Əlaqə Arxiv
news Image
2013.09.17
08:30
| A A A
Qarabağda məsafədən müharibəyə hazırlıq görülür
Ölkəmizin aldığı hərbi texnikanın təyinatı və çeşidləri düşməni birbaşa təmas olmadan məhv etməyə imkan verir

Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və Ermənistan arasında danışıqların nəticəsizliyi fonunda Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev tərəfindən maraqlı bir açıqlama verildi. İrəvanda keçirilən "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN rəhbərlərinin 3-cü qeyri-formal iclasında iştirak edən nazir müavini bildirib ki, tərəflər arasında vaxtilə dialoq olub, lakin hazırda dayandırılıb:

"Birbaşa dialoqa gəlincə, hər şey ona hazırlığın necə olmasından asılıdır. Ciddi hazırlıq olmalı, ciddi məsələlər müzakirəyə çıxarılmalı və qərarla qəbul olunmalıdır. Bu prezidentlərdən asılıdır". Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Azərbaycan və Ermənistanın dövlət başçıları İlham Əliyev və Serj Sarkisyana göndərdiyi məktublarda onları yaxın aylarda birbaşa dialoq imkanından istifadə etməyə çağırıb.

Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən belə dialoq baş tutmur. Bu isə o deməkdir ki, danışıqlar yolu ilə problemin çözümü getdikcə daha çox düyünə düşür. Digər tərəfdən Ermənistanın Rusiyanın istəyi ilə Gömrük İttifaqına daxil olması münaqişənin çözümü üçün Moskva tərəfindən İrəvana mümkün təzyiq ehtimalını da aradan qaldırır. Digər vasitəçilər olavn ABŞ və Fransanın isə Ermənistana təzyiq edəcəyi elə də inandırıcı görünmür. Düzdür, ATƏT-in Minsk qurupna yeni təyin olunmuş amerikalı həmsədr Ceyms Uorlik nikbin açıqlamalar verir. O qeyd edir ki, Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün bütün imkanlardan bundan sonra da istifadə edəcək. Yeni həmsədrlə işləməyə hazır olduğunu bəyan edən Azərbaycan tərəfi hesab edir ki, əslində, münaqişə ilə bağlı əsas qərarlar vasitəçi ölkələrin paytaxtlarında verilir. Bu baxımdan diplomatların dəyişdirilməsini nizamlama prosesində köklü dəyişikliklər olacağı anlamına gəlməməlidir. Bununla belə, Azərbaycan tərəfinin Ceyms Uorlikdən müəyyən gözləntiləri var. Bu, ilk növbədə Azərbaycanın qətiyyətli mövqeyinin nəzərə alınması və sülh prosesinin bu çərçivədə aparılmasından ibarətdir.

Siyasi müşahidəçilər isə diqqəti həmsədr ölkələrin mövqeyinə yönəltməyi tövsiyə edirlər. Onların qənaətincə, Ceyms Uorlikin təyinatı prosesə müəyyən mənada pozitiv dinamika qata bilər. Amma bununla belə, prosesdə istənilən dəyişiklik həmsədr ölkələrin mövqeyindən asılıdır. Həmsədrlərin yaxın gələcəyə hesablanmış planında isə ən geci ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməkdir. Azərbaycan tərəfi dialoqun davam etdirilməsində maraqlı tərəf kimi çıxış edir. İrəvanın isə status-kvo-nun uzanmasına xidmət edən destruktiv mövqeyi Ermənistanın özü üçün ağır nəticələr vəd edir. Eyni zamanda dinc yolla münaqişənin çözümünü əngəlləyir. Belə vəziyyət müharibə ehtimalını getdikcə yüksəldir. Əslində, Azərbaycan bu varianta ciddi hazırlıq da görür. Ölkə milyardlarla dollar həcmində silah-sursat alır və bu prosesi davam etdirir. Bu arada yayılan məlumatlara görə, Rusiyanın "Kurqanmaşzavod" müəssisəsi Azərbaycanın sifarişi üzrə 18 ədəd 2S31 "Vena" özüyeriyən artilleriya qurğusunun istehsalına başlayıb. Bundan əvvəl Rusiya Azərbaycana T-90S tankları, BMP-3 piyadaların döyüş maşınlarını, "Msta-S" özüyeriyən haubitsaları, "Smerç" reaktiv atəş sistemi və TOS-1A ağır odaatanlarının çatdırılmasını təmin edib. "Vena" sistemləri BMP-3 şassisində hazırlanıb və 120 mm çaplı topa malikdir. Atəş uzaqlığı 13 kilometr təşkil edir. Indiyədək isə bu hərbi texnikanın seriya istehsalı həyata keçirilmirdi. Çünki irihəcmli sifariş alınmamışdı. 120 mm-lik "Vena" özüyeriyən artilleriya qurğusu ilk dəfə 90-cı illərdə İDEX-97 sərgisində nümayiş etdirilib. Lakin o vaxt üçün ən müasir hesab edilən özüyeriyən artilleriya qurğusu üçün sifariş verən olmayıb. Nəticədə "Vena"nın seriya istehsalı təşkil edilməyib.

Buna baxmayaraq texnikanın bir neçəsi Rusiyanın hərbi sınaq poliqonlarında olub və müəyyən sayda rus ordusuna verilib. Nəhayət, Azərbaycan 18 ədəd belə hərbi texnika sifariş verib. Qeyd olunduğu kimi Azərbaycanın sifarişi ilə "Kurqanmaşzavod"da ilk dəfə "Vena" özüyeriyən artilleriya qurğularının seriya istehsalı başlayıb. Bu, Azərbaycanın Rusiyadan iri silah və hərbi texnika sifarişinin bir hissəsidir. Ümumiyyətlə, alınan bu və digər texnikanın təyinatı Azərbaycanın mümkün müharibədə məsafədən döyüş aparmaq niyyətində olduğunu, bununla da canlı qüvvənin itkisini minimuma endirmək niyyətində olduğunu göstərir. Xatırladaqk i, buna qədər ölkəmiz xaricdən xeyli sayda aviasiya texnikası, o cümlədən pilotsuz döyüş təyyarələri, müxtəlif məsafəni qət edən raketlər, uzaqvuran artilleriya silahları alıb. Bu isə düşməni birbaşa təmas olmadan məhv etməyə imkan verir.

Sizin Reklam Yeriniz