Əlaqə Arxiv
news Image
2012.04.11
13:01
| A A A
Saxta diplom qalmaqalı böyüyür
TQDK sədri Təhsil Nazirliyinin "Qara baza"ya düşən diplomlarla bağlı bəyanatına münasibət bildirdi


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə rəhbərlik etdiyi qurumun "Qara bazası"na düşən 22 mindən çox diplomun Təhsil Nazirliyi tərəfindən hüquqi qüvvəsi olması barədə səslənən fikirlərə münasibət bildirib. 2012-2013-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başlanması ilə əlaqədar keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib ki, Komissiya "Tələbə-məzun Dövlət Elektron Bazası"nın təqdimatında bu komissiyasının xətti ilə ali məktəbə qəbul olunmayan tələbələrin sayını açıqlayıb.

"Amma biz bilirik ki, bu uşaqlar bizim imtahanlarda iştirak ediblər. Həmin şəxslərin bizim imtahanlarda nə qədər bal topladıqlarını da bilirik. Təbii ki, bu uşaqlar çox aşağı bal toplayanlardır", - Abbaszadə bildirib.

O əlavə edib ki, bu abituriyentlərin Rusiya, Ukrayna və ya hər hansı ölkənin hansısa özəl ali məktəbinə hansı yolla qəbul olunmasının TQDK-nın fəaliyyətinə heç bir dəxli yoxdur. Bu məlumatların ictimaiyyət və ölkə rəhbərliyinə də çatdırılmasını istəyən Abbaszadə deyib ki, çox tez-tez KİV-də də auditoriyada biliyi olmayan uşaqla biliyi olanın necə yanaşı oturması məsələsinə toxunulur.

"Bax, mən bunun kökünü sizə göstərirəm. Biz bu uşaqları ali məktəbə qəbul etməmişik. Təbii ki, o uşaqlara hansısa dövlət universiteti tərəfindən diplom verilibsə, biz onu hüquqi sənəd kimi qəbul edirik. Diplom hüquqi sənəddir, diplom ksereksdən çıxarılmayıb, saxtalaşdırılmayıb. Amma məsələ ayrı cürdür. Bu adam mütəxəssisdir, yoxsa yox. Çünki diplom onu deyir ki, bu adam həkim, müəllimdirsə, onu işə buraxmaq olar", - TQDK sədri qeyd edib.

Onun sözlərinə görə, diplom insanın müvafiq sahə üzrə bilik və bacarığının olduğunu göstərir. Bu diploma isə onu verən ali məktəb və müvafiq nazirlik cavabdehdir.

"Biz hesab edirik ki, həmin uşaqlar TQDK-nın qəbul imtahanlarında nümayiş etdirdiyi ballarla 4 il ərzində mütəxəssis kimi formalaşa bilməzlər. Saxta diplom, yoxsa saxta mütəxəssis? Mənim üçün fərqi yoxdur. Təhsil Nazirliyi bildirir ki, bu diplomlar saxta deyil. Çox gözəl. İkinci bir məsələ çıxır ki, həmin şəxslər mütəxəssisdirlərmi? 4 il ərzində onlar müvafiq ali məktəblərdə mütəxəssis kimi formalaşıblarsa, biz buna sevinirik. Bizim təhsil sahəsində belə "0" balla qəbul olunan uşaqların mütəxəssis kimi formalaşması mümkündürsə, biz buna çox şadıq", - M.Abbaszadə deyib.



Sizin Reklam Yeriniz