Cənubi Qafqazda mövcud münaqişələr sayəsində Kremlin regional təsir rıçaqlarını əldə saxlaması hələ də dəyişməz reallıq olaraq qalır. Belə vəziyyət isə nə region ölkələrini, nə də burada həyati maraqları olan Qərbi qane edir. Region ölkələrini, xüsusən Azərbaycanı narazı salan odur ki, münaqişə ilə bağlı status-kvo dəyişməz qalır və ərazi bütövlüyünün pozulması davam edir.
Qərb isə Qafqazda Moskvanın təsir dairəsinin genişlənməsindən ciddi narahatlıq duyur. Çünki bu hal Qərbin alternativ enerji ilə təminatında həlledici rolunu artıraq bir bölgə üçün təhdid yaradır. Bu təhdidlərə son qoymaq üçün əsas yolun regionda mövcud münaqişələrin, xüsusən də Dağlıq Qarabağ konfliktinin həllindən keçdiyini ABŞ və Avropada da yaxşı başa düşürlər. Bu Qərb təmsilçiləri onu da gözəl anlayırlar ki, Moskva regional münaqişələrin həllinə hələ yaşıl işıq yandırmaq niyyətində deyil. Elə bu səbəbdəndir ki, Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində Rusiyanın vasitəçilik missyasından kənarlaşdırılmasına cəhdlər müşahidə olunur.
Qeyd olunan xüsusda Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya və Qafqazın öyrənilməsi mərkəzinin eksperti Andrey Areşov olduqca maraqlı açıqlamalarla çıxış edib. Onun sözlərinə görə, BMT Baş Assambleyasının (BA) növbəti sessiyasında ABŞ dövlət katibi Con Kerrinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri, eləcə də Ermənistan və Türkiyə xarici işlər nazirləri ilə görüşü təşkil ediləcək: "Bu siyasi vasitəçilikdə Rusiyaya yer verilməyib. Burada təşəbbüs ABŞ-ın əlindədir. Bu, bir tərəfdən danışıqlar prosesinə impuls verir. Digər tərəfdən dəyərləndirdikdə isə belə qənaətə gəlirik ki, bu cür addımlar məsələni həllə doğru aparmır. Çünki aydındır ki, konsensus yalnız ATƏT-in Minsk qrupu çərçivəsində əldə oluna bilər. Bu proses isə hələ ki, müşahidə olunmur".
Rusiyadan ərqli olaraq ABŞ hesab edir ki, Qarabağ məsələsində mövcud status-kvo uzun müddət davam edə bilməz. Rəsmi Vaşinqton status-kvo vəziyyətinin saxlanmasını Cənubi Qafqaz regionunun stabilliyi üçün təhlükə hesab edir. Bir müddət əvvəl Con Kerri açıq bildirib ki, Amerika Birləşmiş Ştatlarının həllini görmək istədiyi məsələlərdən biri də dondurulmuş Dağlıq Qarabağ münaqişəsidir. Dövlət katibi vurğulayıb ki, mütləq münaqişənin həll yolu tapılmalıdır. Xatırladaq ki, ABŞ dövlət katibi Con Kerri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə də ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bəyan edib və bu dondurulmuş münaqişənin bölgənin sabitliyi üçün təhlükə olduğunu bildirib.
ABŞ dövlət katibi Dağlıq Qarabağ münaqişəsinin regionda sabitliyin bərqərar olması qarşısında əsas maneə olduğunu deyərək, münaqişənin nizamlanmasının əhəmiyyətini qeyd edib: "Bu, dondurulmuş münaqişədir, regionun sabitliyinə hədə törədir və biz bu məsələ ilə məşğul olmalıyıq. Minsk Qrupunun üzvü kimi, Birləşmiş Ştatlar Azərbaycan və Ermənistana irəliyə gedən yolu tapmağa kömək göstərməkdə ciddi şəkildə maraqlıdır. Müharibənin başlaması, münaqişəyə qayıtmaq bizim üçün ən arzuolunmaz bir şeydir. Mən inanıram ki, irəliyə yol var. Biz tərəfləri etibarın möhkəmləndirilməsi istiqamətində bu yola gətirə biləcək tədbirlər görməyə, ya da məsələnin həlli yolunu tapmağa təşviq etmək üçün sakit və təmkinlə işi davam etdirəcəyik".
