

Ekspert qeyd etdi ki, gübrə bitkinin vegetasiya müddətində də verilə bilər: "Bitkiyə qida maddəsi daha çox onun generativ orqanları inkişaf edəndə lazım olur. Müəyyən inkişaf zamanı bu prosesin özünü idarə etmək üçün xüsusi gübrələrdən istifadə olunur. Suyun və gübrələrin vasitəsi ilə prosesi idarə edib yaxşı nəticə əldə etmək olar".

Sizin Reklam Yeriniz