Əlaqə Arxiv
news Image
2013.09.28
08:41
| A A A
Okeanın o tayından yenə iqtisadi təhlükə gəlir
Azərbaycanın əsas ticarət tərəfdaşı olan Avropa ölkələrində də vəziyyət ürəkaçan deyil

Avropa ilə yanaşı, ABŞ-da iqtisadi durumun yaxşılığa doğru dəyişməsi prosesi olduqca ləng getməkdədir. Eyni zamanda dövlət borcu üçün ayrılan limitin yenidən bitməsi indi okeanın o tayında vəziyyəti yenidən ağırlaşdırıb. Ölknin Maliyyə Nazirliyi də xəbərdarlıqla çıxış edib ki, Vaşinqton dövlət borcu ilə bağlı əvvəl nəzərdə tutulduğundan daha tez doldurub.

Oktyabrın 17-dək borc limiti artırılmasa, onda ABŞ feredal hakimiyyətini defolt gözləyir.

Maliyyə Nazirliyi də xəbərdarlıq edib ki, əgər Respublikaçılar və Demokratlar Partiyası arasında yeni razılıq əldə olunmasa, onda vəziyyət ağırlaşacaq. Maliyyə naziri Ceykob Lyu bildirir ki, gələn ayın 17-dək xəzinədə cəmi 30 milyard dollar qalacaq. Halbuki, əvvəl bu rəqəmin 50 milyard dollar olması proqnozlaşdırılırdı. Hazırda bu qədər vəsaitin qalması fonunda ABŞ Konqresinin Büdcə idarəsi bildirir ki, hökumət ilk dəfə olaraq sosial müavinətləri, tibbi sığortaları və hərbi təminatı tam şəkildə ödəyə bilməyəcək. Vəziyyətdən çıxış yolu kimi borc limitinin həddinin yenidən yüksəldilməsi təklif olunur. Lakin hesablamalar göstərir ki, bu limtin 1,1 trilyon dollar artırılacağı halda belə, o, yalnız gələn ilin dekabrına kimi bəs edə bilir.

Xatırladaq ki, Barak Obamanın hakimiyyəti dövründə borc limiti artıq 5 dəfə artırılıb. Lakin əvvəlkindən fərqli olaraq bu dəfə limtin artırılması asan olmayacaq. Məsələ burasınaddır ki, nümayəndələr Palatasında çoxluq təşkil edən Respublikaçılar buna icazə vermək niyyətində deyillər. Onlar bununla Obama hakimiyyətinin yarıtmaz iqtisadi siyasət yürütməsini göstərmək istəyirlər. Konqresin Nümayəndələr Palatasının respublikaçı spikeri Con Beynerin mətbuat katibi Maykl Stil bu xüsusda bəyan edib ki, dövlət borcunun limiti göstərir ki, prezident Obama dönəmində Vaşinqton Amerikanın nə dövlət borcu, nə də büdcə defisiti ilə ilə bağlı heç nə etməyib.

Bütün bunlar ABŞ-da iqtisadi vəziyyəti ağırlaşdırır və bu hal digər dünya ölkələrinə də təsirsiz ötüşmür. İlk növbədə ona görə ki, okeanın o tayında gözlənən defolt isə dolların dəyərsizləşməsi və ABŞ böhranı üzündən dünya dövlətləri, o cümlədən Azərbaycan üçün müəyyən problemlərin yaranması deməkdir. Məsələn, iqtisadçı-ekspertlər bildirir ki, böhran baş verərsə, bu, Azərbaycanın dövlət ehtiyatlarına təsir göstərə bilər. Çünki defolt nəticəsində ABŞ-da səhmlərin qiymətinin aşağı düşməsi dövlət ehtiyatlarımızdan əldə edilən gəlirin azalmasına gətirib çıxara bilər. Digər tərəfdən, böhran dərinləşdiyi təqdirdə dolların məzənnəsi aşağı düşəcək. Hazırda Azərbaycan dövlət rezervlərinin 40 faizindən çoxu ABŞ dolları ilə saxlanır. Bu da birmənalı şəkildə Azərbaycan dövlət rezervlərinin dollarla saxlanan hissəsinin dəyərinin azalmasına gətirib çıxara bilər. ABŞ-dakı böhranın Azərbaycanın neft sektoruna da təsirsiz ötüşməyəcəyi qaçılmaz sayılır. Çünki böhran sayəsində neftə tələbat azalarsa, bu, dünyada neftin qiymətinin aşağı düşməsinə və Azərbaycanın neftdən əldə etdiyi gəlirlərin azalmasına gətirib çıxara biləcək. Bununla yanaşı, manatın məzənnəsinin dollara nisbətən daha da möhkəmlənməsi qaçılmaz sayılır. Mütəxəssislər Azərbaycan maliyyə bazarında dolların manata nisbətən ucuz olmasına yerli iqtisadiyyata zərbə kimi, ölkənin idxaldan asılılığını artıran amil kimi baxır. O da faktdır ki, dollar dünya bazarında daha da ucuzlaşacağı təqdirdə ölkənin maliyyə bazarında vəziyyəti bir müddət idarə etmək üçün Azərbaycanın imkanları var. Lakin problem uzunmüddətli olarsa, Mərkəzi Bank müəyyən çətinliklərlə üzləşə bilər.

ABŞ-da yanaşı, Avropada da vəziyyət ürəkaçan deyil. Proseslər göstərir ki, Avrozona böhranı daha da dərinləşəcək. Qeyd edək ki, Avrozonada müşahidə edilən problemlər bir sıra Avropa ölkələrində borc probleminin yaranması ilə bağlıdır. Belə ki, qlobal maliyyə böhranından sonra Yunanıstan və İtaliya Avropa İttifaqından, eləcə də beynəlxalq maliyyə qurumlarından kifayət qədər böyük məbləğdə borc cəlb etmişdi. Borc probleminin böyüməsi, qlobal maliyyə böhranının ikinci mərhələsinin daha çox avrozonanı vurması bu ölkələrin borclarını zamanında qaytarmasına imkan vermir. Bu isə vəziyyəti daha da ağırlaşdırır. Xatırladaq ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin təxminən yarısı Avropa ölkələrinin payına düşür. Burada böhran isə sözügedən ticarət dövriyyəsinin həcminin azalmasına gətirib çıxarmaq iqtidarındadır. Təbii ki, bu da Azərbaycanın maraqlarına cavab vermir. Hər halda Azərbaycan preventiv tədbirlər görür və ötən maliyyə böhranı bu tədbirlərin səmərəli olduğunu göstərir.

Sizin Reklam Yeriniz