Əlaqə Arxiv
news Image
2012.05.17
10:45
| A A A
Bazarlardakı təhlükəli meyvələr…
Azərbaycan xaricdən daha çox meyvə alınmasına paralel olaraq, özü də xaricə getdikcə çoxlu miqdarda meyvə satmağa başlayır

Uzun müddətdir ki, ölkə gündəmində olan əsas məsələlərdən biri də geni dəyişdirilmiş meyvə və tərəvəzlərlə bağlıdır. Artıq rəsmi dairələr də bu məsələ ilə bağlı konkret mövqe sərgiləyirlər. Məsələn, kənd təsərrüfatı naziri İsmət Abbasov bununla əlaqədar bildirir: "Azərbaycana geni dəyişdirilmiş məhsulların gətirilməsinin qəti əleyhinəyik".

Həm Kənd Təsərrüfatı Nazirliyi, həm də bu işlə məşğul olan digər müvafiq nazirliklər ölkəyə belə məhsulların gətirilməsinə icazə vermir". Nazir belə məhsulları ölkəyə gətirib bazarlara çıxaranların səhvə yol verdiklərini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda istehsal edilən məhsullar isə az gübrə istifadə edildiyindən demək olar ki, ekoloji təmizdir.

Araşdrmalara görə, Azərbaycanda ildə 700 min tondan çox meyvə və giləmeyvə yığılır. Təxminən 50 min ton məhsul da xaricdən gətirilir. Həm xaricdən gələn, həm də yerli istehsal olan meyvələr bazarlarda olduqca baha satılır. Daha bir maraqlı məqam isə xaricdən gələn meyvələrin bazarlarda tədricən dominant mövqeyə yüksəlməsidir. Məsələnin maraqlı tərəfi isə ondan ibarətdir ki, bunun əvəzində Azərbaycandan xaricə daha çox meyvə ixrac olunur. Beləliklə, yaranan vəziyyət göstərir ki, Azərbaycan xaricdən daha çox meyvə alınmasına paralel olaraq, özü də xaricə getdikcə çoxlu miqdarda meyvə satmağa başlayır. Ancaq maraqlısı odur ki, xaricdən gələn meyvələr keyfiyyətcə yerli məhsullardan çox aşağıdır.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçilik İdarəsinin rəisi Sabir Vəliyev bildirir ki, Azərbaycanda meyvə və tərəvəz istehsalında artım gözlənilir: "Keçən il Azərbaycanda 765,8 min ton meyvə istehsal edilmişdisə, bu il təxminən 5 min ton artaraq 770 min ton meyvə yığılacaq. 2011-ci ildə Azərbaycanda 1 milyon 214 min ton tərəvəz yığılmışdısa, bu il 1 milyon 220 min ton məhsul yığılacaq, yəni 6 min ton artım olacaq".

Sabir Vəliyev bu il meyvə istehsalının əsasən çəyirdəkli meyvələrin hesabına baş verəcəyini vurğulayır: "2011-ci ildə hava şəraiti ilə bağlı çəyirdəkli meyvələrdə - ərik, gavalı, gilas kimi meyvələrdə bir qədər azalma olmuşdu. Amma bu il havalar yaxşı keçir, tozlanma normal gedib, düşünürük ki, keçən ilkinə baxanda həmin meyvələrdə 5 min ton artıq məhsul əldə ediləcək". Lakin buna baxmayaraq, ilk baxışdan bazarda xarici mallar artıq görünür və istehlakçı hüququ ilə məşğul olan bir sıra qeyri-hökumət təşkilatları idxal olunan xarici meyvə-tərəvəz məhsullarının əksəriyyətinin geninin dəyişdirilmiş olduğunu bildirirlər. Məsələn, Azərbaycan Azad İstehlakçılar Birliyinin (AAİB) sədri Eyyub Hüseynov ANS-ə açıqlamasında xaricdən idxal olunan meyvə-tərəvəz məhsullarının təxminən 45 faizinin geni dəyişdirilmiş olduğunu bildirir: "Xaricdən gətirilən kartofun təxminən 40%-i, qarpızın 85%-i, pomidorun 95%-i geni dəyişdirilmişdir". Sabir Vəliyevin sözlərinə görə isə, Azərbaycan bazarında xarici meyvə-tərəvəzin payı 5-6 faizdən artıq olmaz və onların da hamısının geni dəyişdirilmiş saymaq olmaz: "Meyvə-tərəvəzdə bizim güclü ixrac potensialımız var, yetişdirdiyimiz məhsul MDB məkanına yola salınır. Amma az olsa da, xaricdən də meyvə-tərəvəz gəlir". O da məlumdur iri, yaraşıqlı görünüşü olan, səliqə ilə qablaşdırılan xarici meyvələr Azərbaycana dünyanın hər yerindən göndərilir. Özü də bunlar təkcə tropik bitkilər deyil. Ölkəyə Argentinadan, Çindən, Türkiyədən alma-armud, naringi və digər meyvələr də gətirilir. Satıcılar deyir ki, xarici meyvələri satmaq sərfəlidir. Əvvəla onlar daha təravətli görünür, gec xarab olur, qiyməti də yerli maldan fərqlənmir. Elə alıcılar da onları görkəminə görə alır. Belə meyvələrin dadı isə yoxdur, yerli meyvələr onlardan qat-qat dadlı və ətirlidir. Ekspertlər isə bildirir ki, xarici meyvələrin tərkibində gen modifikasiyası var. Onun üçün uzun müddət xarab olmur. Yəni xarici meyvələrin daha yaxşı görünməsinin əsl səbəbi onların tərkibinin dəyişdirilməsi, müxtəlif kimyəvi maddələrdən istifadə olunmasıdır. Hələlik onların tərkibi yoxlanılmır və belə meyvələrin insan orqanizminə zərərli olması barədə indiyə qədər yetərincə məlumat verilib. Qeyd edək ki, xaricdə geni dəyişdirilən məhsullar geniş yayılıb. Amerika, Kanada, Argentina, Çin və başqa ölkələrdə alma, kartof, pomidor, xiyar, badımcan, qarğıdalı, soya və başqa bitkilərin gen dəyişilməsi adi haldır. Belə məhsulların ən böyük üstünlüyü onun gətirdiyi mənfəətdir. Geni dəyişdirməklə məhsuldarlığı qat-qat artırmaq, meyvələrin ölçülərini sürətlə böyütmək və s. mümkün olur. Bu da istehsalçılara yaxşı qazanc gətirir. İndi dünyada 1 milyard hektar ərazidə geni dəyişdirilən məhsullar becərilir. Xaricdə belə məhsulların əsas üstünlüyü kimi iqtisadi səmərəni və ziyanvericilərə qarşı davamlı olmasını göstərirlər. Yəni belə meyvələrə həşaratlar da yaxın gəlmir. Hərçənd, bu faktın özü meyvənin həm də təhlükəli olduğunu sübut edir. Bəzən bitkilərə elə canlıların genini köçürürlər ki, onlar insan həyatı üçün təhlükəli olur. Doğrudur, Azərbaycanda geni dəyişdirilən məhsulların satışı qadağan edilməyib. Amma bu hal həmin məhsulların dəqiq yoxlanmasını da qadağan eləmir.

Əsgər CAVADOV

Sizin Reklam Yeriniz