Əlaqə Arxiv
news Image
2013.12.07
07:10
| A A A
Neftimizlə bağlı maraqlı proseslər başlanır
Benzinə tələbat istehsal həcmini keçmək üzrədir

Neft ölkəsi olan Azərbaycanda neftlə bağlı maraqlı proseslər cərəyan etməkdədir. Söhbət ölkə daxilində neftə tələbatın sürətlə artması fonunda "qara qızılın" ixracının azalmasından gedir. Azərbaycan Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti David Məmmədov bildirib ki, Azərbaycanda baş verən iqtisadi proseslər, avtomobillərin sayının artması nəticəsində ölkədə benzinə olan tələbat daim artır.

Onun sözlərinə görə, bu tələbatın orta illik artım tempi son illər ərzində 10%-dən çoxdur: "Aydındır ki, bu şəraitdə benzin istehsalının artırılması zəruridir və bunun üçün əlavə neft həcmləri tələb olunur. Bu səbəbdən də Dövlət Neft Şirkəti gələn il özünə məxsus xam neftin ixracını tam dayandıracaq və həmin həcmi benzin istehsalına yönəldəcək".

Bununla yanaşı Şirkət rəsmisi qeyd edib ki, ARDNŞ bu il ərzində neftin ixracını artıq azaldır və bunun nəticəsində daxili bazarda benzinə olan tələbat təmin olunur. Lakin eyni zamanda mövcud benzin ehtiyatlarından da istifadə olunur. Nəticədə, Azərbaycanda benzin ehtiyatının həcmi cəmi 17 min tona enib ki, bu da orta hesabla təxminən daxili tələbatın 4 gün təmin edilməsinə kifayətdir. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 10 ayı ərzində Azərbaycanda 1,171 milyon ton benzin satılıb və 1,170 milyon ton benzin istehsal edilib. ARDNŞ-in proqnozlarına görə, benzinə olan daxili tələbat ilin sonuna kimi təxminən 1,420 milyon. tona çatacaq.

Məlumatlara görə, gələn ildən Azərbaycanın benzin istehsalı 1,4 milyon tona çatacaq ki, bu da daxili bazarı tam təmin etməyə imkan verəcək. İqtisadçı ekspert İlham Şaban məsəslə ilə bağlı bildirib ki, bununla da ARDNŞ ölkədə hasil etdiyi neftin hamısını emala yönəldəcək: "Hazırda Dövlət Neft Şirkəti ildə 1,2-1,3 milyon ton benzin istehsal edir. Şirkət bu il 6,9 milyon ton neft hasil edib. ARDNŞ təkcə Bakı-Novorossiysk kəməri vasitəsilə neft ixrac edir və bunun gələn il üçün dayandırılması çox normal haldır. Azərbaycana gələn avtomobillərin sayı 10 faiz artıb bu da daxili bazarda benzinə olan tələbatı artıracaq, belə olduğu təqdirdə ARDNŞ-nin ixracatı saxlaması normal haldır".

Onun sözlərinə görə, digər şirkətlərlə imzalanan öhdəliklər öz yerində qalır, çünki müqaviləyə görə, bu müəssisələrin payına düşən neft emala yönəldilə bilməz. Dövlət Neft Şirkətinin sözcüsü Nizaməddin Quliyev də ANS-ə açıqlamasında Azərbaycanın daxili bazarında benzinə tələbat çoxaldığını söyləyib: "Dövlət Neft Şirkəti məhz daxili bazarın tələbatın ödəməlidir". Emal olunmuş neftin xaricə satışına daha çox üstünlük verilməsi məsələsi ilə bağlı ARDNŞ təmsilçisi deyib: "ARDNŞ xaricə əsasən təyyarə benzini satır, eləcə də Gürcüstan yanacaqdoldurma məntəqələrinə ixrac edir və bu da olduğu kimi qalacaq".

O da məlumdur ki, şlkəmiz xaricdən benzin alışını da istisna etmir. David Məmmədov bundan əvvəl deyib ki, Azərbaycanda avtomobillərin sayı və benzinə tələbat sürətlə artır: " Bu il tələbatı çox çətinliklə ödəyə bilirik. Azərbaycanda xüsusilə iyun, iyul, avqust aylarında benzinə tələbat güclənir. Gələn il neft emalının bu illə müqayisədə 5,5%, yəni təxminən 300 min ton artırılması və 100 min ton əlavə benzin istehsal edilməsi, yəni istehsalın həcminin 1,5 milyon tona çatdırılması nəzərdə tutulub. Bununla belə, idxal təhlükəsi qalmaqdadır. Məsələ ondadır ki, təkcə bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda avtomobillərin sayı və paralel olaraq benzinə tələbat təxminən 9,5% artıb. Yəni, tələbat istənilən halda bizim istehsal planımızı üstələyir. Çox güman ki, artıq tələbatı ödəmək üçün xaricdən Azərbaycana benzin idxal edəcəyik. Bununla belə, benzinə tələbatın nə qədər olması Azərbaycan hökumətinin ölkəyə gətirilən avtomobillərlə bağlı həyata keçirəcəyi siyasətdən də çox asılıdır. Yəni, dizel yanacağı ilə işləyən avtomobillərin və yaxud qənaətcil maşınların idxalı stimullaşdırılarsa, benzinə tələbat dəyişə bilər. Həmçinin yeni, müasir avtomobil yollarının inşası da benzin istehlakını azalda bilər. Çünki avtomobillərin tıxaclarda qalması da tələbatı artırır. Adətən, tələbatı tam ödəmək üçün benzin Qara dənizlə gətirilir. Rumıniya və Bolqarıstandakı tərəfdaşlarımızın hesabına idxal edirik. Türkiyədəki neft emalı zavodlarının istehsal etdiyi benzini də ala bilərik, amma həm qiymət, həm də daşınma baxımından Rumıniya və Bolqarıstan variantları daha sərfəlidir".

Sizin Reklam Yeriniz