İqtisadi böhran satışa çıxarılmış Yunanıstan
adalarının aqibətini İspaniya kəndlərinə də yaşadır. Belə ki,
böhranın təsirlərinin nəticəsi olaraq ispan kəndliləri şəhərə üz
tutduğundan kəndlər boşalmağa başlayıb. Təqribən 3000-dən çox
atılmış kəndin olduğu bildirilir. Həmin 3000 atılmış kəndin müəyyən
hissəsi satışa çıxarılıb.
Bildirək ki, alıcılar arasında əksəriyyət artıq neçə illərdir vəsaitlərini kənd evlərinə yatırmağı sevən alman və ingilislərdir.
İspaniya hökuməti tamamilə boşaldılmış kəndləri satışa çıxarmaqla həm ölkəyə sərmayə cəlb etmək, həm də demoqrafik yerdəyişməni tənzimləmək istəyir. Son bir ildə bu kəndləri almağa maraq göstərənlərin içində əsasən İngiltərə, Almaniya, Belçika və İsveç vətəndaşları olduğu bildirilir. Hələlik bu sırada Azərbaycan vətəndaşlarının adı olmasa da, bildiyimiz kimi, Dövlət Neft Fondu bu il müxtəlif xarici ölkələrdən daşınmaz əmlak alıb. Hətta o da məlumdur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2014-cü ilə qədər İspaniyanın "Atletiko Madrid" futbol klubuna sponsorluq edir. Ancaq bəzi ekspertlər İspaniya kəndlərinin alınmasını o qədər də effektiv hesab etmirlər.
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı Ruslan Atakişiyev bildirir ki, müasir bazar iqtisadiyyatı şəraitində xarici ölkənin birində topraqların alınması üçün ilkin olaraq dərin marketinq tədqiqatının aparılmasını tələb edir: "Tədqiqat aparıldıqdan sonra ora investisiya qoyulub-qoyulmaması ilə bağlı qərar qəbul edilə bilər. Bu gün haradasa satılan ərazilərin, daşınmaz əmlkın qiyməti çox cəlbedici olsa da, onların biznes üçün əhəmiyyəti əvvəlcədən tədqiq olunmalıdır".
Ekspert əlavə etdi ki, həmçinin İspaniyaya dövlət səviyyəsində investisiya yatırılması da iqtisadi tədqiqatlar tələb edir: "Yəni, layihələr qiymətləndirilməli, onların rentabilliyi, bazar göstərciləri, ərazinin iqtisadi potensialı, mədəniyyə səviyyəsi, sosial vəziyyəti öyrənilməlidir. Qiymətləndirmə həyata keçirdikdən sonra dəqiq qərar qəbul edilə bilər. Çünki, Azərbaycanın özünə də bir sıra inkişaf etmiş ölkələr yatırımlar ediblər. Ancaq bir yatırımı həyata keçirmək üçün 1 il iqtisadi tədqiqatlar aparılıb".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekspert Ziya Əlili isə bildirir ki, İspaniyadan kənd almaq Azərbaycan üçün məqsədəuyğun deyil: "İnvestisiya çox yüksək gəlirlə, qısa müddətə yatırılmalıdır. Yəni, investisiyanın gəlirlik tələbi yüksək və müddəti qısa olmalıdır. Həmin kəndlərə verilmiş pullar çox qısa müddətli investisiya sayıla bilməz. Onlar 20-40 illik investisiya sayılır. Bu baxımdan addım qəti arzuedilən deyil. Ümumiyyətlə, inkişaf etməkdə olan bir ölkə tərəfindən bu cür addımın atılması məqsədəuyğun təcrübə hesab edilmir. Amma İspaniya dövləti bunu krizisdən çıxış yollarından biri hesab edir. Neft Fondu və Mərkəzi Bankının valyuta rezerv ehtiyatlarında kifayət qədər pul var. Azərbaycan Neft Fondundakı pulları investisiya edərək, Avropaya köməklik göstərə bilər. Amma bu, daha yüksək gəlirlə və nisbətən daha qısa müddətə olmalıdır. Hazırda İspaniyada hansısa bir kəndi, ya da Yunanıstanda ada almaq əvəzinə az riskli iztiqrazlar var. Yəni, alternativ investisiya yerləri çoxdur".
İqtisadçının sözlərinə görə, əgər bunu fiziki şəxs etmək istəyirsə, bu, ilk növbədə onun qərarıdır: "Burada dövlət üçün və ya strateji əhəmiyyətli nəticə gözləmək olmaz. Digər tərəfdən, fiziki şəxsin yatırdığı investisiya sonradan ona problem yarada bilər. Birincisi, bizdə fiziki şəxs investisiya yatırırsa və bu, ictimaiyyətə açıqlanırsa, sonradan onun həmin pulu necə sahib olması üsulları doğacaq. Çünki, İspaniya mətbuatı üçün həmin insanların adını açıqlamaqda heç bir problem yoxdur. Bizdə də investisiya qabiliyyətli insanlar üzə çıxmağı çox arzu etmirlər".