Məlum olduğu kimi kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə prezidentin 1999-cu il 22 mart tarixli fərmanı ilə kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən 5 il müddətinə azad edilib. Sonradan bu qanunun müddəti bir neçə dəfə uzadılıb və bu güzəştlər 2014-cü ilə qədər qüvvədədir. Artıq gələn il bu güzəştlər qüvvədən düşür. Maraqlıdır ki, kənd təsərrüfatının indiki inkişaf səviyyəsində güzəştlərin müddəti yenidən artırılacaqmı?
Məsələyə münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyinin (KTN) bitkiçilik məhsullarının istehsalı, emalı və torpaqlardan istifadəyə nəzarət şöbəsinin müdiri Sabir Vəliyev Mövqe.az -.a açıqlamasında qeyd edir: " Güzəştlər ölkə Prezidentinin kənd təsərrüfaft sahəsində çalışanlara qayğısıdır. Biz tədricən dövlət mülkiyyətindən şəxsi mülkiyyətə keçmişik. Kənd təsərrüfatı sahəsində şəxsi mülkiyyət sahibləri özünə gələnə, məhsul bolluğu olana, rentabillik səviyyəsi qalxana kimi bu güzəştlər həyata keçiriləcək. Nazirlər Kabineti bu qərarı hər dəfə 5 il uzadır. Düşünürəm ki, növbəti dəfə bu vergi güzəştləri yenidən uzadılacaq. Ümumiyyətlə, bu çox uzun bir prosesdir. Bizim torpaqlar münbit hala salınanda, hektardan taxılın məhsuldarlığını 37-38 hektara çatdırılanda, pambıq istehsalını artırılanda, disproporsiya aradan qalxanda, meyvə-tərəvəzin satışında istehsal olunan məhsulun tədarük olunması prosesləri düzələndə, kooperativlər qurulanda yəqin ki, kənd təssərüfatında vergilər də, güzəştlər də dayandırılacaq. O zaman kooperativlər özlərini dövriyyə hesabına ödəyəcəklər. Ondan sonra kənd təsərrüfatı məhsulları stabil olaraq artacaqdır. Ölkə Prezidentini tapşırığı ilə iri taxılçılıq təsərrüfatları yaradılır. Əgər iri taxılçılıq təsərrüfatlarında 200 min torpaq yenidən istifadəyə verilsə, biz taxılçılıqda rekord rəqəmlər əldə etmiş olacağıq. Daxili rəqəmlər hesabına indi 82% əhalini təmin edirksə, o zaman 100% təmin etmiş olacağıq. Hətta taxıl ixracını da reallaşdıra bilərik. Bunlar hamısı olandan sonra müəyyən kənd təsərrüfatı məhsulları ola bilər ki, onları vergiyə də cəlb edə bilərik".
İqtisadçı ekspert Ziya Əlili isə qeyd edir: "Vergi güzəştlərinin ləğv olunması təbii ki, istehsalat prosesində çətinlik yaradacaq. Bunun səbəbləri aydın olduğu üçün müzakirə eləməyə fikirmcə, lüzum yoxdur. Vergi güzəştlərinin ləğv olunmasının yaradacağı ən böyük çətinliklər iki istiqamətdə formalaşa bilər: Birincisi, istehsal xərcləri artdığı üçün daxili bazarda öz məhsullarını satan fermerlər bu məhsulların qiymətlərini artırmağa məcbur olacaqlar. Bu da onların məhsullarının xaricdən gələn məhsullarla rəqabətdə rəqabətlilik qabiliyyətinin düşməsinə səbəb ola bilər. Bu halın qarşısını almaq üçün idxal olunan məhsulların tarif dərəcələrini artırmaq və ya eyni kənd təsərrüfatına subsidiyaları ayırmaq olar.
İkincisi, ixrac olunan məhuslların da rəqabətlilik qabiliyyəti aşağı düşəcək. Digər tərəfdən vergilərin ləğv olunmasının üstünlüyü də var.
Birincisi, bu, kənd təsərrüfartında fermerlərin daha qənaətcil metodlarlarla istehsala başlamasına stimul ola bilər. Xərclərin bahalaşması fonunda qiymətlərin bahalaşmasına nail ola bilməyən fermerlər xərcləri azaltmaq istiqamətində addımlar ata bilərlər ki, bu da onların fəaliyyətlərinə müsbət təsir edə bilər.
İkincisi, hal-hazırda Azərbaycanın ÜTT və digər inteqrativ layihələrə qoşulması haqqında danışıqlar gedir. Bu danışıqlar uğurlu olacağı halda Azərbaycanda artıq kənd- təsərrüfatına kömək üçün subsisidiya və ya vergi güzəştləri tətbiq edə bilməyəcək. İndidən mütəmadi və yumşaq addımlarla belə qərarların verilməsi gələcəkdə iqtisadiyyatın sektorlarının birdən zərər görməməsinə şərait yarada bilər" .