İkinci Dünya müharibəsində faşizm üzərində Qələbədən 67 il keçir. Bəşər tarixində ən dəhşətli müharibəsində qələbənin əldə olunmasına Azərbaycan xalqı da böyük töhfələr verib. Bu qanlı müharibədə Azərbaycan xalqı 640 mindən çox oğul və qızını cəbhəyə yola salıb, onların təxminən yarısı döyüşlərdə həlak olub. Qanlı-qadalı döyüşlərdə göstərdikləri igidliyə görə ölkəmizin 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.
Azərbaycanda təşkil olunmuş diviziyalar Qafqazdan Berlinədək
şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan
dəstələrinin tərkibində vuruşub. Azərbaycanlı çağırışçı və
könüllülərdən formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və
416-cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və
şücaət göstərərək, adlarını tarixin səhifələrinə qızıl hərflərlə
yazıblar.
Xalqımız arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun
ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Böyük
Qələbəyə neft Bakısının töhfəsi əvəzsiz olub. Müharibə illərində
Sovet İttifaqında çıxarılan neftin 70 faizini Azərbaycan verirdi.
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin
edilməsində həlledici rol oynamış sovet ordusunun tank və
təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi
yanacaqla hərəkətə gətirilirdi. Əgər Azərbaycan nefti olmasaydı,
sovet-alman cəbhəsində hərbi əməliyyatların nə ilə nəticələnəcəyini
demək çətin olardı. Bütün bunlara görə İkinci Dünya müharibəsində
şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi
şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların
xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə əsl
vətənpərvərlik nümunəsi olacaq.