Artıq bir neçə gün başlayacaq yeni dərs ili bağlı olaraq bazarlarda ən çox satılan məhsullar sırasında məktəbli ləvazimatları xüsusi yer tutur. Artıq məlumat verildiyi kimi hazırda bu məsələdə valideynlərin ən çox narazılıq etdiyi məsələlərdən biri də qiymətlərin yüksək olmasıdır. Həqiqətən də aylar üzrə müqayisə apardıqda məktəbli ləvazimatlarının qiymətində artımlar aydın nəzərə çarpır.
Buraya dəfətərdən tutmuş qələmə qədər müxtəlif çeşidli məktəbli ləvazimatları aiddir. Satış məkanın yerləşdiyi yer də qiymətlərə müəyyən dərəcədə təsir göstərir. Məsələn, məktəb ləvazimatlarının satıldığı metro stansiyalarının giriş və çıxışlarında qiymətlər digərləriən nisbətən ucuz olur. Məsələn, 12 vərəqli dəftər 10 qəpik, 20 vərəqli 15 qəpiyədir. Rəngli karandaşların qiyməti isə 20 qəpikdən 5 manatadəkdir. Satıcılar məktəb ləvazimatlarının əsasən Rusiya, Türkiyə və Çinin istehsalı olduğunu deyirlər. Ümumilikdə dərs ləvazimatlarından olan gündəliyin qiyməti 60 qəpik, adi xətkeş 80, fiqurlu 3 - 5 manat, rəsm albomu 2 - 5 manat, plastilin isə 2 manatdır. "8-ci kilometr" bazarında da qiymətlər nisbətən ucuz sayılır. Lakin istənilən halda bu yerlərdə də müəyyən bahalaşma müşahidə olunur. Lakin problem təkcə bahalama ilə məhdudlaşmır. Alınan məktəbli ləvazimatların heç də hamısı tələb olunan keyfiyyətə cavab vermir.
Bu xüsusda Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov çox maraqlı fikirlər səsləndirir. Onun sözlərinə görə, paytaxtin məktəb bazarında uşaqların sağlamlığı üçün ciddi təhlükə törədəcək dərs ləvazımatları satılır. E.Hüseynov "virtualaz" saytına bildirib ki, məktəb bazarında apardıqları monitorinq zamanı acınacaqlı vəziyyətlə rastlaşıblar: "Bakı bazarlarında kimyəvi tullantılardan hazırlanmış dərs ləvazimatları satılır. Əsasən Çindən gətirilən əşyaların keyfiyyəti çox aşağıdır. Məsələn, dəftərlərə o qədər boya vurulub ki, adamın əlləri qara olur".
Mütəxəssis qeyd edib ki, təhlükəli kimyəvi tullantılardan hazırlanan məktəb ləvazımatları, əsasən də dəftərlər, karandaşlar, boyalar, qələmlər uşaqlarda iflic, nitqin itməsi, hərəkət-dayaq sisteminin pozulması kimi təhlükəli xəstəliklərə səbəb ola bilər: "Uşağın orqanizmində toplanan ağır metallar ciddi xəstəliklər yarada bilər. Buna görə də valideynlər ehtiyatlı olmalıdır. Mal alan zaman sertifikat tələb etmək lazımdır. Keyfiyyətsiz mallar yalnız zərər gətirə bilər". E.Hüseynov Çindən gətirilən məktəbli formalarının da sağlamlıq üçün təhlükəli olduğunu söyləyib: "Bu geyimlər də kimyəvi tullantılardan hazırlanıb. Buna görə də adi üsulla - parçadan nümunə yandırmaqla keyfiyyəti yoxlamışıq. Yanan zaman xüsusi iy verən parça əriyib rezinə çevrilir. Belə geyimlər uşaqlarda dəri xəstəlikləri, hətta dəri xərçəngi yarada bilər".
Ümumiyyətlə, araşdırmalar da göstərir ki, ölkədə satılan dəftərxana ləvazimatlarının çoxu Çin istehsalıdır. Çindən gətirilən məktəb ləvazimatlarının böyük əksəriyyətinin isə keyfiyyət sertifikatının olmamasını da ekspertlər narahatlıq yaradan hallardan biri kimi dəyərləndirir. Hesab olunur ki, məktəb ləvazimatlarının gigiyenik sertifikatının olmaması bu malların sağlamlıq üçün təhlükəlilik riskini artırır. Hesab edilir ki, bu mallar bazara çıxarılmazdan öncə yoxlanılmalıdır. Digər tərəfdən bazarda satılan dərs ləvazimatlarının gigiyenik sertifikatının olması da vacibdir.
Hələik isə valideynlərə tövsiyə olunur ki, lıcılar uşaqlarına qələm, pozan, çanta aldıqda, həmin malların gigiyenik sertifikatını tələb etməlidirlər. Əgər malın gigiyenik sertifikatı yoxdursa, onu almaqdan çəkinməlidirlər. O da qeyd edilir ki, məktəbli ləvazimatının tərkibində ağır, zərərli maddələr varsa, mütləq bunu həmin maldan gələn tünd qoxudan bilmək olar. Ümumiyyətlə alıcılar, ələ rəngi çıxan karandaşlardan, rəngi tez pozulan və qoxusu gələn malları almaqdan çəkinməlidirlər. Hər halda söhbət burada uşaqların sağlamlığından gedir. Bu sağlamlığın qorunmasının əsas məsuliyyəti isə valideynlərin üzərinə düşür. Bu mənada məktəbli ləvazimatları alarkən valideynlər kifayət qədər diqqətli olmalıdırlar.