Əlaqə Arxiv
news Image
2013.05.07
16:11
| A A A
Banklar müsadirə etdikləri evləri dəyər-dəyməzinə satır
Samir Əliyev: «Müştəri krediti obyektiv və subyektiv səbəbdən qaytara bilmədiyi üçün belə hallar olur» Hüseyn Hüseynov: «Bu çətinliklər bir çox ölkələrdə mövcuddur və kreditləri ödəməyə imkanı olmayan müştərilərə güzəştlər tətbiq edilir»

Aparılan araşdırmalar göstərir ki, ölkə banklarının verdikləri kredit əvəzinə girov olaraq götürdükləri mənzillərin sayında artım var. Həmçinin, kreditin qaytarılması zamanı belə mənzillərin bank tərəfindən müsadirə olunması hallarında da müəyyən artım müşahidə olunur. Özü müsadiər edilən belə mənzillər satşıa nisbətən ucuz qiymətlə çıxarılır. Məsələyə münasibət bildirən iqtisadçı ekspert Samir Əliyev banklar tərəfindən müsadirə olunan evlər barədə Mövqe.az-a açıqlamasında qeyd edir:

 " Banklar girov əvəzində mənzil götürmürlər. Sadəcə olaraq mənzil daşınmaz əmlak girovun tərkib hissəsidir. Banklar irihəcimli kreditlər verəndə əhalidən girov tələb edirlər. Avtomobil kreditində avtomobilin özü kredit rolunda oynayır. Ancaq böyük kredit götürən zaman vətəndaş özü daşınmaz əmlakdan kredit qoymalıdır. Banklar özlərini sığortalamaq üçün şərtləri ağırlaşdırırlar. Yəni, banklar heç də girov qoyulmuş əmlakın tam həcmində kredit vermirlər. Məsələn, 100 min manatlıq ev girov qoyulubsa, onun 50 və ya 70 min manatını kredit kimi vətəndaşa verirlər. Əgər müştəri krediti vaxtında ödəyə bilmirsə, müəyyən prosedurlar (məhkəməyə müraciət və s. ) keçir. Son nəticədəhəmin əmlakın satılması məsələsi gündəmə gəlir. Bank öz pulunu bu cür halda götürə bilir. Bank evi tez və ucuz satmağa çalışır. Pul nə qədər tez gəlsə, həmin bank pulu dövriyyəyə buraxıb, qazana bilir. Müştəri istəyir ki, evi baha satsın. Lakin sonda bankın istəyinə uyğun olaraq ev dəyər-dəyməzə satılır. Bank kreditin qalanını və məhkəməyə çəkdiyi xərcləri götürür, qalıq hissə vətəndaşa verilir. Nəticədə bu kreditdən insanlar zərərə düşür. Bu məsələlər, düşünürəm ki, qanunvericilikdə tənzimlənməlidir. Müştəri hər bir halda həm də istehlakçıdır. O, kredit götürürsə, istehlakçıya çevrilir. Banklar müştəri ilə müqavilə bağlayan zaman öz hüquqlarını daha çox orada qabardırlar. Çünki bu müqavilələr banklar tərəfindən hazırlanır".

Ekspert son dövrlərdə müsadirə olunan evlərin sayının artmasına da münasibət bildirdi: " Müştəri krediti obyektiv və subyektiv səbəbdən qaytara bilmədiyi üçün  belə hallar olur. Girov əvəzi evini banka qoyan müştəri öhdəlik götürür ki, əgər mən krediti ödəyə bilməsəm, o zaman evim müsadirə oluna bilər. Hər bir müştəri vaxtı-vaxtında krediti ödəməlidir. Ödəməsə, banklar tərəfindən xəbərdarlıq edilir və danışıqlıqlar aparılır. Elə bank var 1 il gözləyir, ancaq eləsi də var heç 2 ay gözləmir...Sonda deyilənlərə, xəbərdarlığa məhəl qoyulmadıqda isə bank məhkəməyə müraciət edir. Əslində, məhkəmə prosesi banklara da sərf etmir. Çünki proses məhkəməyə gedəndə 6 aydan 2 ilə kimi uzanır və faiz hesablanması da dayanır. Hər gecikən günə görə məbləğin üstünə faiz gəlmir. Ona görə də banklar çalışırlar ki, danışıqlar yolu ilə bu məsələ öz həllini tapsın".

İqtisadçı ekspert Hüseyn Hüseynov da mövzu ilə bağlı fikirlərini Mövqe.az-a bildirib: "Ölkəmizdəki kommersiya bankları vətəndaşlara müxtəlif növdə kredit paketləri təklif edirlər. Beynəlxalq təcrübəyə də nəzər salsaq, ev, yaxud əmlak kreditlərində kreditin ödəmə riskini nəzərə alaraq sözügedən əmlak girov  şəklində həmin bankda ödənişin bitdiyi vaxta qədər saxlanılır. Lakin ödənişdə müəyyən çətinliklər yarandıqda banklar tərəfindən təxminən 3 ay müddətinə müştəriyə krediti ödəməsi ilə bağlı vaxt verilir və göstərilən dönəmdə kredit ödənilməsə, artıq məhkəməyə müraciət olunur.

Digər bir istiqamət isə əmlakın  girov göstərilməsi ilə bisnesə başlamaq üçün götürülən kreditlərdir. Bu formada olan kreditlər təxmini 5000-15 000 manat həcmində olan mikrobiznes kreditlər və bu məbləğdən daha çox olan iri həcmli biznes kreditləridir. Lakin qeyd etmək lazımdır ki, bu növ kreditlərin ödənilməsində çətinliklər ortaya çıxır. Bunun da obyektiv və subyektiv səbəbləri vardır. Subyektiv amillər əsasən banklar tərəfindən kreditin verildiyi vaxt müştərilərin ödəmə qabiliyyəti tam olaraq təhlil olunmur və etibarsız müştərilər bu kreditlərdən yararlanır. Qısa müddətli dövrdə, yəni 3-5 ay kreditin ödənişi götürülən vəsaitdən aparılsa da, bu müddətdən sonra artıq ödəmə qabiliyyəti tamamilə aşağı düşür, müştəri ilə bank arasında mübahisələr yaranır və  son nəticədə tərəflərin mübahisələri məhkəmə qaydasında həll edlilir. Bildiyiniz kimi bu çətinliklər bir çox ölkələrdə mövcuddur və  kreditləri ödəməyə imkanı olmayan müştərilərə güzəştlər tətbiq edilir. Bizə ən yaxın ölkə olan Rusiyada krediti qaytarmaq imkanı olmayan problemli müştərilərə 5 il müddətinə güzəştlər edilir. Avstriyada sosial fondlar fəaliyyət göstərir və bu fondlarda problemli kredirləri olan insanlara  kredit öhdəçiliyindən azad olunması üçün müəyyən xidmətlər göstərilir. Lakin bu xidmətlərdən yalnız ilk dəfə kredit götürən və ödəmə qabiliyyəti özündən asılı olmayan səbəblərdən aşağı düşmüş müştərilər yararlana bilirlər.

Respublikamızda da mövcud problemin həll edilməsi üçün hal-hazırda kommersiya bankları tərəfindən sözügedən kreditlərin vaxtında ödənilməsi və problemin yaranmaması üçün müştərinin müvafiq biznes  sahəsində  təcrübəsi dəqiq və dolğun araşdırılmalı və müştərinin ödəmə qabiliyyəti düzgün proqnozlaşdırılmalıdır".

 

 

Sizin Reklam Yeriniz