Abbas Əliyevin: "Müvafiq sənədlər hazırlanır, xarici təcrübə öyrənilir və lazım olan işlər görülür"
Uzun müddətdir ki, ölkə gündəmində olan əsas məsələlərdən biri xüsusi iqtisadi zonaların (XİZ) yaradılması ilə bağlıdır. İqtitsadçı ekspertlərin böyük əksəriyyəti hesab edir ki, bel əzonaların yaradılması vacibdir. Dövlət tərəfindən də bu xüsusda müvafiq addımlar atılır. Lakin hesab olunur ki, prosesin sürətləndirilməsinə ehtiyac var.
Xatırladaq ki, xüsusi iqtisadi zonanın yaradılmasının məqsədi xüsusi hüquqi rejimin və müasir texnologiyaların tətbiqi əsasında rəqabət qabiliyyətli yeni istehsal və xidmət sahələrinin təşkilindən ibarətdir. Azərbaycan hökuməti bu cür iqtisadi vasitələrlə ölkəmizdə sahibkarlığın və iqtisadiyyatın inkişafını sürətləndirmək niyyətindədir.
Belə iqtisadi zonalar bu gün dünyada iqtisadi inkişafın daha da sürətlənməsi və ticarət dövriyyəsinin genişləndirilməsi üçün ən vacib amildir. Dünya təcrübəsi xüsusi iqtisadi zonaların dövlətin əsas gəlir mənbəyindən birinə çevirildiyini sübut edir. Buna misal olaraq Dubay azad iqtisadi zonasını göstərmək olar.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov Mövqe.aza-a açıqlamasında qeyd edir: "Xüsusi iqtisadi zonların yaradılması ideyası Azərbaycanda uzun müddət gündəmdə duran məsələ oldu. Xüsusi iqtisadi zonların yaradılması birmənalı şəkildə Azərbaycan iqtisadiyyatına, regionlara xarici investisiyanın cəlb edilməsi deməkdir. Ancaq təəssüflər olsun ki, xüsusi iqtisadi zonların yaradılması ilə bağlı qanunun qəbul edilməsinə baxmayaraq, bu məsələ hələ reallaşdırılmayıb. Bu zonların yaradılmamasının səbəbi odur ki, o zonaların hansı regionlarda yaradılması məsələsi öz həllini tapmadı. Baxmayaraq ki, İqtisadi İnkişaf Nazirliyi Lənkaranı seçmişdi. Lakin sonradan bəlli oldu ki, Lənkaran elə də əlverişli yer deyil. Xüsusi iqtisadi zonlar yaradılan zaman çox önəmlidir ki, onlar paytaxta yaxın olsun. Düzdür, regionlarda yaradılsa, bu regionların inkişafını stimullaşdırar. Xızı rayonunda bu zonaların yaradılması uzun müddət gündəmdə oldu. Çünki Xızı Sumqayıt və Bakıya nisbətən yaxındır və ixtisasçı kadrlara olan tələbat ödənilir. Hansı rayonların seçilməsi müzakirə olunaraq qalmaqdadır. Digər önəmli məqamlardan biri isə xüsusi və ya azad iqtisadi zonaların yaradılması məsləsidir. Çünki xüsusi iqtisadi zonalar yaradılan zaman xüsusi güzəştlər verilir, azad iqtisadi zonlar yaradılan zaman isə investisiya bütün vergilərdən azaddır. Hökümət daha çox xüsusi zonaların yaradılmasında maraqlıdır. Çünki xüsusi zonalar vergidən tam azad edilmir. Ümumiyyətlə, xüsusi iqtisadi zonaların həm region, həm forma baxımından seçimi dəqiqləşmədiyi üçün hələlik bu cür zonaların yaradılması mümkün olmur. Ancaq birmənalı şəkildə xüsusi zonların yaradılması Azərbaycana yeni investisiyaların cəlb edilməsi baxımından əlverişlidir. Bu imkan verəcək ki, qeyri-neft sektoruna həm daxildən, həm xaricən investisiyalar cəlb oluna bilsin. Hələlik, xüsusi iqtisadi zonların harada yaradılması barədə müzakirələr gedir".
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin məsələyə münasibəti belə oldu: "Müvafiq sənədlər hazırlanır, xarici təcrübə öyrənilir və lazım olan işlər görülür. Mütəmadi işlər aparılır, artıq xüsusi iqtisadi zonların yaradılması işlərin gedişatının nə vaxt bitməsindən sonra bəlli olacaq. Hələlik dəqiq vaxt bilinmir".
Ekspertlər hesab edib ki, xüsusi iqtisadi zonların yaradılması ümumilikdə ölkənin iqtisadi inkişafına müsbət təsir edəcək. Çünki, qeyd olunduğu kimi belə zonalara böyük investisiyalar qoyulur. Dolayısı yolla həm yerli sahibkarlar, həm əhali, həm də büdcə bundan qazanır. Bu, həm də ölkədə qeyri-neft sektorunun daha sürətli inkişafına və beynəlxalq ticarət imkanlarının genişlənməsinə ciddi təkan verir.