Movqe.az xəbər verir ki, 2 il əvvəl Azərbaycan xalqı acı bir xəbərlə oyandı. Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimov qəhramanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdı. Bu gün onun şəhid olmasının ildönümüdür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.
Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən
sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində
hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə
cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə
başlayıb. Mübariz İbrahimov 2010-cu ilin iyunun 18-dən 19-a keçən
gecə Tərtərin Çaylı istiqamətində gedən qeyri-bərabər döyüşdə 5
düşməni məhv edərək, 3-nü yaralayaraq şəhid olub. Bir neçə
erməni əsgərini öldürən hərbiçimizin meyidini geri almaq elə də
asan olmadı. Yalnız Azərbaycan, Ermənistan və Rusiya
prezidentlərinin Həştərxan görüşündən sonra Ermənistan Mübariz
İbrahimov, eləcə də şəhid zabit Fərid Əhmədovun meyitlərini
Azərbaycana təhvil verdi. Azərbaycan prezidenti İlham Əliyev iyulun
21-də gizir Mübariz İbrahimova Azərbaycanın Milli qəhrəmanı adının
verilməsi barədə sərəncam imzalayıb.
Xatırladaq ki, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov
2010-cu ildə "İlin adamı" mükafatına layiq görülüb.