Əlaqə Arxiv
news Image
2022.06.27
19:32
| A A A
Prezident İlham Əliyev böyük quruculuq işlərindən danışdı

Bu dağıntılar erməni faşizminin təzahürüdür. Onlar binalarımızı, məscidlərimizi,
məktəblərimizi, şəhər və kəndlərimizi dağıdıblar. Bu sanatoriyanı da dağıdıblar. Amma
bir müddətdən sonra burada yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılacaq.
Mən hesab edirəm ki, bu, çox vacibdir. Çünki İstisu sanatoriyası və İstisu suyu bu
bölgənin rəmzi, Kəlbəcərin təbii sərvəti idi. Bu gün biz - bu torpaqların sahibləri vaxtılə
əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq. Bütün şəhər və kəndlərimizi
yenidən, sıfırdan bərpa edirik və edəcəyik, o cümlədən Kəlbəcər rayonunda, Laçın
rayonunda böyük quruculuq işləri gedir.Ancaq mənim iyunun 26-da bu rayonlara
səfərimin əsas səbəbi bu gün - Silahlı Qüvvələr Günündə hərbçilərlə bir yerdə
olmağımdır. Mən bu gün hərbçilərlə - yeni yaradılmış komando qüvvələri ilə Ordu
Gününü Kəlbəcərdə qeyd etdim. Hesab edirəm ki, bunun çox böyük rəmzi mənası var.
Hərbi xidmət nöqteyi-nəzərdən bu bölgə - Kəlbəcər-Laçın zonası həm iqlim, həm relyef,
həm də təbiət baxımından bəlkə də ən çətin bölgədir. Ona görə bu gün mən burada
olmalı idim, Müzəffər Ordumuzla bərabər olmalı idim, hər zaman olduğu kimi.Eyni
zamanda, bu fürsətdən istifadə edərək son bir il ərzində burada görülmüş işlərlə də
tanış oldum. Görürdüm, baxırdım, mənim göstərişlərim necə yerinə yetirilir,
ümumiyyətlə, Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı hansı əlavə addımlar
atılmalıdır. Çünki bu rayonların bərpası azad edilmiş digər rayonlara nisbətən daha
çətindir. Ona görə ki, biz hələ də Murov aşırımından keçib gəlməliyik. Qış aylarında
gediş-gəliş çətindir. Hava limanı hələ hazır deyil ki, yükləri hava yolu ilə göndərək. Ona
görə bu bölgələrin, bu iki rayonun inkişafı ilə bağlı işlər gedir. Ancaq, əlbəttə, bu təbii
şərait imkan vermir ki, bu işlər daha geniş vüsət alsın. Amma buna baxmayaraq, bütün
infrastruktur layihələri uğurla icra edilir. Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib.
Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək. Həmin 4 stansiya
artıq işləyir və ümumi enerji gücümüzü artırır, bərpaolunan enerji növlərinin həcminin
artırılmasına xidmət göstərir.Yollar çəkilir. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox
tunel inşa edilir. Təsəvvür edin, 10-dan çox tunel. Onların arasında ən böyük tunelin
uzunluğu təxminən 12 kilometrdir. Biz bu tuneli Murov dağının altından çəkirik ki, buraya
gediş-gəliş rahat olsun. Bu, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə
nöqteyi-nəzərdən lazımdır. Hazırda bütövlükdə 10-dan çox tunel tikilir və gələcəkdə bu
tunellərin sayı daha da çox ola bilər. Çünki burada hər tərəf dağlardır, meşələrdir.
Qarabağ bölgəsində isə indi 10-dan çox tunel, 9 viaduk, onlarla körpü inşa edilir. Görün,
həm Zəngəzurda, həm də Qarabağda ancaq yol təsərrüfatına aid olan nə qədər
genişmiqyaslı işlər görülür. Çünki bunlar - elektrik enerjisi və yol əsasdır. Bunlar
olmadan heç bir inkişafdan söhbət gedə bilməz.Bu gün mənə, eyni zamanda, digər
infrastruktur layihələrinin icrası ilə bağlı məlumat verildi. Hesab edirəm ki, qısa müddət
ərzində, - müharibədən cəmi ilyarım keçib, - bu genişmiqyaslı işlərin görülməsi həm
gücümüzü, niyyətimizi, iradəmizi göstərir, bir daha xalqımızın böyüklüyünü göstərir. Biz
bunu təkbaşına edirik və edəcəyik.Bu gün Kəlbəcər şəhərinin Baş planı mənə təqdim
edildi. Bu Baş planı hazırlayan şirkət Zəngilan şəhərinin Baş planını da hazırlayıb. Mən
o vaxt demişdim ki, Zəngilan şəhəri təbiətə sıx inteqrasiya olunmalıdır, park-şəhər
olmalıdır, Kəlbəcər də həmçinin. Kəlbəcərin də özünəməxsus füsunkar təbiəti var.
Kəlbəcər şəhərinin Baş planının təsdiq olunması əlbəttə ki, bu təbii gözəlliyi ehtiva edir.
Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış
binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət
göstərir. Göstəriş vermişəm ki, Kəlbəcərdə mütləq aşıq mərkəzi və lazım olan digər
tikililər inşa edilsin. Bu, ancaq Kəlbəcər şəhərinin Baş planıdır. Kəlbəcər rayonunun
inkişafı ilə bağlı isə bizdə konsepsiya artıq hazırdır. Kəndlərin yenidən qurulması
konsepsiyamız hazırdır və biz bunu icra edəcəyik.Laçın rayonunda yeni hava limanı
inşa edilir. Bu hava limanının tikintisinin ən çətin tərəfi Laçın rayonunda və Kəlbəcər

rayonunda düz yerin olmamasıdır. Ona görə biz dağları yarırıq, dağları kəsirik ki, zolaq
üçün uyğun şərait yaradılsın. Ona görə bu torpaq işləri hələ gələn il də davam edəcək.
Ümid edirəm ki, 2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanı açılacaq və
ondan sonra gediş-gəliş daha rahat olacaq. Əminəm ki, bu bölgə turizm zonası olacaq.
Çünki burada olan təbii gözəllik heç bir yerdə yoxdur. Təbii gözəllik – çaylar, bulaqlar,
meşələr - biz bütün bu sərvətdən məhrum idik, ermənilər bizim xalqımızı məhrum
etmişdilər. Otuz il ərzində bizim təbii sərvətlərimizi istismar edir, ağaclarımızı kəsirdilər, -
60 min hektar ağac fondu, meşə fondu məhv edilib, - çaylarımızı zəhərləyir, binalarımızı
sökür, qızıl yataqlarımızı qanunsuz istismar edirdilər. Hər şeyi qanunsuz edirdilər. Bu
gün erməni vəhşiliyi haqqında dünyada kifayət qədər böyük məlumat var və biz bu
məlumatı daha da genişləndirəcəyik.
Müşfiq Qurbanov 

Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı
məsləhətçisi

Sizin Reklam Yeriniz