Əlaqə Arxiv
news Image
2012.11.20
07:18
| A A A
Mənzil bazarında anormal vəziyyət yaranır
Əhalinin yaşayış mənzillərinə tələbatı artsa da, son üç ildə mənzil inşası sürətlə azalır

Açıqlanan son demoqrafik məlumatlardan belə məlum olur ki, Azərbaycan əhalisinin sayında artım var. Əhalinin sayının artması isə öz növbəsində mənzillərə tələbatın artmasını şərtləndirir. Lakin maraqlı məqam ondan ibarətdir ki, əhalinin sayının artmasının əksinə olaraq istifadəyə verilən mənzillərin sayı və sahəsi ildən-ilə azalmaqdadır. Halbuki, mənzilə tələbatı olanların sayı ildən-ilə artır.

Məlumat üçün bildirək ki, 2012-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda istifadəyə verilən mənzillərin ümumi sahəsi 1 milyon 337,1 min kvadrat metr təşkil edib, bu isə ötən ilin 10 ayının göstəricisindən 11,3% azdır. 2011-ci ildə Azərbaycanda istifadəyə verilən mənzillərin ümumi sahəsi 1 milyon 922,3 min kvadrat metr təşkil edib, bu isə 2010-cu ilin göstəricisindən 6,2% azdır.

Ekspertlər isə hesab edir ki, yaşayış evlərinin ümumi sahəsinin azalmasına əsas səbəb tikinti sahəsində rentabelliyin aşağı düşməsi, şirkətlərin maliyyə problemləri yaşaması və əhalinin yeni tikililərə tələbatının az olmasıdır. Yeni tikililərdə evlərin kvadrat metri köhnələrdən az qala 2 dəfə aşağı olsa da, əhalinin ilkin bazara tələbatı azdır. Məsələn, yeni tikililərdə mənzilin bir kvadrat metri təxminən orta qiymətlə 650 manatdırsa, köhnə tikililərdə bu rəqəm 1100 manata çatır. Buna səbəb isə köhnə tikililərin mərkəzdə və təmirli olması, həmçinin tikinti bazarında göydələnlərdəki mənzillərin əksəriyyətinin rəsmi qaydada reyestrə alınmamasıdır. Daşınmaz əmlak bazarında sənədsiz evlərin sayı sənədli evlərin sayından daha çoxdur. Yeni tikililərin kommunal xərclərinin çoxluğu və işıq-qaz, liftlə təmin olunmaması da tələbatın azalma səbəblərindəndir.

Mütəxəssislər hesab edir ki, yeni tikilən mənzillərə dövlət reyestr sənədlərində sadələşmə aparılarsa və bu tipli mənzillərin ipoteka kreditləşməsində iştirakına icazə verilərsə, qarşıdakı 2 ildə tikintinin ümumi həcmində artım hiss oluna bilər. Bu ilk olaraq mənzil bazarında canlanma yaratmaqla yanaşı, hətta mənzillərin qiymətinin artmasına və tələbin təklifi üstələməsinə gətirib çıxaracaq. Bundan başqa hesab olunur ki, yarımçıq binaların inşasının başa çatdırılması üçün də müvafiq addımlar atılmalıdır. Hazırda Yeni Yasamal massivi, Əhmədli, Günəşli qəsəbəsi və Xırdalan şəhəri də daxil olmaqla, yarımçıq tikililərin sayı 40,45% təşkil edir. Proseslərin gedişi göstərir ki, həmin binalar hələ bundan sonra da uzun müddət yarımçıq qala bilər. Hazırda tələbin yüksək olmaması və banklardan kredit götürməyin çətinliyi üzündən uzun müddətdən bəri yarımçıq qalmış binaların inşası da ləngiməkdə davam edir. Bu vəziyyət tikinti şirkətlərini narahat etdiyindən, onlar müəyyən banklar vasitəsilə əlverişli kredit ayrılmasını istəsələr də, təklifləri keçərsiz sayılıb. Xatırladaq ki, bu məsələ hələ üç il əvvəl gündəmə gəlmişdi. Onda Azərbaycan tərəfinin Amerikanın "Eksimbank" və OPİK şirkətindən iri məbləğdə kredit almaq barədə danışıqlar apardığı məlum olmuşdu. Həmin pullar hesabına həm ipoteka kreditləri, həm də yarımçıq tikililərin başa çatdırılması üçün sahibkarlara kredit ayrılacağı bildirilirdi. Ekspertlər bildirirdi ki, yeni kreditlərin verilməsi tikinti sektorunda canlanma yarada bilər. İlkin məlumatlara görə, yarımçıq binaların başa çatdırılması üçün kreditlər sahibkarlara uzun müddətə - 7-10 illiyə verilməli idi. Lakin həmin vaxtdan təxminən iki il keçsə də, bu barədə heç bir xəbər yoxdur.

Qeyd edək ki, yarımçıq tikililərin tikilib başa çatması üçün konkret limit qoyulmasının və bu limitə əməl olunmadığı halda onun kimlərə həvalə edilməsilə bağlı Ukrayna və Rusiya modeli mövcuddur. Bu ölkələrdə tikintisi yarımçıq qalan tikintilər bələdiyyələrin balansına verilir. Onlar da binadakı mənzilləri satmaq yolu ilə qarşı tərəfin pulunu ödəyir. Azərbaycanda da buna bənzər təcrübənin tətbiqi məqbul sayılır.

Digər tərəfdən, ekspertlər bildirir ki, Dövlət Qəbul Komissiyasına təhvil verilməyən binalar da yarımçıq hesab olunur. Bütün Azərbaycan üzrə belə binaların sayı kifayət qədərdir. Amma bunun təxminən yarısının problemi yoxdur, yəni onlar çatışmazlıqlar yavaş-yavaş aradan qaldıraraq binaları Dövlət Qəbul Komissiyasına təhvil verir.

Statistikaya görə, il ərzində Bakı üzrə təkrar bazarda 700, 800 mənzil satıldığı təqdirdə, ilkin mənzil bazarında bu rəqəm 200-250 arasında dəyişir. İqtisadçı-ekspert Nüsrət İbrahimov deyir ki, alıcı marağının azaldığını görən tikinti şirkətləri indi daha çox qeyri-yaşayış sahələrinə və dövlət sifarişlərinə üstünlük verir. Onlar bu yolla öz maliyə problemlərini həll etməyə çalışır. Lakin nəticədə yaşayış mənzillərinin inşa prosesi ləngiyir və tələblə təklif arasında fərq böyüyür.
Sizin Reklam Yeriniz