Cənub qonşumuzun Ürmiya gölünün qurumasının qarşısını almaq üçün Araz çayından istifadə etmək niyyəti İranın həm də bir sıra məkrli niyyətlərini üzə çıxardı. Bu haqda danışmazdan əvvəl qeyd edək ki, əslində, indiyə qədər Urmiya gölünün qurumasında əsas günahkar məhz İran hakimiyyəti özü olub.
İran parlamentinin azərbaycanlı deputatı Qulamrza Nuri bu xüsusda bildirir ki, Urmiya gölü son 50 il ərzində indiki duruma düşüb: "Əgər problemin qarşısını almaq üçün əvvəldən lazımi tədbirlər görülsəydi, bu gün belə bir faciənin şahidi olmazdıq. İndi lazımi addımlar atmaqla gələcəkdə baş verə biləcək bir çox problemləri həll etmək olar". Gölün qurumasına əsas səbəb isə bura gələn su axarlarının istiqamətinin dəyişdirilməsi və ya üzərlərində müəyyən obyektlərin inşası olub. Bu vəziyyət nəticəsində göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Hazırda Urmiya gölündə hər 1 litr suda 400 qram duz mövcuddur. Bu rəqəm əvvəllər 160-170 qram təşkil edib. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Buna günahkar olan İran hakimiyyəti Araz çayını Urmiya gölünə döndərməklə artıq Azərbaycana da ciddi zərər vurmuş olacaq.
Düzdür, fikirləri İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin məsələni fərqli kontekstdən şərh etməyə çalışır. Onun sözlərinə görə, İran və Azərbaycan 42 ildən çoxdur Araz çayından istifadə məsələsində əməkdaşlıq edir və bu çayın su ehtiyatlarından istifadəyə dair müqavilə var: "Araz çayının suyunun Urmiya gölünə axıdılması ilə bağlı deməliyəm ki, İran ancaq öz payından istifadə edir. Hər iki tərəf özünə düşən paydan istifadə etmək hüququna malikdir". Səfir vurğulayıb ki, Urmiya gölünün vəziyyəti ilə bağlı Azərbaycanın həssaslığını anlayır: "Bu layihənin təməli təzə qoyulub və icrası üçün 2-3 il lazımdır. Araz çayının artıq və əlavə suyu Urmiya gölünə axıdılacaq. Güclü yağıntılardan sonra bəzən Arazda suyun səviyyəsi artır və daşqınlar əmələ gəlir. Hazırlanan xüsusi mexanizm əsasında bu artıq su Urmiya gölünə axıdılacaq. Azərbaycanın aidiyyəti orqanları bu barədə tam xəbərdardır".
Urmiya gölünə axıdılacaq suyun çayın hansı hissəsindən götürüləcəyi barədə danışan səfir bildirib ki, Araz çayın üzərində bəndlər qurulub və bu bəndlərin sularından istifadə olunacaq:
"İran bu suların 50 faizini istifadə edəcək. Texniki məsələlərlə bağlı İran və Azərbaycan tərəfləri 1-2 aydan bir müzakirələr aparırlar. Görülən işlər qarşı tərəflə razılaşdırılıb, heç bir qeyri-qanuni hərəkət olmayıb".
Qeyd edək ki, Azərbaycanı su ehtiyatlarını formalaşmasında Araz çayının rolu böyükdür. Ümumiyyətlə, məlum olduğu kimi Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 30-31 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20,3 kubkilometrə qədər azalır. Yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir.
Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi ölkə hüdudlarından kənarda formalaşır. Respublikanın əsas su arteriyaları olan Kür və Araz çayları sayılır. Bu fonda Araz çayının suyunun Urmiya gölünə axıdılması vəziyyətə təsirsiz ötüşməyəcək. Ekspertlər də deyir ki, Urmiya gölünün qurumasının qabağını almaq üçün Araz çayının suyunun ora axıdılması Azərbaycan üçün böyük problemlər yarada bilər. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov qeyd edir ki, belə bir köçürülmə baş verərsə, Azərbaycan ərazisinin hətta müəyyən hissəsi səhralaşmaya məruz qalar, su qıtlığına, biomüxtəlifliyin məhvinə səbəb olar: "Beynəlxalq hüquq normalarına əsasən, İran Araz çayının su ehtiyatlarının 50 faizindən istifadə etmək hüququna malikdir. Amma bu proses gələcəkdə Azərbaycan iqtisadiyyatına mənfi təsir göstərəcək".
O bildirib ki, qanuna görə, hər bir ölkənin ərazisindən axan transsərhəd çaylarının su ehtiyatlarının 50 faizi həmin dövlətə məxsusdur: "İran da Araz çayının öz ərazisindən keçən hissəsindən istifadə edə bilər. Çox güman ki, İranın Arazın suyunun Urmiya gölünə axıtmasına Azərbaycan dövlətinin də razılığı olub. Bu məsələ qanunla tənzimlənən məsələdir, buna heç kim müdaxilə və ya mane ola bilməz".
Ekoloq qeyd edib ki, İran Araz çayının Urmiya gölünə axıtması nəticəsində Azərbaycanın su ehtiyatları azalacaq: "Su ehtiyatlarımızın azalması əkin sahələrinin suvarılmasında çətinliklər yaradacaq, kənd təsərrüfatı məhsullarının qiyməti qalxacaq, qıtlıq yaranacaq, məhsul bahalaşacaq. Bu prosesləri artıq gələn il müşahidə etmək olacaq".
Xatırladaq ki, Urmiya gölü İranın azərbaycanlılar yaşayan ərazisində yerləşir. Gölün yaxınlığında məskunlaşan azərbaycanlılar, göl quruyarsa, onun ətrafında yaşayan insanlara zərər dəyəcəyindən qorxduqlarını bildirirlər. Bir sıra ekspertlərin fikrincə isə, Araz çayının suyu yönləndirilərsə, Araz hövzəsinin özü quraqlıq və ətraf mühit fəlakətilə üzləşə bilər.