Daha əvvəl isə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bildirib ki, Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Minsk qrupu gücləndirilməlidir: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllinin tərəfdarıdır. Biz bilirik ki, mövcud status-kvo, ölkənin ərazi hissəsinin işğalı yolverilməzdir. Mənim fikrimcə, gündəliyə ATƏT-in Minsk qrupunun gücləndirilməsi məsələsi çıxarılmalıdır. Bu münaqişənin ölkə-iştirakçılarından hər biri təşəbbüskar etibarlı addımlar atmalıdır. O şəraitdə ki, xalqlar sülh əldə etmək üçün bu və ya digər güzəştlərə hazır deyil, sülh əldə olunmayacaq". Hələlik isə müşahidə olunan odur ki, Rusiya Ermənistanın arxasından qaçır və bu fonda ABŞ münaqişənin həllini sürətləndirə bilən əsas vasitəçiyə çevrilə bilər.
O da maraqlıdır ki, Rusiyanın forpostu olan Ermənistan Dağlıq Qarabağ münaqişəsilə bağlı ədalət prinsipindən çıxış edən ölkələrin mövqeyindən narahatdır. Bu araad qeyd edək ki, işğalçı ölkənin rəhbəri Serj Sarkisyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Soçidə keçirilən toplantısında çıxışı zamanı təşkilata üzv olan xüsusilə türkdilli ölkələrin rəsmi Bakı ilə sıx əlaqələrindən narazılığını bildirib. Sarksiyan qeyd edir ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bəzi üzvlərinin Dağlıq Qarabağ münaqişəsilə bağlı təşkilatın qərarlarına uyğun olmayan bəyanatlar verməsini düzgün hesab etmir. Onun sözlərinə görə, bir çox ölkələrin Azərbaycanla bağlı öz maraqları var: "Lakin biz sənədlərin qəbulu zamanı KTMT-nin üzv dövlətlərinin maraqlarını və təşkilatın imicinin əleyhinə olan bəyanatlarla razılaşa bilmərik. Bizim razılaşdırdığımız sənədlərdə, o cümlədən ötən il Moskvada qəbul edilən bəyannamədə münaqişənin sülh yolu ilə, Minsk qrupunun formatı və beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyi vurğulanıb. Buna baxmayaraq, digər ölkələr müxtəlif meydanlarda KTMT-nin qərarlarına zidd bəyanatlar səsləndirirlər". İşğalçı ölkənin rəhbəri Cənubi Qafqazda sülh və sabitliiyin bərqərar olmasında maraqlı olduqlarına dair imitasiya xarakterli bəyanat da səsləndirib. Sarkisyanın bu bəyanatının türkdilli ölkələr - Qırğızıstan və Qazaxıstana şamil edildiyi aydındır. Xatırladaq ki, adıçəkilən ölkələr ötən ay Qəbələdə türkdilli ölkələrin zirvə görüşündə münaqişə ilə bağlı rəsmi Bakının mövqeyini dəstəklədiklərini bəyan etməklə yanaşı, işğala son qoyulmasının da vacibliyini vurğulamışdılar. Sarkisyan açıq şəkildə Azərbaycanın öz torpaqlarını hərbi yolla geri qaytarmaq iqtidarında olmasına dair bəyanatlarından narahatlığını da gizlətməyib. O, təşkilatın əsas söz sahiblərindən, xüsusilə də rəsmi Moskvadan bu məsələdə İrəvana dəstək verməsini istəyib. Lakin sözün əsl mənasında Sarkisyana fikir verən olmayıb. Kollektiv Təhlükəiszlik Müqaviləsi Təşkilatının əsas söz sahibi olan Rusiya prezidenti Vladimir Putin isə əsas diqqəti Suriya məsələsinə yönəldib.