Əlaqə Arxiv
news Image
2012.11.24
11:06
| A A A
Vitaminli qidalardan az istifadə ciddi fəsadlara yol açır

Adil Qeybulla: "Orqanizmdə lazımi qədər vitamin olmadıqda bədən infeksion xəstəliklərə qarşı mübarizə apara bilmir"


Ümumdünya Səhiyyə Təşkilatının vitamınlərdən (bura təbii bitkilərdən və kimyəvi yolla əldə olunan preparatlar daxildir) istifadə edən ölkələrin siyahısında Azərbaycan hələ də ilkin sıralarda yer alır. Qeyd olunur ki, Azərbaycanda  ailələr vitamin dərmanlara, eləcə də vitaminlərlə zəngin olan qidalara o qədər də böyük pul xərcləmir. 

Bildirək ki, bu gün bütün dünya ölkələrində, xüsusilə, azyaşlılalara  vitaminlər və ya vitamin tərkibli qidalar verilir. Qlobal iqlim dəyişmələri, insanların oturaq həyat tərzinə üstünlük vermələri, hormonal əsaslarla hazırlanan qida məhsullarının mövcudluğu fonunda ailələrin vitaminlərə müraciət etməsi və bunu qida rasionuna daxil etmələri vacib hesab olunur.  

Ekspertlər bildirirlər ki, Azərbaycanda bir çox xəstəliklər və ya əlamətlər məhz vitamin çatışmazlığından doğur. Fəsillərin dəyişməsi insanlarda müəyyən narahatlıqlar doğurur. Soyuqdəymə, üşütmə, tərləmə, qan azlığı, saçların tökülməsi, təngənəfəslik, hədsiz piylənmə və ya hədsiz arıqlama, iştahasızlıq, qrip və s. xəstəlik, yaxud əlamətlər var ki, vitaminsizliyin doğurduğu fəsadlardır.  

Tibb üzrə ekspert, professor Adil Qeybullanın sözlərinə görə, vitaminlərin qəbulu həkim məsləhətilə olmalıdır: "Bu gün apteklərdə satılan vitamin preparatlarının heç də hamısı keyfiyyətli deyil. Tərkibi məlum olmayan və ya zərərli kimyəvi maddələrdən hazırlanan dərmanlar sonradan orqanizmdə ağır fəsadlar yarada bilir. Mütəmadi olaraq vitaminlər qəbul edən şəxslərin orqanizmində diskomfort yaranır. Hər bir vitamindən normadan artıq istifadə etdikdə onun zərəri olur. Məsələn, C vitamini çox qəbul edildikdə laxtalanmaya, revmatizmə səbəb olur. A vitamini normadan artıq olduqda qara ciyərdə ağrılar yaranır. Bir daha qeyd edirəm ki, vitaminlərin qəbulu həkim məsləhətilə olmalıdır. Sağlam adamın vitamin qəbul etməsi məsləhət deyil. Normal qidalanma rejimi olsa, qida rasionunda vitaminlə zəngin təamlar olsa vitamin preparatlarının qəbuluna ehtiyac olmaz. Amma azyaşlı uşaqlara, hamilə qadınlara və yaşlı insanlara vitamin qəbul etmək olar. Bəzən görürsən ki, cavan yaşlarında olan insan oturaq rejimdə işləməsinə baxmayaraq, zülal, vitaminlərlərlə zəngin yeməklər qəbul edir. Bu, məsləhət deyil. Bədəndə yığılıb qalan enerji mənfi fəsadlar doğurur. Fiziki hərəkətlər etməyən insanlarda maddələr mübadiləsi zəif getdiyindən, lüzumsuz yerə ağır yeməklərlə yükləmək doğru deyil. Risk qrupuna dail olan insanlar vitamin terapiyasından keçməlidilər".  

Ekspertin sözlərinə görə, insanların payız aylarında vitamin terapiyasından keçmələri daha məqsədəuyğundur: "Həmin vaxt meyvə-tərəvəz məhsullarında vitaminlərin miqdarı aşağı düşür. Müxtəlif üsullarla, qapalı şəraitdə becərilən meyvə-tərəvəzlər insanın orqanizminin vitaminə olan tələbatını ödəyə bilmir. Orqanizmi gücləndirmək, gözlənilən soyuq, şaxtalı qışa hazırlamaq üçün vitamin ehtityatı yığmaq pis olmazdı. Orqanizmdə lazımi qədər vitamin olmadıqda bədən infeksion xəstəliklərə qarşı mübarizə apara bilmir. Orqanizm üçün əhəmiyyətli olan amin turşuları yalnız qidalar, dərmanlarla təmin olunur. Yəni orqanizm özü onu istehsal edə bilmir. Amin turşularını biz ət məhsulları ilə təmin edirik.  Ən gözəl, təhlükəsiz vitaminlər məhz bitkilərdə cəmləşib. Kartof, alma, göyərti, limon və s. meyvə-tərəvəz məhsullarında olan vitamini heç bir preparat əvəzləyə bilməz". 

R.QAÇAYOĞLU 

Sizin Reklam Yeriniz